Vətən müharibəsi nəticəsində azad edilən ərazilərimizin savaşdan dərhal sonra bərpasına başlanılması, bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, o cümlədən, elektrik enerjisi ilə təminat və yol infrastrukturunun yenidən qurulması bir daha onu göstərir ki, bu məsələ Azərbaycan dövləti üçün prioritetdir. İşğaldan azad edilmiş ərazilərimizə qayıdacaq əhalinin məşğulluq məsələlərinin həlli sahəsində də genişmiqyaslı işlər aparılır. "Böyük Qayıdış"dan sonra orada yaşayacaq yerli vətəndaşlar üçün məşğulluğun təmin olunması dövlətin davamlı diqqət mərkəzində olan mühüm məsələdir.
Qeyd etmək yerinə düşər ki, işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir. Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də əksini tapıb.
Sənəddə qeyd edilir ki, əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür. Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı iki məqsədə - dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiyaya nail olunmalıdır.
Azərbaycanın tarixi ərazi suverenliyinin bərpası əhalinin öz doğma torpaqlarına qayıdaraq yaşaması üçün yeni mərhələ yaratmışdır. İşğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır.
Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır.
2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq məqsədləri üçün 17,5 milyard manata yaxın vəsait ayrılıb.
Gələn il isə Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Sevindirici haldır ki, Vətən müharibəsindən sonra Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi davamlı şəkildə həyata keçirilir.
İndiyə qədər beş yaşayış məntəqəsinə - Zəngilan rayonunun Ağalı kəndi, Tərtər rayonunun Talış kəndi, Laçın şəhəri və rayonun Zabux kəndi, Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin köçürülməsi yekunlaşıb. Sentyabrın 25-də Cəbrayıl şəhərinə ilk olaraq 36 ailə - 117 nəfər köçürülüb.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, dövlət tərəfindən işğaldan azad olunan bölgələrə köçürülən vətəndaşların məşğulluğunun təminatında mühüm dəstək göstərilir. İlk mərhələdə müvafiq işçi qrupu işğaldan azad olunan ərazilərimizə qayıdışı planlaşdırılan 311 min şəxsin təhlilini (demoqrafik, məşğulluq və sosial göstəricilər) həyata keçirib. Qayıdış prosesində 256 işəgötürənlə görüş keçirilib, işçi qüvvəsinə olan tələbat öyrənilib, köçürülən sakinlərdən artıq 1495 şəxsin məşğulluğu təmin edilib, 979 nəfərin isə məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilir. Özəl sektorla əməkdaşlıq nəticəsində bu işlərin əhatəsi getdikcə genişlənir. Həmçinin əsas prioritetlərdən biri həmin ərazilərdə ehtiyac olan peşələrə dair tələbləri öyrənmək və gələcəkdə bu peşələr üzrə kurslar təşkil etməkdir. Bu sahədə özəl sektorla əməkdaşlığa xüsusi önəm verilir: "İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərin yeni peşələrə yiyələnməsi üçün agentlik tərəfindən peşə kursları təşkili planlaşdırılır. İlkin mərhələdə həmin ərazilərdə 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub. Ötən il Bərdədə açılışı olan Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi bu sahədə mühüm rola malikdir".
İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qayıdan əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi qayıdış prosesinin effektivliyini əhəmiyyətli dərəcədə artıracaq: "Bildiyimiz kimi, artıq əhalinin doğma yurd yuvasına qayıdışına start verilib. Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir. 2026-cı ilə kimi isə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarına 34500 ailəni köçürmək nəzərdə tutulur. Məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışını effektiv həyata keçirmək üçün onların məşğulluq imkanlarını artırılmaq mühüm əhəmiyyət kəsb edir. "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda bu məsələyə xüsusi önəm verilib. Proqramdakı Tədbirlər Planına görə, onların məşğulluq imkanları qiymətləndiriləcək və qeydiyyatı aparılacaq, həmin şəxslər üçün fərdi məşğulluq proqramları tərtib olunacaq. Eyni zamanda iqtisadiyyatın tələbatına uyğun qısamüddətli ixtisasartırma təhsil proqramları təşkil olunacaq. Min nəfər qısamüddətli ixtisas artırma, 5 min nəfər isə qısamüddətli təlim proqramlarına cəlb ediləcək. Digər tərəfdən ərazilərdə işçi qüvvəsinə tələbat müəyyən ediləcək, işəgötürənlərin işçi qüvvəsinə, işsizlərin iş yerlərinə çıxışı üçün səmərəli mexanizm yaradılacaq. Ərazilərdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması üçün güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Bunlar isə regionda məşğulluğu maksimal səviyyədə təmin edəcək".
Ekspert hesab edir ki, ərazilərin iqtisadi inkişafını sürətləndirmək üçün özəl investisiyaların cəlb olunmasına ciddi ehtiyac var: "Bu gün investorların 70 faizi gözləmə mövqeyindədir. Bölgəyə gələcək istər yerli, istərsə də xarici investorlar ilk növbədə yatırımlarının qorunduğuna əmin olmalıdırlar. Bura həm təhlükəsizliklə, həm də qanunvericiliklə bağlı məqamlar daxildir. İşğaldan azad edilmiş ərazilərdə çoxsaylı minalar, partlamamış hərbi sursatlar, tərkibində partlayıcı olan qurğular və digər partlayıcı qalıqlar mövcuddur. Bu mənada təhlükəsizliyin təmin olunmasının ilkin şərti ərazilərin minalardan təmizlənməsidir. Bütün bu məqamlar Proqramda öz əksini tapıb. Belə ki, yaxın üç ildə 215 min hektar, 2026-cı ilə kimi isə ümumilikdə 280 min hektar ərazilər minalardan təmizlənəcək. Həmin dövr ərzində bölgəyə yatırılan investisiyaların sığortalanması mexanizmlərinin yaradılması nəzərdə tutulur. Eyni zamanda xarici ölkələrdəki ticarət nümayəndəlikləri vasitəsilə regionun imkanları barədə marketinq tədbirləri keçiriləcək və müvafiq təşviqedici elektron platforma vasitəsilə investisiyaların təşviqi aparılacaq. Qeyd olunanların və proqramda əksini tapan digər tədbirlərin reallaşması nəticəsində biz yaxın gələcəkdə bu bölgəyə böyük məbləğdə özəl investisiyaların yatırılacağına şahid olacağıq".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə köçürülən və köçürüləcək şəxslər üçün yeni məşğulluq imkanlarının yaradılması məqsədilə əlavə tədbirlər hazırlanır. Sosial tərəfdaşlarla işin gücləndirilməsi, işsiz şəxslərin peşə bacarıqlarının artırılması və yeni iş yerlərinin yaradılmasının təşviqi həmin tədbirlər arasındadır. işğaldan azad olunmuş ərazilərdə əlavə tədbirlərin icrası həmin ərazilərdə məşğulluq imkanlarının artırılmasına, dayanıqlı məskunlaşmaya xidmət edəcək. Artıq özünüməşğulluq proqramının səmərəliliyinin artırılması məqsədilə klasterlərin təşkili və proqram üzrə istehsalat və xidmət zərfləri üzrə rəqəmsal monitorinqlərin keçirilməsi təklifləri müzakirə edilib. Klasterlərin yaradılmasında məqsəd vətəndaşlar üçün zəruri olan xidmətlərin eyni məkanda cəmlənməsi, gəlirliliyə müsbət təsir etməsi və qeyri-formal məşğulluğun aradan qaldırılmasıdır. Özünüməşğulluq proqramının istehsalat və xidmət zərfləri üzrə monitorinqlərin rəqəmsal və elektron müstəviyə keçirilməsi təklifi də nəzərdən keçirilib. Bu elektronlaşdırmanın idarəetmənin optimallaşdırılmasına, əməkdaşların iş yükünün azaldılmasına, monitorinq proseslərində effektiv, innovativ və data əsaslı hesabatlığın təmin olunmasına imkan verəcəyi qeyd edilib.
Sevinc QARAYEVA