|
|
|
|
Oqtay ABBAS,
ADU-nun dosenti
Yazıçı Novruz Nəcəfoğlu işıq üzü görmüş romanlarından birinə "Nağıl adam" kimi poetik bir ad verib. Əsəri oxuyub başa çatandan sonra görürsən ki, ad düzgün seçilib. Oxucular müəllifin başqa janrlarda yazıları ilə də tanışdırlar. Bir-birindən maraqlı povestləri, hekayələri, publisistik əsərləri həmişə marağa səbəb olub. Bu tanışlıqdan məmnun qalanların, yazıçının digər əsərlərini oxumaq istəyənlərin sayı çoxdur. İlk səbəb, fikrimcə, həmin əsərlərin mövzusunun real həyatdan götürülməsidir. Amma bildiyimiz kimi, mövzunun həyat hadisələrindən götürülməsi hələ işin hamısı demək deyil. Həmin hadisələr yüksək bədii zövq və üslub rəngarəngliyi ilə təsvir olunmadan reallıqdan alınmış hadisələr solub saralır, oxucunu yorur, cansıxıcı sözlər toplusuna çevrilir. N.Nəcəfoğlunun əsərlərində bu xüsusiyyətlər məharətlə nəzərə alınır. Hadisələr, reallıqlar oxucuya səmimi, eyni zamanda yüksək bədii məharətlə təqdim edilir, adamda özünü o hadisələrin içində olmuş kimi bir assosiasiya yaradır.
İkinci səbəb kimi yazıçının ədəbiyyat qarşısında qoyulmuş əbədiyaşar bir vəzifəyə sadiqliyi, əsər üzərində işləyərkən bunu unutmamasıdır: N.Nəcəfoğlu əsərin bədii təsvir üslubunu, gözəlliyini mənəvi dəyərlərlə, xalqın min illər ərzində formalaşdırıb bizə çatdırdığı keyfiyyətlərlə vəhdətdə verir, bədii- estetik təsirin mükəmməl bir nümunəsini yaradır. Adı çəkilən romanda - "Nağıl adam"da da yazıçı bu ənənəni bir qədər fərqli, amma maraqlı formada davam etdirir.
Bəlkə elə göstərilən səbəblərdəndir ki, müəllifin qələm məhsulları oxucu qıtlığı çəkmir, əsərinin qəhrəmanları tezliklə kitabsevərlərin qəlbinə yol tapır.
"Nağıl adam"ın (Bakı, 2016. "ATV". 192 səh.) qəhrəmanı bizimlə bir zamanda yaşayan, gözəlliklərdən zövq alan, çirkinliklərin yanından biganə keçə bilməyən bir insandır. Əslində onu - Aydın Tağıyevi bədii ədəbiyyata könül vermiş oxucularımız yaxşı tanıyırlar. Yazıçıdır, doğma Azərbaycanımızın gözəl bir guşəsində - Şabranda yaşayıb-yaradır. Əsərləri həm kitab şəklində, həm də dövrü mətbuatda müntəzəm olaraq çap olunur. Geniş oxucu auditoriyası var, sevilir. Belə bir adam haqqında yazı, özü də roman yazmaq fikrinə düşmək, onu oxuculara təqdim etmək, əlbəttə, ikiqat məsuliyyətdir.
"Nağıl adam"ın məhz tanınmış yazıçıdan, hekayə ustadı Aydından bəhs etdiyini biləndə, ədəbi mühitdə yaxşı tanınan adamdan roman janrında əsər yazmaq bir qədər qəribə, inanılmaz kimi gəldi mənə. Əsəri oxumağa başladım. Bir də (indi haqq dünyasında olan!) həyat yoldaşımın: - Yeməyinin vaxtı keçir, dur şam elə, sonra davam edərsən, - sözlərini eşidəndə, birnəfəsə oxuduğum mütaliəni saxladım. Saata baxdım. Az qala 3 saata yaxındı ki, oxuyurdum. Kitab həm adına, həm qəhrəmanına, həm də öz müəllifinin yaradıcılığının layiqli bir nümunəsi idi. Cəlbedici üslubda yazılan, maraqlı bədii priyomlardan məharətlə istifadə edilmiş romanda çoxdan tanıdığım Aydının, əsərin obrazının hələ nə qədər maraqlı sirləri gizlənirmiş... Bu sirləri yazıçı N.Nəcəfoğlu şirin bir dildə, real həyat hadisələrini qeyri-adiliyə çevirərək oxuyucuya nəql edir.
Bədii ədəbiyyat ayrı-ayrı fərdlərin insan kimi formalaşmasına kömək edən ən təsirli vasitələrdəndir. Yazıçı Novruz Nəcəfoğlu da "Nağıl adam"ı ərsəyə gətirməklə qarşısına mənəvi baxımdan olduqca vacib bir məqsəd qoyduğunu etiraf edir, (Ümumiyyətlə, N.Nəcəfoğlunun, yuxarıda yazdığım kimi, əsərlərində mənəviyyat məsələləri, insan əxlaqı ilə bağlı problemlər həmişə qabarıq verilir) insan üçün ən vacib keyfiyyətlərdən biri - dostluq geniş təsvir olunur. Dostlarının ümidlərini nə dərəcədə doğrulda bilib-bilməməsinin onu narahat etdiyi aydın görünür. Haqqında danışılan kitabda özünün yazdığı kimi, "Müdriklərin tövsiyəsidir: "Dostlarının olması üçün gərək özün dost olmağı bacarasan". Mən bunu bacardımmı?! Sevdiyim insanlara - dost bildiklərimə və məni özünə dost bilənlərə ithaf etdiyim bu romanla həmin suala cavab tapmağa çalışmışam".
Yazıçının dostlarından birinə həsr etdiyi romanı elə insanlıq qarşısında hesabat kimi də qəbul etmək olar. Yazıçı qəhrəmanını təqdim etmək üçün maraqlı bir yol seçib, bu yola "kəsə yol" və ya "birbaşa "tanıtım" da demək olar: "Dostum Aydın Tağıyev bir ara hər görüşümüzdə həsbi-haldan sonra, şəhərin Əmirxanlı məhəlləsindəki bəlkə də Şabranın özü qədər qədim qəbiristanlığının köhnə hasarından söz salır, uçulan o çəpərə əl gəzdirməyin vacibliyini özünəməxsus yumşaq tərzdə, bəzən birbaşa, bəzən də dolayısı ilə mənə xatırladırdı". Bəli, qəhrəmanın ilkin, lakin xarakterik xüsusiyyəti bu kiçik parçada ustalıqla ifadə olunur. Yüzillərlə babalarımızın, ulularımızın dəyər verdiyi keyfiyyətlərdən biri olub dostluq. Bu keyfiyyətlə bağlı müdrik ifadələr, atalar sözləri, şeirlər yaranıb. Hər şey deyilibmi? Yəqin ki, yox. Xüsusilə indi, mənəvi keyfiyyətlərə, o cümlədən dostluğa münasibətin arzuolunmaz dərəcədə dəyişməsinin göründüyü vaxtda bu barədə söz deməyə ehtiyac daha da artıb.
Hələ ki fikrin, sözün alt qatındakı mənanı axtarmağa ehtiyac yoxdur. Aydını tanıyanlar tanıyır. Amma tanımayanlar bu kitabı mütaliə edəndə Aydının başqalarının qayğılarını özününkü bilməsinin, imkanı sərhədlərində onların köməyinə gəlməyə can atmasının onun başlıca xüsusiyyətlərindən biri olduğunu yəqin edəcəklər. O, gözünün qarşısında mövcud olan problemləri çoxları kimi görməzliyə vurmur. Əksinə, imkan düşən kimi bu problemi aradan qaldırmağa gücü çatan, ixtiyarı olan adamın (adamların) diqqətinə çatdırır. Görünür, "şikayəti dinləyən" də ayıq adamdır, dünyanın gəliş-gedişini biləndir. Dostu olsa da, bir daha "sınağa" çəkir onu. Yoxlayır, görsün, onun müraciəti təsadüfi hisslərlə bağlıdır, yoxsa daxili bir narahatlıqdan artıq, tarixi status almağa layiq "köhnə qəbiristanlığın" taleyini düşünür. Əslində sualın bir qədər çətin sezilsə də, cavabı var. Yazıçı qeyd edir ki, "bir ara hər görüşümüzdə" Aydın bu məsələyə qayıdırdı.
Artıq yazıçı istəyinə nail olub. Oxucuda "Nağıl adam"la bağlı, elmi əsərlərdə deyildiyi kimi, "motivasiya" yarada bilib.
Yazım ki, oxucuda maraq oyatmaq üçün seçilmiş bu üslub yerinə düşüb. Adətən, ümumiləşdirmələr əsərin sonunda aparılır. Amma yazıçı başqa yol seçib. Özü də seçdiyi yolun doğruluğuna dərin bir inamla buna gedib. Nə üçün bu qənaətdəyəm? Ona görə ki özüm də Aydını yaxşı tanıyıram. Bilirəm, tərəddüd etmədən şəxsi probleminin həlli üçün deyil, adətən, başqalarının ehtiyacları üçün ağız açır kiməsə. Ümumiyyətlə, Aydın ağız açmağı, nəsə istəməyi dilinə çətinliklə gətirən adamlardandır. Görünür, utanır. Əxlaqı buna yol vermir. Əxlaq dedim, tanınmış ədəbi tənqidçi, azərbaycanşünas alim, Dövlət Mükafatı laureatı professor Nizaməddin Şəmsizadənin dediyi bir fikir yadıma düşdü: Əxlaqlı olmaq insanlıq üçün qorxuya çevrilməkdədir.
Təhlükəli həqiqətdir bu. Amma reallıq olduğu açıq-aydın görünür. Belə bir zamanda Aydın kimi insanların olması (yaxşı ki, onlar tək deyil) adamda nikbinlik, inam yaradır. Fikirləşirsən ki, hələ hər şey itirilməyib. Bir yaxşıya görə bəzən Allah neçə günahkarı bağışlayır. Üstəgəl, var-dövlət qazanmaq, şöhrətin daha yüksək pilləsinə ucalmağa imkanı ola-ola bunu etməyib, Aydın kimi sadə, "başını aşağı salıb öz işini görən" adamdakı yaxşı cəhətləri görməyi bacaran, bu keyfiyyətləri roman səviyyəsində ümumiləşdirən N.Nəcəfoğlu kimi yazıçıların mövcudluğu da insana gözəl anlar, xoş məqamlar yaşadır.
Yeri gəlmişkən, yazının başlığında istifadə etdiyim "gecikmiş yazı" ifadəsindəki məqam da belə bir dəyərlə bağlıdır. "Nağıl adam" romanının nəşr olunmasından xeyli vaxt keçir və bu əsərlə mən nəşrindən az keçmiş tanış olmuşam. Ürəyimdə roman haqqında düşüncələrimi qələmə almaq fikri də yaranmışdı. Lakin həmin dövrdə N.Nəcəfoğlunun mənim doğulduğum rayonda məsul bir vəzifədə çalışması tərəddüdümə səbəb olub. Düşünmüşəm, ətrafdakılar düzgün qəbul etməzlər.
Bədii söz vasitəsi ilə ifadə olunmuş fikir digər fikirlərdən daha çox yaşayır. Mətbuatda Aydın haqqında tənqidi-publisistik yazılar çap olunub. Belə yazıların Aydının tanınmasında, elə bədii fikrin, ədəbi tənqidin formalaşmasında da müəyyən rolu var. Belə məqalələrdən birini də bir vaxt mən yazmışdım. Amma ürəklə demək olar ki, "Nağıl adam"dakı səmimiyyət, bədii cəhətdən məharətlə ümumiləşdirilmiş təsvirlər daha zəngindir.
Bəlkə də, oxucuya qəribə gələr. Qələm sahibi yazıçı olmazdan əvvəl insan olur. Əgər o insanlığını həyat yolundakı müxtəlif ziddiyyətli situasiyalarda qoruyub saxlaya bilirsə, yazılarının, qələmindən çıxan əsərlərin seviləcəyi şübhəsizdir. Sayılıb-seçilən bir vəzifə sahibi olan N.Nəcəfoğlu "Nağıl adam"ı qələmə alanda, romanın qəhrəmanı həmin dövrlərdə adi bir işdə çalışırdı, məktəb psixoloqu idi. Amma bu amil yazıçıya gənclik illərindən üzü bəri dostluq etdiyi Aydına münasibətinə nəinki mane olub, əksinə, bu dostluğu daha da möhkəmləndirib, biraz da yaxşı tanımağa və deməli, onun haqqında daha mükəmməl bir bədii əsər yaratmağa imkan verdi.
Aydın özü danışır: "Xeyli müddətdi, görüşmürdük. Vəzifələrdə çalışdığından görüşməyə tərəddüd edirdim. Yaşadığım rayona icra başçısı gələndə çox adam dedi ki, get yanına, heç olmasa təbrik et. Getmədim. Onun yanına getməyimi adamların yaxşı qiymətləndirməyəcəklərindən, "vəzifəsinə görə getdi" düşünəcəklərindən çəkinirdim".
Aydının söhbətlərində eşitdiyim bu sözlər N.Nəcəfoğlunun "Nağıl adam"ında elə nağıl dilində, bir qədər yüyürək, bir qədər kövrək şəkildə təsvir edilir. Yəqin edirsən ki, hər iki dost ayrı-ayrılıqda görüşlərinin "baş tutmamasının" səbəbini yaxşı bilir. Biri "getsəm, "vəzifə sahibidir" deyib məni qınayarlar", düşünür, o biri isə fikirləşir ki, dostluğun vəzifəyə nə dəxli var, axı biz vəzifədən qabaq dost olmuşuq...
Yazıçı məharətlə insanlararası dostluq, onun davamlığı, adamı daxilən saflaşdırması, başlıcası isə, başqalarına nümunə olması kimi bəşəri bir missiya daşıdığı barədə təsəvvür formalaşdırır, İstər-istəməz belə bir suala cavab axtarırsan: Görəsən, mən dostlarıma layiq ola bilmişəmmi?
Yazıçı Novruz Nəcəfoğlu bəzən fikrini daha qabarıq çatdırmaq üçün bədii əsərlərdə az istifadə olunan elmi yanaşmalardan, müqayisələrdən, tutuşdurmalardan, təhlillərdən, hətta sitatlardan istifadə edir. Belə yanaşmalar da əsərin bədii dəyərini daha da artırır, oxucunu xəyalən müəllifin yaşadığı hisslərə yaxınlaşdırır. Budur, oxuyuruq: "Görkəmli yazıçımız Seyran Səxavətin sözləridir: "Bütün qələm əhli bir-biri ilə qohumdur". Sonra öz flkrini çatdırır: "Düşündürücü olduğu qədər də real, həqiqətə uyğun yanaşmadır, öz anlamında qəbul ediləsi aforizmdir".
Romanın tam mətnindən N.Nəcəfzadənin bu yanaşmasının məqamını duymaq olur. Yazıçı sanki çatdırmaq istəyir: Aydınla dostluğunun bu dərəcədə möhkəmlənməsinin, ömürlük olmasının səbəbi təkcə "xasiyyətlərinin tutması" ilə bağlı deyil, hərçənd bu da az rol oynamır, amma daha çox hər ikisinin yaradıcı adam olmasında, insanlıq üçün müqəddəs olan sözə könül vermələrindədir: "Şəxsi münasibətdə, elə qiyabi zəmində də Aydın üçün yazıçı ünvanı müqəddəs bir anlam daşıyır. Aydın bütün yaxşı yazıçıları sevir, öz həmyerlilərini də elə onlar qədər. O əczaçı, farmasept Aydın Tağıyevin şeirləri bir vaxtlar Lerikdə çıxan "Bolluq uğrunda" qəzetindən uzağa getməsə də, yaşadığı eldə-obada tanıyanların, dostlarının arasında həmişə sevilə-sevilə oxunub, müəllifini şair kimi də tanıdıb. Elə indi də Aydın Cehi oğlu daha çox şair kimi yadda qalıb, beləcə xatırlanır". Romandan gətirilən bu nümunə N.Nəcəfoğlunun bir yazıçı kimi əsərinə daxil etdiyi süjetləri məharətlə əlaqələndirməsindən, romanın süjet xətti ilə incəliklə uzlaşdırması bacarığından soraq verir: "Nağıl adam"ın qəhrəmanın adı Aydın, soyadı Tağıyevdir. Tələbəliyini başa vurub artıq ədəbi aləmdə tanınan bu gənc yazıçı, müəllim kimi təyinatla Lerikə işləməyə gəlir. Bir gün burada aptekdən dərman almağa girəndə sonradan aralarında dostluq münasibətləri yaranan "farmasept"lə tanış olur. Onun da adının Aydın, soyadının Tağıyev olması dostluq münasibətlərində heç bir rol oynamayıb, demək olmaz. Amma əsl səbəbi yazıçı N.Nəcəfoğlu bir qədər fərqli təqdim edir. Göstərir ki, adaşının şair olması, şeirlər yazması, hətta mətbuatda çap edilməsi Aydınları yaxınlaşdıran, ömürlük dosta çevirən amildir. Doğrudur, "ağ su"ya "qayğılı münasibətə" də müəyyən yer ayrılır. Amma bu epizod iki yaradıcı adamın əsas xüsusiyyəti kimi yox, onların yazıçılıqlarını nümayiş etdirmələrinə bir motivasiya kimi romana daxil edilir.
Epizod, əslində əsərin ideya dəyərinə uyğun verilmiş təsvir, oxucuya qəhrəman Aydının dostluqda, halal çörək kəsdiyi adamla münasibətdə necə bir sədaqətli insan olduğunu çatdırır: "Aptekdə görüş"ün bünövrəsi keçən əsrin təxminən yetmişinci illərində qoyulub. İndi 21-ci əsrdir, il də 2024. Aradan uzun illər keçib. Amma Aydın xasiyyətinə uyğun olaraq dostluqda sədaqətini nümayiş etdirməkdədir. Diqqət çəkən isə belə incə, bir qədər də emosional deyilsə, həssas münasibətlərin romanın müəllifi tərəfindən bədii zövqlə, estetik-mənəvi təsiri nəzərə alınaraq verilməsindədir.
Janrından asılı olmayaraq bədii əsərdə zaman və məkan məfhumlarının sadə şəkildə, başadüşülən formada ifadə olunması həm zəruri, həm çətin vəzifələrdəndir. Nəticənin, xalq üçün müqəddəsləşmiş dəyərlərin mahiyyətinin bunların qovuşuğunda, vəhdətində mövcud olması bədii sözün təsirini artırır, oxucuya yazıçı ideyalarının sonsuz qatlarından daha yaxşı xəbərdar olmağa imkan açır. Hesab edirik ki, yazıçı "Nağıl adam" adlı bu romanında bu məqsədə məharətlə çatıb.
Roman kövrək olduğu qədər də maraqlı bir sonluqla tamamlanır. Müəllif yenə Aydının təşəbbüsü ilə baş tutmuş tədbirdən söz açır, öz qəhrəmanına müraciət edərək yazır: "Əzizim Aydın, yetər bu təvazökarlıq, razı ol, həm də özün işə qarış, qoy yaradıcılığının əsas nümunələri seçilib külliyyat şəklində çap olunsun. "Kiril"də qalan yazıların da o keçmiş donundan çıxıb bugünün oxucusuna çatsın, rahat-rahat oxunsun. Qoy yeni nəsillər də sənin bal dadan o bədii dilinin tamını doya-doya alsınlar".
Hörmətli Novruz Nəcəfoğlu! Mən də Sizə özünüzün üslubunuzla müraciət edirəm: Aydın Tağıyev mənim də dostumdur, həm də əsərlərini "isti-isti" oxuduğum dostum! Bütövlükdə ədəbiyyat tarixində qalacaq yazıçıdır. Onun haqqında həqiqətən nağıl qədər şirin, ibrət götürüləsi hadisələrlə zəngin bir əsər ortaya qoymusunuz. Belə əsərlərə indi insanların çox ehtiyacı var. Ona görə də Sizə yaradıcılığınızda yeni-yeni uğurlar arzu edirəm. İnanıram ki, başqa Aydınsevərlər də mənə qoşularlar.
Şabran, Çaraq. Avqust 2024