|
|
|
|
Xalisə MƏMMƏDOVA
Dörd ildir ölkəmiz Zəfər bayramını qeyd edir. Azərbaycanın əzəli torpaqlarının azadlığı uğrunda başladığı əks-həmlə hücumu nəticəsində 44 gündə əldə edilən möhtəşəm ZƏFƏR xalqın və dövlətin böyüklüyünün, ordunun qüdrətinin və qanunun gücünün nümayişi oldu. Ordumuz Füzuli istiqamətində düşmənin hiyləgərcəsinə qurduğu istehkamları məhv edərək döyüş meydanında böyük üstünlük qazandı. 44 günlük Vətən müharibəsinin 20 gündən çoxu Füzuli rayonunda keçdi. Həmin istiqamətlər üzrə düşmənin müqavimətini qırmaq döyüş planlarının həyata keçirilməsini daha da əlverişli etdi. Füzuli şəhərinin azad edilməsi azadlığa açılan qapımız, bizi Şuşamıza aparan yol oldu. Sıldırım qayaların yolçusu olan igid oğullarımız Vətən sevgisi, mənəvi gücü, döyüş əzmkarlığı və cəsurluğu ilə düşmənin kabusuna çevrildi. "Əgər komandirin, əsgərin cəsarəti, qəhrəmanlığı, qorxmazlığı olmasa, ən müasir döyüş texnikaları belə işə yaramaz" - Şuşa uğrunda gedən döyüşlərdə bunun bir daha şahidi olduq.
Ordumuz tərəfindən əldə edilən düşmən xəritəsində xarabalıqlar adlandırılmış Cəbrayıl və Füzulinin hər qarışının bizlər üçün nə qədər müqqəddəs, nə qədər doğma olduğunu düşmən təsəvvürünə belə gətirə bilməzdi.
Zəfər bayramı günü - doğulduğu kəndi, ev-eşiyi xatırlamayan, qaçhaqaç düşəndə anasının qucağında qaranlıqda qarlı-şaxtalı meşədə qaldıqları günü yuxu tək xatırlayıb heç vaxt unutmayan, düşmənə əsir düşməmək üçün ayaqyalın, başıaçıq ağacların, kolların arasında meşədən çıxmağa yol axtaran, atəş səsindən, adi bir xışıltıdan hürküb hər an öldüyünü zənn edən, neçə illərdən bəri bir gün o yerlərə qayıdacaqları günün ümidi ilə yaşayan, bir tək evinin açarını götürüb yurduna üz tutan o insanların günüdür. Torpaqları işğaldan azad edildikdən sonra evini, yurdunu tapmayan, hətta xatirələrindən belə iz qalmayan o köçkünlərin günüdür.
Zəfəri əldə etmək hərbi sahədəki xidmətlərin tanınması baxımından da xalqımız üçün böyük qürurdur. Bu zəfər həm də heyranlığın rəmzi oldu - döyüşkənliyimiz, birliyimiz bütün dünyanı heyrətə gətirdi. Dünya hələ heç bir döyüş meydanında belə oğullar görməmişdi, o oğullar ki, onları tarix tək-tək yetişdirər - onların sayəsində biz bu gün qürur tariximizi qeyd edirik.
Əslində bu bayram günü - ürəyinə ömürlük övlad dağı çəkilən ata-anaların günüdür. Evlərində həmişə bir əskiklik, qəlbində əbədi bir qırıqlıq hiss edən bacı-qardaşların günüdür. Ata kəlməsinə bir ömür qibtə edəcək övladların günüdür. Sevdiyi insanı, ailəsini itirərək heç yerə sığmayan, hətta özünü doğulub böyüdüyü ata evinə belə aid edə bilməyən bəxti şəhid qadınların günüdür. Və bu günü bizlərə bəxş edən qəhrəmanlar var ki, bu gün ən çox, ən çox onların haqqıdır. Şəhid, Qazi və Veteran oğullar, bu Vətənin torpağı, suyu, havası halalınız olsun!
Bu möhtəşəm Zəfəri canı ilə, qanı ilə yazan, ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bəxş edən baş tacımız - ŞƏHİDLƏRİMİZ, bu gün sizin gününüz deyil, Sizlər bu günün, bu zəfərin, bu qürurun, bu möhtəşəmliyin ÖZÜSÜNÜZ! Bu gün sizin ruhunuzdadır!
Və sizlərin sayəsində bu gün bizlərin günüdür. Sizlərin sayəsində bu bayram bütün azərbaycanlıların, ürəyi Azərbaycanla döyünən, Azərbaycanı sevən hər kəsin günüdür. 8 noyabr Zəfər Günü hər bir Azərbaycan vətəndaşı üçün, dövlət və cəmiyyət üçün bayramların ən zirvəsindədir.
İllər, əsrlər keçsə də, qaliblik ruhu bu xalqın ürəyindən heç vaxt silinməyəcək!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qarabağ Azərbaycandır!