Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Koroğlu” stansiyasında taktiki-xüsusi təlim keçirib.
525/az-a bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Koroğlu” stansiyasının A-9 yarımstansiyasının soyutma aqreqat otağında kondisionerin kompressorunda qısaqapanma nəticəsində “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
Xilasedicilər tərəfindən xilasetmə və təxliyə işləri başa çatdıqdan sonra platformada şərti naməlum çantanın olduğu barədə FHN-in Böhran Vəziyyətlərin İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən hadisə yerinə gələn Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu və pirotexniklər dərhal fəaliyyətə başlayıb. Ərazidə təhlükəsizlik tədbirləri görüldükdən sonra çantaya baxış keçirilib və heç bir partlayıcı maddə aşkar olunmayıb.
Həmçinin, yeraltı keçiddə digər 2 ədəd naməlum şərti qutunun olduğu və qutuların birindən qırmızı tüstünün çıxdığı müşahidə edilib. Dərhal həmin ərazidə “huşunu itirmiş zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım” göstərilib. Qutuların içində “kimyəvi maddələrin” olması ehtimalına əsasən FHN-in Mülki müdafiə qoşunlarının Səyyar kimya laboratoriyası əraziyə cəlb edilib. Ərazidə kimya kəşfiyyatı aparıldıqdan sonra qutuların ərazidən uzaqlaşdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib, yeraltı keçidin “kimyəvi maddələrdən təmizlənməsi üçün deqazasiya işləri görülüb”.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 10 ədəd texnikası, 2 baş it və 66 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.