|
|
|
|
(Əvvəli ötən çərşənbə sayımızda)
Böyük italyan filosofu Çezare Bekkaria (XVIII əsr) "Cinayət və cəza haqqında" kitab yazmışdı. İlk dəfə olaraq "cəzanın cinayətə uyğun olması" bir prinsip kimi irəli sürülmüşdü. Cinayətin sərtliyini və miqyasını cəza özündə ehtiva etməlidir. Bu prinsip həm də digərlərini cinayət törətməkdən yayındırır. O, öz elmi əsəri ilə kriminologiyanı xeyli inkişaf etdirmişdi.
ABŞ prezidenti Con Kennedi hələ senator olarkən yazdığı "Mərdliyin profilləri" kitabını Bekkariadan geniş bir sitat gətirməklə yekunlaşdırılır.
Çezare Bekkaria (1738-1794-cü illər) yazmışdı: "Mən bir həyatı xilas etmək aləti olmağı bacarsam, onun xeyir-duası və göz yaşları, hətta bütün bəşəriyyətin nifrəti müqabilində də, mənə kifayət dərəcədə bir təsəlli olacaqdır".
Böyük filosofun xatirəsinə hörmət əlaməti olaraq, demək olar ki, o, hüquq elmi və praktikası qarşısında görkəmli xidmətlərinə görə, bir nəfərin deyil, yüz minlərin taleyinə pozitiv təsir göstərdiyinə görə təkcə təsəlli tapmamalıdır, həm də qədirbilən bəşəriyyətin həqiqi ehtiramını qazandığına görə öz həyatından razı qalmalıdır. Bekkaria sadə bir cümləsində özünün ədalətliliyini, insanpərvərliyini geniş surətdə açıb göstərir. Belə həyat kredosuna görə bəşəriyyət ona nifrət deyil, yalnız hörmət və məhəbbət bəsləyərdi.
Məşhur italyan kriminal psixiatrı Çezare Lambrozo (XIX əsr) isə qeyd edirdi ki, savadlı adamlar daha az cinayət törədirlər, savadlıların cinayəti, həm də müqayisədə dəhşətli olmaqdan çox uzaqdır.
Dustaqxanaların inkişaf etməsi
XVIII əsrə qədər dustaqxanalar əsasən mühakimədən əvvəl ittiham olunanları saxlamaq üçün istifadə edilirdi. İctimai qaydada, xalqın gözü qarşısında tətbiq edilən cəzalar yoxa çıxdıqdan sonra. dustaqxanaların populyarlığı xeyli artdı. Həmin əsr ərzində məhbəslər artıq məhkum edilmişlərlə dolu idi.
Kişilər üçün olan dustaqxanalar qəddar praktikaya malik olması ilə seçilirdi. Burada dustaqlar bir-birindən ayrı saxlanılırdı, onların bir-biriylə danışmasına da icazə verilmirdi.
Təəssüf ki, beləliklə, bəşəriyyət formalaşdıqca, onun qüsuru timsalında çıxış edən cinayətlər nəinki kəsildi, azaldı, əksinə, hətta artmaqda davam etdi.
İbtidai insanlar da cinayət törətməmiş ötüşmürdülər, bu, çox vaxt mülkiyyət ələ keçirmək cəhdləri ilə bağlı olurdu. Makiavelli mülkiyyətin insan üçün necə böyük əhəmiyyət daşıdığını göstərmək üçün, özünün "Hökmdar" əsərində yazırdı ki, mülkiyyətə vurulan xırda ziyan, ata qətlindən də ağır təsir göstərdiyindən, ömür boyu unudulmur. Mülkiyyətin toxunulmazlığı isə az qala müqəddəslik qazanır. Ərəblərin "ehram" ifadəsindən yaranan "haram" sözü, bu münasibətin mütləq xarakter daşıdığını, onu qəsb etmək cəhdinin qanun və din tərəfindən hökmən cəzalandırılacağını bildirir. Bunu başqa bir şəkildə ingilislərin mülkiyyətin toxunulmazlığını necə qoruduqlarında da görürük. Orada kiminsə mülkiyyəti sayılan əraziyə, torpaq sahəsinə girildikdə, bu, "tresspass" adlanmaqla, cinayət kimi qiymətləndirilir.
İnsan yarandığı vaxtdan mülkiyyət onun yaşayışının mühüm hissəsi olmaqla, ona sahib olmanın əsl qalxan müdafiəsinə arxalanır. Dövlətlər də bu prinsipi öz qanunlarında təsbit etməli oldular. İndi mülkiyyətin toxunulmaz sayıldığı prinsip bütün hüquqi sənədlərdə öz əksini tapmışdır. İbtidai icma dövrünə gəldikdə, bu, daha çox aclığın qarşısını alan ərzaqdan ibarət idi, ona sahib olmaq üstündə tayfalar bir-biriylə vuruşur, başqasına məxsus olanı qəsb etməyə çalışırdı. Adətən, ərzaq qıtlığı, aclıq baş verdikdə buna dözməyən qəbilə üzvləri, ərzaq barədə nisbətən kasadlıq hiss etməyən tayfalara basqın edib, həmin dövrün ən qiymətli sərvəti olan qida maddələrini ələ keçirməyə çalışırdılar. Beləliklə, ibtidai formadakı həmlələr və müharibələr meydana gəlirdi. Aclıqdan xilasə olmaq üçün qan axıtmaq, adamları öldürmək meyli özünü qabarıq şəkildə göstərirdi.
Aclığı və onun ağır nəticələrini təkcə ibtidai insanların qisməti olduğunu güman etmək heç də düzgün deyildir. Sonrakı dövrlərdə də adamların ondan əziyyət çəkməsi halları az olmamışdır. Bu bədbəxtlik bəzən vəhşi yırtıcılara xas olan əməllərin insanlar arasında baş verməsinə də səbəb olmuşdu. Bibliyanın "Hüzn" kitabında, yəhudilərin Babilistana sürgün edildiyi vaxtlarda, aclıqdan ananın öz körpəsini yediyi bildirilir. Yaxud Fransa kralı II Filip Avqust 1204-cü ildə Normandiyanın bir hissəsini döyüşlə ingilislərdən azad edəndə, mühasirədən çox istifadə etmişdi. Bu vaxt oradakı mülki əhali dəhşətli aclıqla üzləşdiyindən, əlacsız qalıb, kannibalizmə əl atmışdılar. Adamlar doğulan körpəni yeyirdilər. Əllərinə toyuq düşdükdə, onu lələkləri ilə, içalatı təmizlənməmiş şəkildə dişlərinə çəkirdilər. İkinci Dünya müharibəsi illərində blokadada olan Leninqradda da aclıqdan insanlığa zidd hərəkətlərin baş verməsi, nə qədər acı olsa da, heç də təəccübə səbəb olmamalıdır. Ona görə də aclıq təkcə ibtidai insanı pozğun yola cəlb etmirdi, sivilizasiyalanmış adamlara da mədənin tələbinin ödənilməməsi problemi ilə yanaşı, onların şüuruna, ağlına da özünün güclü neqativ təsirini göstərirdi.
Sonralar ibtidai icma dövrü xeyli arxada qaldıqda, şəhərlərin və şəhər-dövlətlərin və iri dövlətlərin yaranması ilə, bilavasitə özünə məxsus olan başqa bədbəxtlikləri törətməsi ilə birlikdə, aclıqla daim qol-qola gəzən müharibələrin intensivliyi, miqyası, ot kimi biçdiyi qurbanların sayı, az qala, həndəsi ölçüdə böyüdü. İbtidai insan sonralar baş verən bu genişmiqyaslı bədbəxtliklərin və dəhşətlərin şahidi olsaydı, min illər ötüb keçsə də. inkişaf etmiş insan nəslinin ağılsız hərəkətlərinə qəhqəhə çəkib, gülərdi.
İmperiyaların törətdiyi kütləvi qətllər və qırğınlar ən ağır cinayətdir
Hərbi cəhətdən qüvvətli olanlar qonşu xalqların ərazilərini işğal edib, onların özlərini isə itaətlərinə salırdılar. Bu yolla ilk imperiyalar meydana gəldi. Mesopotamiyada, b.e.ə. XXIV-XXII əsrlərdə Akkad imperiyası, XIV-XI əsrlərdə isə Assuriya imperiyası tarixi fakta çevrildi. Gələcəkdə dörd min illik tarixə sahib olacaq Misir imperiyası meydana gəldi. Afina, sonra isə Makedoniya ittifaq adı altında qonşu dövlətlərə ağalıq etməklə, əslində, bu birliyi imperiya kimi idarə edirdi. Bizim eradan əvvəl Qədim Roma imperiyası böyük ərazilər işğal etmişdi.
Böyük Karl VIII əsrin sonu, IX əsrin əvvəllərində Roma imperiyasının ənənəsi əsasında Qərbi Avropanı Qərb imperiyasında birləşdirmişdi. Ondan əvvəl meydana gələn Ərəb xilafəti imperiya kimi sürətlə böyüdü. Böyük Karl Xəlifə Harun ər-Rəşidlə eyni vaxtda hökmranlıq etməklə, onunla əlaqə saxlayırdı. Artıq VII əsrin ortalarından Orta Şərqin və Afrikanın şimalını işğal etmiş müsəlman ərəblər, VIII əsrin əvvəlində İspaniyanı da Mavrlar vasitəsilə tutmağa başlamışdılar. Bu, İslamın Avropa qitəsinə ayaq açmasına səbəb olmuşdu, bu işi Osmanlı imperiyası isə daha geniş miqyasda davam etdirmişdi. Bir cəhəti də qeyd etmək lazımdır ki, Ərəb xilafəti Asiyada və Afrikanın şimalında tutduğu ərazilərdə, Avropada isə Pireney yarımadasında o dövr üçün mütərəqqi xarakter daşıyan yeni İslam sivilizasiyasını yaymışdı.
XIII əsrdə o vaxtkı dünyanın üçdə birindən çoxu Çingiz xan imperiyasının tərkibində idi, onun ərazisi 33 milyon kv.km-ə bərabər idi.
Osmanlı dövləti başlanğıcda kiçik olsa da, XIV əsrdən başlayaraq ətrafdakı dövlətləri işğal etməklə, öz ərazisini xeyli böyütmüşdü. 1453-cü ildə isə Konstantinopolu tutmaqla, Bizans imperiyasının mövcudluğuna son qoymuşdu.
Yeni tarix, ümumiyyətlə, həm də böyük imperiyaların yaranması dövrü olmuşdur. Osmanlı imperiyası üç qitədə ərazilərə malik olmaqla böyüməyə başladı. Böyük Britaniya və Fransa Şimali Amerikada böyük ərazilərə sahib oldu, İspaniya Mərkəzi Amerikada və Braziliya istisna olmaqla, həmçinin Cənubi Amerikada iri müstəmləkələrə yiyələndi. Böyük Britaniya imperiyası XVIII əsrdə Şimali Amerikadakı koloniyalarını itirsə də, Ost-İndia kompaniyasının köməyi ilə Asiya qitəsinin nəhəng dövləti olan Hindistana yiyələndi. Eyni adlı subkontinent onun müstəmləkəsinə çevrildi. XIX əsrdə artıq Böyük Britaniya imperiyası Viktoriya epoxası dövründə dünyanın dörddə birinə ağalıq edirdi. Vaxtilə İspaniya imperiyası barədə deyilən "onun üzərində günəş batmır" sözləri, indi Britaniya imperiyasının fərqliliyini xarakterizə edirdi.
Avstriya, sonra isə Avstriya-Macarıstan imperiyası Avropadakı böyük əraziləri öz idarəçiliyində birləşdirməklə yanaşı, İspaniya sarayı vasitəsilə Vest-İndianın sərvətlərindən böyük fayda götürürdü.
İmperiyalar haqqında geniş söhbət açmaq, heç də əsassız deyildir. Əgər biz fərdlərin, mütəşəkkil cinayət qruplarının qanundan kənar fəaliyyətindən danışırıqsa, onların müvafiq qaydada cəzalandırılmasını da qeyd etməklə, onlara qarşı mübarizənin uğurlu olduğundan da xəbər veririk. İmperiyalar isə daha böyük cinayətlərə səbəb olur, kütləvi qırğınlara müəlliflik edir. Ona görə də onların cinayəti, cəmiyyətdə baş verən və fərdlərin törətdiyi cinayətlərlə müqayisədə ölçüyə sığmazdır. İmperiyalar müharibələr aparmaqla, qan çayı axıtmaqla meydana gəlir, xoşbəxtlikdən, onların varlığına yenə də müharibələr və inqilablar son qoyur. Ona görə də imperiyaları tarixin ən böyük cinayətkarı hesab etmək lazımdır. Onlar işğal etdikləri əraziləri və xalqları idarə etmək üçün insanlığa zidd olan heç bir əməldən çəkinmirlər. İtaətində saxladığı xalqların qırğınını təşkil etməklə öyünürlər. Silah gücünə idarə isə, qan axıtmaqdan başqa bir fəaliyyət növünü tanımır.
Müasir insanlar imperiyaların tarixinə nifrət bəsləməklə, onların lənətləyirlər ki, hələ müəyyən sayda mövcud olsalar da, bir daha reinkarnasiya etməsinlər, gələcək tarixə də öz iyrənc damğasını vurmaq imkanına bir daha yiyələnməsinlər.
Xalqlar müstəmləkə zülmündən azad olduqdan sonra, hansısa bir şəkildə imperiyanın yenidən meydana gəlməsinə, təkrarlanmasına dözə bilməzlər. Çünki onlar bu azadlığı əldə etmək üçün çox əziyyət çəkmiş, böyük qurbanlar vermişlər.
İmperiyaların tabeliyində olan ölkələrin xalqları milli-azadlıq uğrunda mübarizə aparmaqla yanaşı, imperiyaların onurğa sütununu yenə müharibələr qırdı. Şimal Amerikadakı 13 koloniya 1770-ci illərdə Böyük Britaniya ağalığına qarşı inqilab müharibəsinə qalxıb, bu silahlı mübarizədə qalib gəlməklə qədim Afinanın demokratiya təcrübəsinə əsaslanan yeni Amerika Birləşmiş Ştatları dövlətini yaratdılar. Bu, Afina şəhər dövlətindən və Qədim Roma respublikasından sonra meydana gələn ilk demokratik dövlət idi, onları bir-birindən iki min ilə yaxın zaman məsafəsi ayırırdı.
XIX əsrin ikinci onilliyində Cənubi Amerika ölkələrinin xalqları İspaniya ağalığından azad oldular. Yunanıstanın 1830-cu ildə müstəqillik qazanması ilə, Osmanlı imperiyasının eroziyası gücləndi, ayrı-ayrı ölkələr onun ağalığından çıxdıqca, imperiyanın süqutu yaxınlaşırdı. Bu da Ox dövlətləri ittifaqına daxil olan Osmanlı imperiyasının I Dünya müharibəsindəki məğlubiyyəti nəticəsində baş verdi və onun xarabalıqlarında çox sayda müstəqil dövlətlər yarandığı kimi, 1923-cü ildə doğulan yeni Türkiyə Respublikası isə ancaq özünə məxsus olan ərazi ilə kifayətlənməli oldu.
(Ardı var)