|
|
|
|
Bakıda Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Gününün 70-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.
525.az xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndikdən sonra çıxış edən Əlcəzairin Azərbaycandaki səfiri xanim Zəkiyyə İğil deyib ki, Azərbaycanda ilk dəfə bu axşam, burada Milli Günümüzün qeyd olunması münasibətilə qarşınızda çıxış etməkdən böyük şərəf və məmnunluq duyuram.
“Bu gün biz Əlcəzairin tarixində mühüm mərhələni özündə ehtiva edən şanlı 1 noyabr İnqilabının 70-ci ildönümünü qeyd edirik. Zalım müstəmləkəçiyə qarşı yeddi il yarım davam edən böyük mübarizə və milyonlarla şəhid ilə sonsuz fədakarlıqlar sayəsində inqilabımız zəfər çaldı, Əlcəzair öz suverenliyini və müstəqilliyini bərpa edə bildi. 1 noyabr inqilabı onilliklər boyu bütün dünyada müstəmləkəçilik boyunduruğu altında olan məzlum xalqlar üçün bir mayak və nümunə olub”, - diplomat deyib.
Əlavə edib ki, 1954-cü ilin 1 noyabr günü Əlcəzairin tarixində yeni bir səhifə kimi bizə müstəqilliyin və azadlığın böyük dəyərlərini xatırladır: “Əlcəzairlilər bu gün öz taleyinin və ölkəsinin əsl sahibi olmaqdan qürur duyurlar. Onlar xarici işğala qarşı davamlı mübarizə və azadlıq mübarizəsi naminə birləşərək milli quruculuq və beynəlxalq inteqrasiya uğrunda fəal şəkildə çalışırlar. Əlcəzair xalqı öz şanlı tarixi ilə fəxr etməklə yanaşı, daha parlaq və firavan gələcəyə ümid edir. İqtisadi inkişaf və sosial tərəqqi yoluna qədəm qoyarkən, biz ölkə Prezidenti Əbdülməcid Tebbunun müdrik rəhbərliyi altında gələcək hərtərəfli islahatlara qətiyyətlə sadiqik. Biz münaqişələri həll etmək və xalqlar arasında anlaşmanı gücləndirmək üçün dialoq və diplomatiyanın gücünə inanırıq. BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş ümumbəşəri dəyərlərə sadiqliyimiz, regional və beynəlxalq səviyyələrdə fəal rolumuz qlobal sülh və təhlükəsizliyə müsbət töhfə vermək istəyimizin nümunəsidir”.
Səfir əlavə edib ki, bugünkü bayram həm də Əlcəzair və Azərbaycan arasında sıx əlaqələri qeyd etmək və təsdiqləmək üçün bir fürsətdir. Münasibətlərimiz həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əvvəlkindən daha da yaxşı olmaqla yanaşı ölkələrimiz arasında siyasi etimadın yüksək səviyyəsini əks etdirir.
Xanım İğil deyib ki, bu ilin əvvəlində ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyi qeyd olundu. Bu 30 il getdikcə daha dinamik və gələcəyə hesablanmış münasibətlərin təməlini qoyur: “Mən qətiyyətlə inanıram ki, bu müsbət impuls nəzərə alınarsa, əməkdaşlığımızın daha parlaq gələcəyi üçün olduqca böyük potensiallar mövcuddur. Hər iki ölkə müxtəlif sahələrdə, xüsusən də enerji, ticarət, kənd təsərrüfatı və turizm sektorlarında əlaqələrin daha da genişləndirilməsi üzrə öhdəliklərə sadiqdir”.
Səfir söyləyib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən bir ölkə kimi Azərbaycan, xüsusilə də qarşıdan gələn “COP 29”a ev sahibliyi etməklə qlobal müstəvidə əhəmiyyətli addım atır. Bu mötəbər konfrans Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini vurğulamaqla bərabər, həm də onun ekoloji dayanıqlılığa dair beynəlxalq əməkdaşlığın və dialoqun təşviqində əsas oyunçu kimi mövqeyini ortaya qoyur. Məhz bu dostluq, sadiq tərəfdaşlıq və əməkdaşlıq ruhu ilə Milli Günümüzü sizinlə qeyd etməkdən şərəf duyuram.
Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov öz çıxışında dost Əlcəzair dövlətini və xalqını Azərbaycan rəhbərliyi adından təbrik edib. O deyib ki, Əlcəzair 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. Bu il isə dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının yubileyidir, qarşılıqlı hörmət və etimada əsaslanan bu münasibətlər düz 30 il əvvəl başlanıb və uğurla davam edir.
“Biz Əlcəzairin Azərbaycana beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərinin bütün mərhələlərini yaxşı xatırlayırıq. 2020-ci ilin noyabrında isə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvəsinə ev sahibliyi edən Əlcəzair Prezidentinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev fəxri qonaq qismində həmin tədbirdə iştirak etdi. İki liderlərin görüşündən sonra münasibətlərimiz yeni impuls qazandı, ölkələrimiz arasında əlaqələr yüksələn xətlə inkişaf etməyə başladı”.
Vitse-spiker əlavə edib ki, 1,5 milyon şəhid vermiş Əlcəzair xalqı 70 il əvvəl tarixi hünərlə başlatdığı azadlıq inqilabı ilə 1962-ci ildə ən ümdə arzusuna yetişdi, müstəqilliyini qazandı və pərişanlığına son qoydu. Arzu edirik ki, yenilməz bir xalq olaraq öz mübarizliyi ilə müstəqilliyini qazanan Əlcəzair həmişə qururla, iftixarla bu bayramı qeyd edə bilsin.
Daha sonra tədbirdə bədii hissə təqdim edilib.
Pərvanə Sultanova