|
|
|
|
Aydın Quliyev, jurnalist:
- Yerevandakı Fransa səfiri COP29-a qarşı ölkəsinin apardığı "qara işi" bu cür ifşa elədi...
Fransanın Ermənistandakı səfiri O.Dekotine "X" sosial şəbəkəsində Biomüxtəliflik üzrə beynəlxalq COP17 konfransına Ermənistanın 2026-cı ildə ev sahibliyi edəcəyilə bağlı status yazıb.
Səfir Ermənistanı təbrik edib.
"Bu beynəlxalq tədbir Yerevanın diplomatik mərkəz statusunu daha da gücləndirəcək". Səfirin sözləridir.
Erməni səfirin bu statusu üzərində niyə xüsusi dayanıram? Səbəblər:
1. Noyabrda Bakıda keçiriləcək COP29-la müqayisədə həm miqyasına, həm də məzmununa görə çox kiçik olan COP17-yə Fransanın və Ermənistanın belə böyük önəm verməsi bir daha onu ifadə edir ki, Bakının ev sahibliyi edəcəyi COP29 və Bakının diplomatik mərkəz statusu qat-qat artıq möhtəşəmdir.
2. Fransanın Ermənistanın və dostlarının COP29 əleyhinə aylardan bəri apardığı iş Azərbaycanın dünyadakı mövqeyinin daha da güclənə biləcəyindən doğan narahatlıqla bağlıdır.
Fərid Pərdəşünas, texnobloger:
- Bu səhifələrin Xankəndi Universitetində olan tələbələrin əyləncəsini paylaşıb, söydürmək istəyi nədir belə? İnsanlar da utanmadan övladları yaşında olan uşaqları təhqir edirlər ki, "niyə oynayırlar?", "niyə kabab yedilər?", "niyə bu musiqiyə qulaq asdılar?"
Xankəndi Universitetində tələbə oxuyacaq da, oynayacaq da, əylənəcək də, nə bilim iki tələbə gizli bir yerdə qucaqlaşacaq da, bir neçə tələbə yığışıb qəlyana gedəcək, "Playstation" oynayacaq, nə bilim dərsindən qaçanı, kəsiləni, bir sözlə, tələbənin başına gələcək hər şeyi yaşayacaq. Bura universitetdir və onlar da tələbə.
Bakıda, regionlarda nə baş verirsə, işğaldan azad olunan yerlərdə də onlar baş verəcək. Bu nə eqoist davranışdır ki, kiməsə nəyisə qadağan etməyə çalışırsınız?
1-ci kursda guya siz Bethovenə qulaq asmısınız? Ya nüvə araşdırmalarından kurs işi yazmısınız? Nədir bu başqalarının üstünə gözlənti yıxmaq fetişi? Elə bil uşaqların yerinə bunlar bal yığıb, ora girib.
Uşaqların ola bilər zövqü yoxdur, hələ dünya görüşləri tam formalaşmayıb. Amma bu bizim müzakirə edəcəyimiz məsələ deyil də. Hamı elə başlayır. Universitet və sosiallaşma rəndələyib, düzəldir.
Adil Vəliyev, karyera üzrə mütəxəssis:
- Qarabağ Universitetində tələbələr kabab çəkib rəqs etdikləri video paylaşılmışdı və tənqid edənlər də az deyildi. Bir şeyi başa düşmürəm ki, bu universitetdə təhsil alan 1-ci kurslardan camaat nə gözləyir?
Bu universitetin Bakıdakı universitetlərdən fərqi, mənəvi tərəfinin və coğrafi mövqeyinin fərqli olmasıdır.
İllərdir bu uşaqlar tələbə adını qazanmaq üçün gecə-gündüz çalışıblar. İcazə verin gəncliklərini yaşasınlar da.
Bu arada, mən Qarabağ Universitetinin əməkdaşı olsaydım, qoşulardım o gənclərə...
Elxan Şahinoğlu, politoloq:
- Avropa İttifaqı Yaponiyanı qoruya biləcəkmi?
Avropa İttifaqı ilə Yaponiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq paktının imzalanması köhnə qitənin maraqlarının sərhədləri aşdığını göstərir. Bu pakt gələn ilin yanvarın 1-də qüvvəyə minəcək. Tokioda təhlükəsizlik paktını imzalayan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Josep Borrell Yaponiyanın paytaxtında eyni zamanda strateji dialoqun ilk iclasında iştirak edib. Borrell Yaponiyanın xarici işlər naziri Takeşi İvaya ilə görüşdə Avropa İttifaqı ilə Yaponiya arasında təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsi məsələlərini müzakirə edib. Avropa İttifaqının rəsmisi Yaponiyanın müdafiə naziri Gen Nakatani ilə görüşdə dəniz və kibertəhlükəsizlik, eləcə də kosmos sahəsində əməkdaşlığı müzakirə edib. Borrel müzakirələrdən sonra şəxsi səhifəsində təhlükəsizlik paktını əhəmiyyətini belə izah edib: "Avropa İttifaqı ilə Yaponiya arasında münasibətlərin dərinləşməsi hər iki tərəfin əhalisini daha təhlükəsiz gələcəyə doğru aparacaq".
Yaponiyanın təhlükəsizliyi ilə bağlı artan narahatlığı bir neçə amillə əlaqəlidir. Çin bölgədə hərbi gücünü artıb, dəniz qüvvələrini gücləndirib, yeni sualtı gəmilər istehsal edib, Çin Rusiya ilə birgə dənizlərdə birgə hərbi təlimlərin sayını artırıb, Şimali Koreyanın raket sınaqları narahatlıq doğuran digər amildir. Yaponiyanın ABŞ-la strateji müttəfiqliyinə və bu dövlətlə müxtəlif regional birliklərdə iştirakına baxmayaraq, Tokio əlavə təhlükəsizlik təminatlarına ehtiyac duyur. Rusiyanın Ukrayna ilə apardığı müharibə fonunda Çinlə hərbi ittifaqı gücləndirməsi Tokionu ciddi narahat edir. Məsələ burasındadır ki, Rusiya-Ukrayna müharibəsi Tokionun Kremllə münasibətlərini xeyli dərəcədə gərginləşdirib. Rusiyanın Çinlə birgə Yaponiya sahillərində hərbi təlimlərin miqyası genişlənib. Kremli Çinin Tayvan adasını nəzarətə götürmək siyasətinə dəstəyini artırıb.
Avropa İttifaqı hərbi təşkilat deyil, silahlı qüvvələri yoxdur. Bu baxımdan Avropa İttifaqının Yaponiyanı necə qoruyacağı sual altındadır. Yaponiyanın birgə hərbi təlimlərə, hərbi əməkdaşlığı dərinləşdirməyə ehtiyacı var. Bu Avropa İttifaqının imkanı xaricindədir. Buna baxmayaraq, Tokioda hesab edirlər ki, Donald Tramp yenidən ABŞ prezidenti seçilərsə, Vaşinqtonun Yaponiyanın müdafiəsinə marağı azala bilər. Buna görə Tokio alternativlər axtarmaq məcburiyyətindədir. Ancaq Avropa İttifaqı hərbi blok deyil və bölgədə vəziyyətin gərginləşəcəyi halında Yaponiyanı qoruyacaq alətlərə malik deyil.
Səadət Məmmədova, jurnalist:
- Bu gündən Azərbaycanda yeni telekanal fəaliyyətə başlayır - ANEWZ.
ANEWZ beynəlxalq kanaldır və yayım ingilis dilindədir, burada qlobal xəbər və analitika sahəsində alternativ baxış təqdim ediləcək. Həftənin 7 günü, 24 saatlıq efir yayımında - Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun xəbərləri yer alacaq.
12-dən çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanan ANEWZ peyk, rəqəmsal, sosial media kanalları vasitəsi ilə izlənilə bilər. Kanalın əsas məqsədlərindən biri də Azərbaycanda ingilisdilli jurnalistikanın inkişafına töhfə verməkdir.
Kanala rəhbərlik edən Rüfət Həmzəyev olmaqla burada çalışan bütün həmkarlara uğurlar və ən qısa zamanda hədəflərinə çatmağı arzu edirəm. Xeyirli, uğurlu olsun!
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- COP29-un texniki-texnoloji təminatı necə olacaq, konfrans zamanı İT infrastruktura və dövlət resurslarına kiber hücumlar artacaqmı?
Xatırlayıram ki, bir neçə ay öncədən BMT-nin xüsusi qurumları COP29-un texnoloji təminatını və kiber təhlükəsizlik məsələlərini araşdırırdılar. Hansı risklərin ola biləcəyi öncədən öyrənilirdi.
COP29 çərçivəsində qurulan infrastrukturun, şəbəkə və xidmətlərin təhlükəsizliyi müxtəlif sınaqlar vasitəsilə yoxlanışdan keçirilib, simulyasiya sınaqları aparılıb, texnoloji hazırlıqlar dəyərləndirilib.
Simulyasiya və sınaqlar 15 gün çəkib. Prosesin uğurla başa çatdığı bildirilib.
Ötən günlər COP29 tədbirlərinə hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında COP29-un informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələlərinə cavabdeh qurum olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbəri, general İlqar Musayev bu istiqamətdə hazırlıq işlərinin başa çatdığını bildirb.
Xatırladıram ki, COP29-la bağlı İnformasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının nəzdində işçi qrup yaradılıb.
COP29-un əsas və ehtiyat data mərkəzləri XRİTDX-nin Məlumat Mərkəzində yerləşdirilib. Tədbirlər keçirilən Olimpiya Stadionu ərazisində olan internet təminatı da XRİTDX-nin nəzarətində olan "AzStateNet" dövlət provayderinin kiberhücumlardan qorunan şəbəkəsi vasitəsilə reallaşacaq.
Avadanlıqların və xidmətlərin kiberhücumlardan qorunması məqsədilə birgə tədbirlər görülüb.
COP29-un əsas informasiya resursu - COP29.az saytı və elektron poçt servisi xüsusi olaraq dövlət hostinq və mail sisteminə miqrasiya edilib və daimi nəzarətdədir.
Qurum eyni zamanda monitorinqlər aparır, COP29 tədbiri ilə bağlı müxtəlif hədəfli saxta resursların aşkara şıxarılması və bloklanması üçün zəruri tədbirlər görür.
COP29-un kibertəhlükəsizliyinin daha peşəkar təminatı məqsədilə XRİTDX-nin əməkdaşları Almaniyada bir həftəlik xüsusi təlim və təcrübə mübadiləsinə cəlb edilib.
COP29 Konfransının İT infrastrukturunun qurulması və kibertəhlükəsizlik tədbirlərinin icrası "Cyberpoint" şirkətinə həvalə olunub. Şirkət Azərbaycanın kibertəhlükəsizlik sektorunda ən öndə gedənlərdən hesab olunur.
Tədbirlər keçirilən ərazidə telekommunikasiya infrastrukturunun və server infrastrukturunun təminatı, avadanlıqların qurulması və məlumat mübadiləsi təşkilini, kibertəhlükəsizlik təminatını bu şirkət reallaşdıracaq. Bildiyim qədər daha çox "Cisco" avadanlıqlarına üstünlük verilib.
COP29-a hazırlıq çərçivəsində Olimpiya Stadionu ətrafında "Azercell", "Bakcell" və "Nar" mobil operatorlarının, eyni zamanda ölkəyə internet gətirən üç magistral provayderin, "Delta Telecom", "AzerTelecom" və "Aztelecom"un dayanıqlığının gücləndirilməsi üçün də əlavə tədbirlərin görüldüyü bildirilib.
COP29 zamanı kiber hücumlar artacaqmı?
Əvvəlki COP tədbirlərinin təcrübəsi göstərir ki, müxtəlif qruplar beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün COP tərbirləri zamanı müxtəlif tədbirlər reallaşdırmağa çalışırlar,
Düşünmək olar ki, həm ənənəvi qlobal ekoloji problemlərlə bağlı və həm də bu tədbirin Azərbaycanda təşkilindən qıcıqlanan tərəflərin olduğunu nəzərə alsaq COP29 ərəfəsində və tədbirlər keçirilən zaman kiberhücumların da xeyli artacağını gözləmək olar.
Eyni zamanda düşünürəm ki, bu arada dövlət qurumlarının informasiya resurslarına da, müxtəlif kommunikasyia şəbəkələrinə də kiber təhdidlərin artacağını proqnozlaşdırmaq olar.
Beləliklə, müşahidələr onu deməyə əsas verir ki, COP29-un texniki-texnoloji təminatı və kibertəhlükəsizlik təminatı ilə bağlı peşəkar komanda tərəfindən xeyli işlər görülüb. Dayanıqlığın yoxlanılması üçün testlər, simulyasiyalar və auditlər aparılıb.
Bütün bunlar isə düşünmək üçün əsas veri ki, COP29 zamanı texniki-texnoloji təminatda və kibertəhlükəsizlik məsələlərində ciddi problemlər olmayacaq, COP29 İT komandası qarşıya qoyulan vəzifəni uğurla yerinə yetirə biləcək.