Yaşanılan illərin yaddaşlarda da, tarixdə də qalan nişanələrinə xatirə deyirik. Qəhərli xatirələr ürəyə ağır yük olur, işıqlı xatirələr - yaşanılmışların səyyarəsi. Və ömür dediyimiz bu səyyarəni yaşanılmış aylar-illər gözəlləşdirir. Həm də kövrəkliklə, kövrəklik qarışıq qürurla, qürura dirsəklənən sevinclə, sevgiylə. Bu, ayların-illərin ömürləşməsinin qüdrətidi.
Kim nə deyir desin, ayları il eləmək, yaşamaq, yaşanılan illəri ömürləşdirmək fərqli məfhumlardı; şəhidlərin yaşadığı illər az olur, ömürləri - əbədiyyət. Vətən üçün, xalq üçün, insanlar üçün, insanlıq üçün yaşanılan illər də belədi - o illər də ömürdü. Belə ömürlər də illərin məhdudiy-yətinə sığmır, sığmaz...
Uşaqlığımda dolaşdığım yol-yamacı, çöl-çəməni, dağı-daşı cavanlıqda zabit kimi, Zəngilanın müdafiəçisi kimi dolaşardım, hərdən tək, hərdən əsgərlərlə birlikdə düşmənlə sərhədlər boyunca dərə keçərdim, yol aşardım. O aylarda, o illərdə gözəl, əvəzsiz bir insanla qonşuyduq. 1967-ci ildə həyətyanı torpağımızda ev tikmişdik. Yeni evin sevincini yeni qonşularımızın insanlığıyla qoşa yaşadıq. Evin tikilməsi atamın alın təriydi, qonşumuzun Şamı dayı (əsl adı Şamil olsa da, hamı ona Şamı kimi müraciət edirdi) olması - taleyin qisməti, Tanrının iltiması. Sonralar anam atama deyirdi ki, həqiqətən Allah dağına baxıb qar verir, adamlığına baxıb ona yaxşı qonşu ürcah edir. Bu qonşuluğu biz də, Şamı dayının ailəsi də müqəddəslik mərtəbəsində yaşatdıq...
Şamil Kərim oğlu Bağırov 1927-ci il iyunun 16-da Zəngilan rayonunun Pircivan kəndində (indiki Zəngilan şəhərində) anadan olub. Müharibə başlayanda təhsili yarımçıq qalıb. 1941-ci ildən Pirçivan kəndində M.C.Bağırov adına kolxozda mühasib köməkçisi, sonra mühasib və baş mühasib işləyib. 1943-cü ilin may ayında Qaryagin (indiki Füzuli) rayonunda 22 nəfər zəngilanlı ilə birlikdə üç aylıq mühasibatlıq kursunu bitirib. 1946-cı ildən 1952-ci ilin oktyabr ayına kimi hərbi xidmətdə starşina rütbəsində olub. Anasının rəhmətə getməsi ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılıb.
Hərbi xidmətdən qayıtdıqdan sonra (1953-cü ildən 2011-ci ilə kimi) M.C.Bağırov adına kolxozda, rayon ipək idarəsində, rayon istehlak cəmiyyətində, rayon əhaliyə məişət xidməti kombinatında və rayon baytarlıq idarəsində baş mühasib vəzifələrində işləyib.
O illər ölkənin hər yerində olduğu kimi, Zəngilan Rayon Milis şöbəsində Sosialist Əmlakını Dağıdanlarla Mübarizə xəttinin əməliyyatçılarının "qılıncının dalı da kəsirdi, qabağı da". Şamil Bağırov işlədiyi müddətdə kimsənin istintaqa cəlb olunmasına imkan verməyib. İşlədiyi idarələrin əməkdaşlarının "üstünə nüfuz ətəyi sərib", onun nüfuzu neçə-neçə şərləmələrin, neçə-neçə gü-nahların, neçə-neçə tamahların qarşısını kəsib, tərpənən xətaları yolundan saxlayıb.
Şamı dayı çoxduyumlu, bir qədər də kövrək xasiyyətli adam olub. Kimsənin xətrinə dəymədən yaşayıb illərini.
1956-cı ilin fevral ayında Şamilin toyu ərəfəsində Yunis adlı qonşuları cavan yaşında vəfat edir. Üç uşağı atasız qalmışdı Yunisin. Toy necə olsun? Toy olsunmu, olmasınmı? Olsa, necə olsun, olmasa, necə olmasın? Bu haqda çox düşünüb-daşınırlar. Qərar Şamildən gəlir: Əslən Malatkeşin kəndindən olan zurnaçı Seyidalı dayıya deyir ki, verdiyim 200 manat halalınız olsun, yeyin-için, ancaq toy çalınmayacaq. O yaşında belə ağsaqqalmış Şamil Kərim oğlu. Sonralar Yunisin dul qalmış qadınını kolxozda yanında naryadçı vəzifəsinə işə götürür.
Təhsilin davam etdirmək istəyirdi Şamil Kərim oğlu. O illərdə Moskva vardı, Moskva xofu vardı. Şamilin Moskvaya ciddi müraciətlərindən sonra Pircivan kənd orta məktəbinin nəzdində axşam növbəli qiyabi orta məktəb açıldı. Şamil Kərim oğlu bu məktəbi də bitirdi, Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu da qiyabi bitirdi. Sonralar bu qiyabi məktəb onlarla gəncin təhsil almasında vasitə oldu...
Şamil tədbirli adam olub. Qaryagində (Füzulidə) mühasibatlıq kursunda oxuyanda pulları qurtarıb. Tələbələrin hamısı qalıb pulsuz-parasız. Şamilin təklifi hamısının ağlına batıb: Məsləhətləşiblər ki, Ayıbasanlı kəndində taxıl biçilir, gedib oranın biçilmiş əkinlərindən başaq yığsınlar. Belə də ediblər. Yığılan başaqları məktəbin həyətində daşla birtəhər döyüblər. 3 kisə taxılları olub. Aparıblar dəyirmana. Dəyirmançı Sevdiyar kişi taxılı üyütməyə uşaqlardan pul almayıb. Qızlar undan çörək bişiriblər, unun qalanını satıblar. Hamısı aclıqdan xilas olub. Şamının məsləhəti tələblərin hoyuna çatıb...
Ara qapılarımız heç zaman qıfıl görmədi, onlar da, biz də harasa gedəndə evi bir-birimizə əmanət bilib gedərdik. Ürəyimiz (ürəkləri) arxada qalmazdı. Şamı dayını rayonda hamı ağsaqqal bilirdi, onun sadəliyi, mehribanlığı, qəlbigenişliyi, səxavətliliyi, qonaqpərvərliyi,.. hamının könlünə yatardı. Bu insani keyfiyyətlər ona böyük nüfuz qazandırmışdı. Şamil Kərim oğlu yaşıdların Şamı qardaşı, özündən kiçiklərin Şamı dayısı idi...
Orta məktəbdə oxuyurdum. Pis oxumurdum, təhsilə böyük həvəsim vardı. Şamı dayı məni görəndə üzü gülərdi, əlini çiynimə qoyardı, onda elə bilərdim ki, dünya mənimdi - el ağsaqqalının ehtiramını qazanmağı bütün yeniyetmələr kimi mən də arzulayırdım. Sonra dərslərimlə maraqlanardı, könlünə düşəndə suallar da verərdi. Cavablarım xoşuna gələndə gülümsəyərdi, "Yaxşı oxuyan gözümün işığıdı, a Bayram", - deyərdi. "İnanıram ki, həmişə gözümün işığı olacaqsan..."...
Mən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universitetində) ingilis dili fakültəsinin İngilis-Azərbaycan dilləri şöbəsinə qəbul olundum. Sevinirdim. Ata-anamı, müəllimlərimi sevindirmişdim, həm də yenə Şamı dayının gözünün işığı olacaqdım. Şamı dayı məni o qədər səmimiliklə, o qədər könüldən təbrik etdi ki, duyğulandım, bir az da kövrəldik. O da, mən də. "Gözümün işığıydın, indən belə həm də dilimin sözü olacaqsan, a Bayram!", - Şamı dayı belə dedi, həm də tay-tuşlarının yanında.
Birinci kursun payızında rayona gəlmişdim. Atam dedi ki, Şamı dayın səni bəlkə də hər gün soruşur. Bir az nəfəs dərəndən sonra gedib onunla görüşməyi qərara almışdım. Gün günortaya meyllənəndə Şamı dayının səsi gəldi, məni səsləyirdi.
- A Bayram, niyə belə eləyirsən, arada gəlib dayınla görüşmürsən?
Xəcalət çəkdim. Görüşdük. Alnımdan öpdü.
- İndi səni daha çox istəyirəm, tələbə balam, - dedi. - Axşam sənə görə Şəfiqə xalan bizə də ləziz yeməklər bişirər. Axşam bizdəsiniz.
Cavab gözləmədən getdi. İnstitutu bitirənə kimi hər gəlişimdə məni evinə qonaq çağırırdı. Həm də ata-anamla düz-əməlli görüşüb söhbətləşməmiş...
Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başlamışdı. Hərdən yolda-izdə rastlaşanda Şamı dayı ilə söhbətləşirdik. Zəngilandan, Zəngilanın müdafiəsindən danışırdıq. Hər dəfə də fikrini eyni kəlmələrlə tamamlayırdı: "Özünü qoru, a Bayram. Özünü də qoru, döyüsçü-ləri də..."
Hərdən tək, hərdən iki-üç əsgərlə müdafiə zolağını dolaşırdım. O vaxtlarda Şamı dayı ilə hərdən tələsik, hərdən ətraflı söhbətləşərdik.
Şamı kişi el adamı idi, elan edilməyən bu müharibədə hamıya can yandırardı. "Uzaq qohumdan yaxın qonşu yaxşıdı" - bu deyimi bir dəfə atamdan eşitmişdim. Bu gözəl deyim həm yaddaşıma hopmuşdu, həm də atamın Şamı dayıya ehtiramını hiss etmişdim.
Şamı Kərim oğlu xeyirxah insan olub. Hamıya kömək eləməyi özünə borc bilib. Zəngilan rayon istehlak cəmiyyətində baş mühasib olanda mağazada satıcı işləyən bir qadının pul çatışmazlığı olur (buna "rastrata" deyirdilər). Nə illah edirsə, heç kimi inandıra bilmir ki, belə iş yoxdu. Axırda Şamı dayıya müraciət edir. Şamı dayı sənədləri bircə-bircə yoxlayır. Məlum olur ki, qadın günahsızdı...
Əli Sobulu xatırlayır: 1963-cü ildə Uşaq aləmi mağazasında göy rəngli kostyum gördüm. 59 manata. Xeyli baxdım. Ayrılmaq istəmirdim. Kimsə qolumdan dartışdırdı ki, gedək, çox ləngidik, ayıbdı. Getdik. Axşam Şamı kirvə ilə Şəfiqə xala bizə gəldi. Çay süfrəsindən sonra dünən baxdığım kostyumu çıxardıb mənə verdi ki, geyin, görək əyninə olurmu. Geyindim. Elə bil əynimə biçilmişdi. Səhərisi mağazanın müdiri dedi ki, dünən sən kostyuma baxanda Şamı kişi görübmüş.
Şamı dayı belə Şamı olub.
Bir dəfə sözarası soruşdu ki, a Bayram, oxumuş adamsan, sən bilərsən, bu işlərin axırı necə olacaq? Müharibəni deyirdi. Polkovnik Firudin Şabanov alaya təzəlikcə komandir təyin olunmuşdu. Onun komandirliyi altında mövqelərdə, ümumiyyətlə rayonun müdafiəsində qısa müddətdə hərbi baxımdan yeniləşmələr aparıldı. 1993-cü il aprelin 10-da Ermənistanın Qafan rayonunun ərazisinə hücum etdik, qısa müddətdə düşmənin 4 kəndini (Sav, Hənd, Kilsə və Şıxavuz) aldıq... Bu qələbə alayın şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını kükrətmişdi. Şamı dayı soraqlaşa-soraqlaşa məni tapmışdı, bağrına basmışdı,.. "Elə bilirəm təkcə səni yox, ordumuzu bağrıma basıram, qardaş oğlu. Bu işlərin axırı kaş həmişə belə olaydı!" - demişdi...
Zəngilan mühasirədəydi. Avqust-sentyabr aylarında vəziyyət son dərəcədə gərginləşmişdi. Gecəli-gündüzlü Zəngilanın müdafiəçilərinin yanında olduğumuza görə Şamı dayı ilə seyrək görüşürdük. Görüşəndə qəhərlə "Dünyanın arşını niyə düzəlmədi, qardaş oğlu, niyə əlsizlərə əl verdi, dilsizlərə dil, yolsuzlara yol verdi bu dünya..: - deyərdi. Çiyinlərimi çəkərdim, Şamı dayı çarəsizliklə evinə, mən qərargaha gedərdim...
Oktyabrın 23-də mühasirəyə düşəndə yerli radio ilə doğma Zəngilanı müdafiə barədə çağırışa Şamı dayı bir qrup ağsaqqalla ilk qoşulanlar arasındaydı. Mənfur düşmənin Zəngilana daxil olmaması üçün hərbçilərlə birgə bir neçə gün gecəsini-gündüzünə qataraq o yaşında doğma torpağa öz oğulluq borcunu verdi.
Zəngilanı qorumaq mümkün olmadı, təəssüflər olsun ki, Zəngilan işğal olundu.
Şamil Kərim oğlu da ev-eşiyindən naməlumluğa üz tutdu...
2007-ci ilin dekabrında küçəni keçərkən onu maşın vurur. Başından zədə alır. Özünə gələndə sürücüyə yazığı gəlir: Çıx get, a bala. Bir işdi oldu. Çıx get. Səni incitməsinlər.
Bu, Şamı kişinin ürəyinin böyüklüyü idi, Şamil Kərim oğlunun insanlara, insanlığa sevgisi idi...
70 il işlədi Şamı dayı. Hamının əzizi kimi işlədi. Sonra ... sonra uşaqlarının təkidi ilə işdən çıxdı...
2012-ci il fevralın 10-da rəhmətə getdi...
Müharibə və əmək veteranı Şamil Kərim oğlu illəri özü üçün yaşamadı, el-obası üçün yaşadı. El-oba belə bir insanın işıqlı xatirələrini sədaqətlə yaşatmaqdadı...
Şamı dayı işığını heç kimdən əsirgəməyən xeyirxah insan idi, dəyərli vətəndaş idi, gözəl qonşu idi, hamının dostu idi.