COP29 ərəfəsində Azərbaycan və Ermənistan arasında çərçivə sazişinin imzalanması gözləntisi var idi. Əslində, saziş layihəsinin böyük hissəsi yekunlaşıb və razılaşmanın imzalanması üçün son addımların atılması tələb olunurdu ki, bunun üçün də rəsmi İrəvan siyasi iradə nümayiş etdirməli idi. Əsas məsələlərdən biri Ermənistanın konstitusiyasında və digər hüququ aktlarında Azərbaycana qarşı ərazi iddialarının hələ də qalmasıdır. Yəni həmin müddəlarda “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” yer alıb. Belə olan halda, təbii ki, heç bir dövlət özünə qarşı rəsmi sənəddə ərazi iddialarını saxlayan digər bir dövlətlə sülh sazişi imzalamaz.
Qərb dairələri, o cümlədən bir sıra digər ölkələr sülh əvəzinə Ermənistanı silahlandırmaqla regionda onsuz da kövrək olan sabitliyi və təhlükəsizliyi təhdid etmiş, qarşıdurma ocağını alovlandırmış olurlar. Eyni zamanda, Ermənistanda revanşist qüvvələr, həmçinin apostol kilsəsi sülhə qarşı çıxmaqda davam edirlər. Kilsə sülhə, barışa çağırış etməlidir, amma Ermənistanda tarix boyu kilsənin də “missiyası” başqa olub - qarşıdurma yaratmaq, müharibəyə, qırğına rəvac vermək, qan tökmək.
Baxmayaraq ki, bəzi Qərb dairələri tələsik sülhə təkid edirlər, hətta tərəflərin COP29 çərçivəsində saziş imzalamasına çalışırlar, Bakı bu məsələdə öz prinsipial və haqlı tələbini irəli sürüb, ondan geri addım atmaq niyyətində deyil.
Yeri gəlmişkən, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin açıqlamasından da bəlli olur ki, İrəvan çərçivə sazişi imzalamaqdan imtina edib. O bildirib ki, COP29 ərəfəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı gözlənti var: “Lakin məndə olan məlumata əsasən, bir müddət öncə Ermənistan tərəfi çərçivə razılaşmasını imzalamaqdan imtina edib. Əvəzində, Ermənistan hazırkı layihədən 3 maddənin çıxarılmasını təklif edib. Bu üç məsələ - Ermənistan Konstitusiyasında Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı ərazi iddiaları, beynəlxalq hüquqi müharibə və üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədlərinə göndərilməsi ilə bağlıdır”.
BMTM-in sədri bildirib ki, bu 3 məsələdən birincisi həm sülh müqaviləsi, həm də Cənubi Qafqazın gələcək təhlükəsizliyi baxımından fundamental əhəmiyyətə malikdir. Belə ki, Azərbaycana qarşı ərazi iddialarından imtina edilməsi ilə bağlı erməni xalqının aydın ifadə edilmiş iradəsi olmadıqca Ermənistandakı istənilən gələcək hökumət 2020-ci ildən öncəki vəziyyətə qayıtmaq üçün gücə əl ata bilər.
İkinci məsələyə gəlincə, görünür, Ermənistan yarımçıq sülh müqaviləsi imzalamaq arzusundadır və gələcəkdə üçüncü ölkələri, eləcə də diasporu cəlb etməklə diplomatik və hüquqi müharibəni genişləndirmək istəyir.
Üçüncü məsələ gələcəkdə hərbi missiyaya çevrilməsi mümkün olan, hazırda Ermənistanla sərhəddə yerləşdirilən Avropa İttifaqının mülki missiyası ilə bağlıdır.
Onun sözlərinə görə, Avropa İttifaqının 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını görməzdən gəlməsi və Azərbaycanın razılığı olmadan missiya göndərmək üçün belə tələsməsi faktlarını nəzərə aldıqda, aydın olur ki, ərazilərimizi talan etmiş və dağıtmış təcavüzkar dövlətin tərəfində duran bu quruma Azərbaycan etimad edə bilməz: “Həmçinin belə arqumentlər eşidirik ki, sülh müqaviləsi davamlı təhlükəsizliyə zəmanət verə bilməz. Bu arqumenti isə 1994-cü ilin Budapeşt Memorandumunu imzalayan tərəflərin yazılı öhdəliklərə baxmayaraq, Ukraynanın ərazi bütövlüyünü qoruya bilməməsi ilə əsaslandırırlar. Beləliklə, sülhün yeganə təminatı göz önündədir: Ermənistanın hərbi imkanları məhdudlaşdırılmalı, başqa sözlə, demilitarizasiya edilməlidir”.
Rusiyalı politoloq Mixail Belyayev hesab edir ki, Ermənistan sülh istiqamətində addımlar atmağa məcburdur. O, yerli mətbuata deyib ki, iki ölkə arasında münasibətlərin tənzimlənməsi ilə bağlı əsas olan sənədləşmə məsələləri həll olunmayana qədər diqqəti ikinci dərəcəli məsələlərə yönəltməyin mənası yoxdur: “Fundamental məsələlər həll edilmədikdə, nəyinsə yanlış getməsi riski var. Burada təhlükəsizlik məsələsi ilk növbədə ortaya çıxır. Həm Azərbaycan, həm də Ermənistan üçün. Yeganə düzgün və effektiv yol sülh müqaviləsinin əsas müddəlarının həllini tapmasıdır. Bu, fundamental məsələyə Ermənistan hakimiyyətinin ölkə Konstitusiyasını dəyişdirməsi daxildir.
Problem ondadır ki, Ermənistan özünü müntəzəm olaraq müsbət təkliflər verən, irəliyə doğru addım atan, xoş niyyət nümayiş etdirən tərəf kimi göstərməyə çalışır, amma diplomatik dili yaxşı anlayan hər kəs bilir ki, qeyri-müəyyən ifadələrin arxasında əslində sadəcə nümayiş effekti, zaman qazanmaq istəyi var. Və oxları Bakıya çevirin, biz bunu təklif etdik, lakin Azərbaycan bundan imtina edir və s. İrəvan guya ki, həll yollarını təklif edir, guya ki, “ilk” addımları atır. Amma əslində təkliflərdə konstruktivlik deyil, davamlı qeyri-müəyyənliklər var. Beləliklə də, problemlər üst-üstə toplanır”.
Politoloq əlavə edib ki, İrəvanın Bakıya Azərbaycan dövlət nömrə nişanlı avtomobillərin sadələşdirilmiş sərhəd və gömrük nəzarətindən keçməsi ilə bağlı təklifləri ilə bağlı da ağlabatan sual yaranır: “Erməni tərəfi həqiqətən sözdə deyil, əməldə məhz bu maşınların və insanların təhlükəsizliyini təmin etməyə hazırlaşır? Axı, Ermənistanda revanşist əhval-ruhiyyə güclüdür. Və heç bir təminat yoxdur ki, kimsə Ermənistan ərazisində azərbaycanlılara qarşı ciddi təxribat törətmək istəməyəcək. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-10-da imzaladığı üçtərəfli bəyanatın 9-cu bəndində qeyd edilir ki, bu nəqliyyat marşrutu üzrə təhlükəsiz keçidə nəzarət etmək məqsədilə Rusiya FTX-nin sərhədçiləri yerləşdirilməldir. Amma Ermənistan bu bəndi də yerinə yetirməkdən imtina edir”.
Politoloq deyib ki, Ermənistan hakimiyyətinin Konstitusiyanın dəyişdirilməsi barədə qərarı olmadan, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması qeyri-mümkündür, çünki mətndə gələcəkdə Azərbaycana zərər verə biləcək bəndlər qalacaq: “Konstitusiya ona görə var ki, orada dövlətin mövcudluğu, onun inkişafı, təhlükəsizlik, bütün məsələlər qeyd edilib. Konstitusiya dövlətin həyatında əsasdır. Əgər Ermənistan həqiqətən də Azərbaycanla dövlətlərarası münasibətlər qurmaq niyyətindədirsə, o zaman Konstitusiyanı dəyişməli, Azərbaycana qarşı ərazi iddialarını oradan çıxarmalıdır. Konstitusiyaya dəyişikliklər adi təcrübədir”.
Mixail Belyayevə görə, İrəvan sülhpərvər addımlar atmağa məcburdur: “Yenə də, görünür, özünüqoruma instinkti mövcuddur. Ermənistan hakimiyyəti başa düşür ki, bəzi qırmızı xətlər var ki, onları keçməmək daha yaxşıdır və əks halda vəziyyət onlar üçün mənfi istiqamətdə inkişaf edəcək. Ona görə də sülh istiqamətində addımlar atmalıdırlar. Başa düşürlər ki, növbəti silahlı münaqişə ssenarisi hələlik Ermənistana yaxşı heç nə gətirə bilməz. İrəvan indi tammiqyaslı xarici dəstəyə arxalana bilməz, baxmayaraq ki, bu və ya digər dərəcədə fəal şəkildə silahlanır. Nə isə baş versə, Qərbin Ermənistana ayıracaq vaxtı yoxdur, çünki Qərbdə deyirlər ki, indi Rusiyaya qarşı ikinci cəbhə açmaq, onu başqa münaqişəyə cəlb etmək yaxşı olardı. Amma göz qabağındadır ki, Qərbdə Ukraynaya xərclənən vəsaitlə bağlı sosial gərginlik qızışır, müxtəlif ölkələrdə vətəndaşlar vəziyyətdən getdikcə daha çox narazılıq edirlər. Yaxın Şərq münaqişəsi də var. Və əgər Qərbə növbəti münaqişə gətirilərsə, sosial gərginlik öz sahillərini aşa bilər”.
Ermənistanda da etiraf edirlər ki, ABŞ-ın xüsusən seçkidən sonra regiona diqqəti azalacaq. Məsələn, politoloq Suren Surenyants deyir ki, Ermənistan üçün ABŞ-da seçkidən sonra ən pis ssenari qarşılıqlıq ola bilər. Çünki ABŞ-da cəmiyyət heç vaxt bu qədər qütbləşməmişdi, böyük əminliklə deyə bilərik ki, uduzan namizəd seçkinin nəticələrini tanımayacaq.
Onun sözlərinə görə, ABŞ daxili problemlərə görə, Rusiyanın Ukraynadakı vəziyyətlə məşğul olduğu bir şəraitdə Cənubi Qafqaza diqqətini zəiflətsə, bu, təhlükəsizlik boşluğuna gətirib çıxaracaq. Erməni politoloq hesab edir ki, Vaşinqtonun regiona diqqəti istənilən halda azalacaq. Bu ehtimal Tramp seçilsə də yüksəkdir, Kamala Harrisin uğur qazanacağı təqdirdə də baş verəcək. Region Vaşinqtonun prioritetləri sırasında deyil. Üstəlik, Gürcüstandakı seçkilərin nəticələrindən sonra, onun fikrincə, Ermənistan regionda yeganə ölkə olaraq qaldı ki, “marazmatik prinsipinə” inanmaqda davam edir ki, hansısa regiondankənar oyunçunu regional dövlətə qarşı çıxarmaq olar: “Aydındır ki, regiondankənar qüvvələr, məsələn, Rusiya və ya İranın təsirini məhdudlaşdırmaq üçün buraya gələcəklər. Üstəlik, bir sıra amerikalı rəsmilər Ermənistanı “soyuq qış”ın gözlədiyini və Rusiyanın hansısa addım atacağı təqdirdə çətin illərdən sağ çıxmağa hazır olduqlarını birbaşa bildirirlər. Əgər Tramp qalib gəlsə, Ermənistan öz kursunu tamamilə yenidən nəzərdən keçirmək məcburiyyətində qalacaq. Təsadüfi deyil ki, Paşinyan seçkilərdən sonra Gürcüstan hakimiyyətini ilk təbrik edənlərdən biri oldu, çünki o da qərbyönlü siyasətinin tamamilə iflasa uğradığını anladı”.
Göründüyü kimi, Ermənistanın bəlli xarici siyasət kursu mövcud deyil, üstəlik, qonşu dövlətlərlə, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşması istiqamətində addımlar atmaması onu daha çətin duruma sala bilər.
çap et