|
|
|
|
Avropa İttifaqı ABŞ-dakı prezident seçkisinin nəticələrindən asılı olmayaraq hər bir vəziyyətə hazır olmaq üçün özünün təhlükəsizlik sistemini qurmağı müzakirə etməyə başlayıb. Avropada belə bir rəy hökm sürür ki, ABŞ-da seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq qarşıdakı illərdə Vaşinqton Hind-Sakit Okean regionuna daha çox diqqət yetirməyə başlayacaq. Bu isə avropalıları öz təhlükəsizlikləri haqqında daha çox narahat olmağa vadar edir.
Avropa Parlamentinin sədri Roberta Metsola İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində bildirib ki, Avropa İttifaqı NATO-dan kənarda öz təhlükəsizlik təşkilatını yaratmalıdır. İyul ayında ikinci müddətə Avropa Parlamentinin sədri seçilən Malta parlamentinin keçmiş rəhbəri Roberta Metsola Avropa Komissiyasının ikinci dəfə rəhbəri seçilən Ursula fon der Lyayen kimi Avropa İttifaqının təhlükəsizliyinin və xarici təhdidlərdən qorunmasını prioritet vəzifəyə çevirmək niyyətindədir. Buna görə də xanım Roberta Metsola qarşıdakı beş ildə əsas vəzifələrinin Avropa Müdafiə İttifaqının yaradılması olduğunu düşünür. Avropa Parlamentinin sədrinin düşüncələrinə görə, üzv ölkələr öz milli hərbi doktrinalarını müstəqil müəyyənləşdirəcəklər, lakin müdafiə sənayesi və innovasiyalar məsələsində birgə hərəkət edə bilərlər.
Roberta Metsola və Ursula Fon der Lyayenin açıqlamalarından aydın olur ki, Avropa İttifaqı hərbi xərclərini kəskin artırmağı planlaşdırır. Bu məqsədin həyata keçirilməsi üçün dəniz, quru, hava, kosmos və kibertəhlükəsizliyə sərmayə qoyacaq Avropa Müdafiə Fondunun yaradılması planlaşdırılır. Avropa İttifaqının rəhbərləri fikirlərini əsaslandırmaq üçün bildirirlər ki, İttifaq 2019-2021-ci illər ərzində müdafiə xərclərini cəmi 20 fazi artırdığı bir zamanda Çin bu məqsədlə büdcə xərclərini 600 faiz, Rusiya isə 300 faiz artırıb.
Ekspertlər hesab edirlər ki, Böyük Britaniya və Almaniyanın müdafiə nazirləri Con Heyli və Boris Pistoriusun oktyabrın 23-də Londonda imzaladıqları müdafiə sazişi Avropanın təhlükəsizlik sisteminin əsasını təşkil edə bilər. İngilis mətbuatının "tarixi sənəd" adlandırdığı sazişin şərtlərinə əsasən, Almaniya Şimali Atlantik Okeanının müdafiəsinə yardım etmək üçün vaxtaşırı Şotlandiyada təyyarələr yerləşdirəcək. Bundan başqa, saziş iki ölkənin hərbi sənaye sahəsində əməkdaşlığı nəzərdə tutur ki, bu da hər iki ölkənin müdafiə sənayesinin güclənməsinə xidmət etməlidir. Berlin və London arasında imzalanmış sazişdə pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlıq daxil olmaqla "Sea King" helikopterlərinin müasir raket sistemləri ilə təchiz edilməsi və artilleriya mərmilərinin istehsalı üçün yeni zavodların inşası da nəzərdə tutulur. Bu vəzifəni həyata keçirmək üçün Almaniyanın "Rheinmetall" şirkəti qarşıdakı on il ərzində Britaniyada yeni zavod açacaq. Sazişə görə, Britaniyanın hava hücumundan müdafiə sisteminin yeni yaradılan ümumavropa raketdən müdafiə sisteminə inteqrasiyası planlaşdırılır. Almaniyanın müdafiə naziri Boris Pistoriusa görə, Almaniyanın hərbi potensialındakı boşluqları aradan qaldırmaq xüsusilə vacibdir ki, bu zaman diqqət yönəltməli olan ilk məsələ uzaqmənzilli qanadlı raketin yaradılmasıdır. Bu vəzifənin həyata keçirilməsinə isə Britaniyanın Avropanın uzaqmənzilli qanadlı raketini yaratmaq üçün qurduğu konsorsiuma qoşulması mühüm təsir göstərəcək.
Böyük Britaniya Almaniya ilə razılaşmadan əlavə, yaxın vaxtlarda Avropa İttifaqını ilə də oxşar saziş bağlamağı planlaşdırır.
Berlin və Brüssel də öz növbəsində Britaniyanın Avropa İttifaqı ilə bu cür inteqrasiyasını qətiyyətlə dəstəkləyir. Avropa İttifaqı xarici təhdidlərlə mübarizə aparmaq üçün özünün tam hüquqlu kəşfiyyat xidmətini yaratmaq niyyətindədir. "Bloomberg" bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen üçün hazırlanmış hesabat layihəsinə istinadən xəbər verir. Məlumata görə, yaradılması təklif edilən kəşfiyyat strukturu İttifaqa üzv ölkələrin milli kəşfiyyat xidmətlərinə etibar etmədən Brüsselə müstəqil şəkildə kəşfiyyat məlumatlarını toplamağa yardımçı olmalıdır. Çünki hazırda İttifaqa üzv ölkələr kəşfiyyat məlumatlarının əldə olunma mənbələri və üsulları haqqında həssas məlumatların Avropa rəsmilərinə ötürülməsindən ehtiyat edərək, sirləri bölüşməkdən çəkinirlər. Avropa Komissiyasının yaratmağı planlaşdırdığı müstəqil kəşfiyyat strukturunun əsas diqqətinin Rusiyaya, Yaxın Şərqdəki münaqişələrə, Çinin artan təsirinin izlənməsinə və Avropaya qarşı hibrid hücumlarla mübarizəyə yönəldilməsi gözlənilir.
Avropa İttifaqının ABŞ-dan asılı olmadan özünün təhlükəsizliyini təmin etmək istiqamətində atdığı addımlardan biri də noyabrın 1-də İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell və Yaponiyanın xarici işlər naziri Takeşi İvaya ilə imzaladığı ikitərəfli təhlükəsizlik və müdafiə tərəfdaşlığı sazişidir. Bu saziş Avropa İttifaqı ilə Yaponiya arasında birgə hərbi təlimlər, müdafiə sənayesi və kosmik təhlükəsizliklə bağlı məlumat mübadiləsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Josep Borrell sazişi "tarixi və çox vaxtında" atılmış addım adlandırıb. Gələn il yanvarın 1-dən etibarən rəsmi olaraq qüvvəyə minəcək saziş Avropa İttifaqı və Yaponiya arasında birgə hərbi təlimlər vasitəsilə "konkret dəniz əməkdaşlığını" inkişaf etdirməyə imkan verəcək.
Yaponiya Çin və Şimali Koreyanın artan təhlükələrindən ehtiyat edərək təhlükəsizliklə bağlı ABŞ-la yanaşı, Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirdiyi kimi, Brüssel də yeni dünya düzənində ABŞ-dan asılı olmaq istəmədiyi üçün Tokio ilə müttəfiqlik qurur. Ekspetlər hesab edirlər ki, İsveç və Finlandiyanın NATO-ya üzv olması, Ukraynanın əksər Qərb ölkələri ilə təhlükəsizlik sazişi imzalaması Avropanı daha güclü edib. Rusiya-Ukrayna müharibəsindən öncə ilə müqayisədə daha da güclənmiş Avropa İttifaqının siyasi-iqtisadi alyansdan hərbi birliyə çevrilməsi istisna edilmir. Avropa Parlamentinin sədri Roberta Metsolanın Avropa İttifaqının NATO-dan kənarda öz təhlükəsizlik və müdafiə birliyini yaratması təklifi də elə bunun təsdiqidir.