BMT Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı Azərbaycanla əməkdaşlığa hazırdır.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
Onun sözlərinə görə, BMT istənilən yerdə, hər yerdə və hər hansı səbəbdən itkin düşmüş insanların tapılması üçün tamamilə hökumətlərin ixtiyarındadır:
"İnsanların itkin düşməsi, ailələrin əziyyət çəkməsi bizi narahat edir. Odur ki, biz əməkdaşlığa uyğun olaraq, hər hansı bir səbəbdən itkin düşən insanların tapılması və ya onların taleyinə aydınlıq gətirilməsi ilə əlaqəli olan bütün məsələlərdə əməkdaşlıq etməyə hazırıq".
BMT Baş katibi Ermənistanın Azərbaycanın azad olunmuş ərazilərini minalarla çirkləndirməsi məsələsinə də münasibət bildirib:
"Bununla bağlı işlərin aparıldığını da görürsünüz. BMT-nin İnkişaf Proqramı (UNDP) aktiv şəkildə Azərbaycan hökumətini dəstəkləyir. Artıq 350 min insan bölgəni minalardan təmizləmək üçün göstərilən birgə səydən faydalanıb. Minalar, əlbəttə ki, mövcud olmamalıdır. Biz ərazilərinin minalardan təmizlənməsi üçün Azərbaycan hökumətini var gücümüzlə dəstəkləyirik. Çünki ərazisindəki minaları zərərsizləşdirmək, həmin ərazilərin təmizlənməsi insanların öz köklərinin olduğu yerlərə qayıtması və hökumətin əhalinin rifahı naminə layihələrin reallaşdırılması üçün vacibdir". (“Report”)