Əvvəllər dənizi heç görməmişdim. Filmlərdə, əsərlərdə tanış olmuşdum böyüklüyü ilə, əzəmətiylə məni heyran etmişdi. Bakıya gələndə ilk dəfə Xəzərə baxdım. Onun dalğalarının nələrlər söylədiyini, pıçıltılarını eşitdim. Anlamağa çalışdım dənizi... Çox düşündüm. Onunla danışmaq istədim. Alındı...
Sonra dənizdə işləyənlərlə maraqlandım. Onların nə qədər şanslı olduğunu hiss etdim. Bir dünyaya açılır onların gəmisi, özündə bir dünyanı barındıran aləmlə tanış olurlar. Dərinliyinə baş vururlar. Günlərlə dənizlə danışırlar. Sükutuyla da, fırtınasıyla da... Bir-birilərinə dərdlərini anladırlar. Bir-birilərini sevirlər. Bir-birilərinin kaprizləriyə barışırlar, bir-birilərinin səhvlərini bağışlayırlar. Onların dünyasına girmək lazımdı, öyrənmək, oxumaq lazımdı...
Yazımın qəhrəmanı, uzaq səfərlər kapitanı Sakit Məlikov dənizi belə anladır:
- Dəniz mənim üçün həm azadlıq, həm də dərinlik simvoludur. Onun sonsuz üfüqləri mənə macəra və yenilənmə hissi verir, eyni zamanda dalğalarının altında gizlənən sirlər və dərinliklər insan ruhunun sərhədsizliyini xatırladır. Dəniz həm sakitlik, həm də güclü fırtınaların daşıyıcısıdır, bu da həyatın ziddiyyətlərini və dəyişkənliyini əks etdirir. Sanki dənizdə hər yol bir səfərdir və bu səfərlər insanın daxili dünyasına da uzanan bir təcrübədir.
Doğrudan da dənizə açılan kimi bir o olur, bir də sən. Sanki dənizlər də insanları tanıyır. Onları sevənləri sevir. Darda qoymur. Kömək əlini uzadır çətin anlarda. Dəniz və insanın dostluğu böyük anlam kəsb edir...
Hərdən dəniz kənarına gedəndə danışırdım onunla. Dərdlərimi anladırdım. Kimsəyə söyləyə bilməyəcəklərimi danışırdım. Bəzən elə sakit-sakit pıçıldayırdı ki... Sanki demək istəyirdi ki, heç mənim də dərdlərim az deyil. Sakitləş, səbirli ol. Bir gün hər şey düzələcək...
Sakit Turac oğlu Məlikov 1959-cu il 6 fevralda Ağdaş rayonunun Ləki qəsəbəsində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib. O, uşaq yaşlarından işin, zəhmətin nə olduğunu dərk edərək böyüyüb. Ailəsində 5 uşaqdan biri olub.
Zəhməti sevənlər, səbirli olanlar həmişə istəklərinə çatırlar. Zəhmət belədi. Onu sevənləri uca zirvələrə qaldırır, şan-şöhrət sahibi edir. Sakit bəyin də uşaqlıqdan belə bir ailədə böyüməsi, zəhmətin hər şeyə qadir olduğunu bilməsi onu arzularına qovuşdurdu.
Orta məktəbi bitirdikdən sonra, 1979-cu ildə Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbini bitirməsi onun dənizçiliyə olan ilk ciddi addımı oldu. Dənizin sərt və məğrur dalğaları onun həyat yolunu açdı, onu formalaşdırdı. O, sadəcə dənizçi olmadı, dənizi hiss etdi, onunla yaşamağı öyrəndi. Daha sonra, 1987-ci ildə Odessada Ali Dənizçilik Məktəbini bitirərək dənizçilik sahəsində daha da irəlilədi. 1980-ci ildə gəmilərdə matros kimi başlayan bu uzun və çətin yol onu nəhayətində Uzaq Səfərlər kapitanı etdi. Ürəyindən bu sözlər keçdi. Sanki Təranə xanım deyil, o yazmışdı bu sətirləri...
Dayan, dəniz, uzaqlaşma, sözüm var,
Səndə olan azadlıqda gözüm var.
Dalğaların qucağına atılım,
Coşan, daşan sularına qatılım,
Apar məni buralardan...
Suyunda üzməyə canlı gəmim var,
Dinlə məni, ürəyimdə qəmim var,
Qoy dibində pəri kimi gizlənim,
Dalğalarda pıçıltıtək səslənim,
Apar məni buralardan...
Səhvlərlə doluyam, min günahım var,
Yaralı könlümdə min bir ahım var,
Hər deyilən xoş yalana inandım,
Bu həyatın çirkabına bulandım,
Apar məni buralardan...
Qəl qaytarma geri, bir mehmanın var,
Sənin dərdlər üçün min dərmanın var,
Alışdım içimdən mən oda yandım,
Nicatım göy sulu qoynunda sandım,
Apar məni buralardan...
Dənizçilər qağayılar kimidi. Qarşıda ölüm olsa belə özlərini dalğaların qoynuna vururlar düşünmədən. Çarpışırlar fırtınayla, çətinliklər, zəhmətlər bir-biriylə yarışır dənizdə... Kapitanın dediklərindən:
- Atlantik okeanında San-Sebastian limanından yük götürüb, Aleksandriya limanına getməli idik. Gəmi yükləndi və çıxışa hazır oldu. Liman iki dağın arasında yerləşirdi. Bələdçini qəbul etdim və bir yedək gəmisinin müşayiəti altında limandan çıxmağa başladıq. Kanaldan çıxmağa az qalmış yedək gəmisini buraxdım. Okeandan da yaxşı zıb gəlirdi. Dedim bələdçini düşürüm, kanalı özüm çıxarım. Kanaldan sonra bələdçini düşürmək çətin olacaqdı. Bələdçini yola saldım və hər iki maşına yüksək sürət verərək kanaldan çıxmağa davam etdim.
Birdən gəmi idarə olunmayan hala gəldi. Maşınlar dayandı. Nə olduğunu anlamağa çalışdım və yanacağa su düşdüyünü öyrəndim. Artıq mənə o qalırdı ki, körpüdə gəminin necə getməsini müşahidə edim. Bələdçi bələdçi gəmisindən bunları görür və bağırırdı: “Kapitan, Go ahead!” Dalğalar isə gəmini dağların üstünə aparırdı. Lövbər vermək mümkün deyildi, çünki dərinlik çox idi. Belə anlarda Allaha yalvarmaqdan başqa ümid qalmır. Bir anlığa bütün həyatım film kimi gözlərimin önündən keçdi. Birdən baş mexanikin maşın şöbəsindən zəngi hər şeyi dəyişdi. “Komandir, maşınlar hazırdır!” Bu kəlmələr mənim üçün dünyada ən əziz sözlər idi. Yolumuza davam etdik…
Hələ də davam edir o yolçuluq...
Və illərdi bir qayğıkeş xanım, bir gözəl ana, həyat yoldaşı, Sakit bəyin ilk və son məhəbbəti Solmaz xanım onun yolunu günlərlə gözləyib. İki övladını böyüdüb. Onun dənizdə yanında olub xəyalən. İstər-istəməz o da dənizi sevib, həyat yoldaşını sevdiyi kimi. Belə anlarda Təranə xanımın şeirini xatırlayıb:
İkimiz də sevirik dənizi. Ancaq sevgimiz fərqlidir.
O, dənizin dalğalarını, fırtınasını sevir, mən sakitliyini.
O, dənizin sonsuzluğunu sevir, mən sahilə toxunan köpüklü sularını.
O, dənizə saatlarla baxır. Mən isə həm ona, həm dənizə baxıram.
O, dənizi sevir, mən isə hər ikisini...
Onun sağ-salamat qayıtması üçün dualar edib Solmaz xanım. Bütün Türk qadınları kimi gecəsini-gündüzünə qatıb, onu gözləyib. Vəfadar, sədaqətli, sevgisinə, ailəsinə, övladlarına ömrünü həsr edən bir türk qadını... Bizim nənələrimiz, analarımız, bacılarımız həyat yoldaşlarının evdə olmamasını övladlarına hiss etdirməzlər. Bütün qayğı, bütün zəhmət onların çiyinlərində olur həmişə. Tarix boyu həyat yoldaşlarıyla çiyin-çiyinə hər sahədə mübarizə aparan qadınlarımızdı... Qeyrətli, namuslu... Bu, onların qanıdadı, içindədi...
Sakit Məlikov uzun illər Xəzər Dəniz Gəmiçiliyində müxtəlif vəzifələrdə çalışaraq, sahənin ən çətin və məsuliyyətli mövqelərini tutmuşdur. Xüsusilə, beş il müddətində Yunanıstanda Gəmiçiliyin ofisinin Baş direktoru olaraq çalışması, onun beynəlxalq səviyyədə də tanınmasına və yüksək peşəkarlıq qazanmasına səbəb oldu. Hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçliyinin Kommersiya İstismar Departamentinin rəis müavini olaraq çalışır, dənizçilik sahəsindəki bilik və təcrübəsini bu vəzifədə də tətbiq edir.
Sakit bəyin həyat yolu zəhmət, əzmkarlıq və dərin sevgi üzərində qurulmuş bir yoldur. O, dənizin sərtliyini mənimsəyib, ailəsinin sevgisi ilə birləşdirərək, özünü həm peşəkar sahədə, həm də şəxsi həyatda formalaşdırıb. Onun hekayəsi hər bir dənizçinin, hər bir zəhmətkeş insanın nümunə götürəcəyi bir həyatdır – dəniz kimi sonsuz, dalğalar kimi qüvvətli və ailə sevgisi kimi dərin...
Sakit Malikovun daha bir sevgisi, tutqusu var. Ədəbiyyatı, sözü, sənəti çox sevir. Kitab oxumaq, mütaliə gündəlik həyatında mühüm yer tutur. Kiçik hekayələr də yazır. Lap elə dənizi sevdiyi kimi sevir yazmağı, onun da dərinliklərinə baş vurur, yolçuluğa çıxır, axtarır...
Hər iki dənizdə yolunuz daim açıq olsun, cənab kapitan!..
Moskva