525.Az

BDU-da Qulu Məhərrəmlinin 60 illik yubileyi keçirildi


 

BDU-da Qulu Məhərrəmlinin 60 illik yubileyi keçirildi<b style="color:red"></b> Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində görkəmli jurnalist, media mütəxəssisi, istedadlı alim və ictimai xadim, professor Qulu Məhərrəmlinin 60 illik yubileyi keçirilib.

Lent.az-ın məlumatına görə, yubileyi giriş sözü ilə açan Televiziya və radio jurnalistikası kafedrasının müdiri, dosent Aynur Kərimli professor Qulu Məhərrəmlini müasir Azərbaycan jurnalistikasının və milli jurnalistika elminin görkəmli nümayəndəsi kimi  səciyyələndirib.
 
Mətbuat Şurasının üzvü, professor  Nəsir Əhmədli  teleradio tarixinin yazılması, ekran-efirin və bütövlükdə jurnalistikanın elmi-nəzəri problemlərinin öyrənilməsi, müstəqil jurnalistika konsepsiyasının  formalaşdırılması sahəsində  Q. Məhərrəmlinin məhsuldar fəaliyyətinə toxunub. O qeyd edib ki, professor Q. Məhərrəmli  təkcə praktik jurnalist deyil, həm də jurnalistika elmimizin parlaq təmsilçisi, media məsələlərinə dair sanballı tədqiqat əsərlərinin, dərsliklərin və izahlı lüğətlərin müəllifi, öz təcrübəsini gənclərə həvəslə öyrədən nüfuzlu pedaqoqdur.
 
Dosent Akif Rüstəmov, baş müəllimlər Əli Hacıyev, Zaur Babayev və başqaları yubilyarın Azərbaycan televiziyası tarixində iz qoymuş “7 gün”, “Təfsilat”, “Gerçəklik” kimi müəllif verilişləri barədə söz açıb, onun “Səhər” proqramındakı, həmçinin Xəzər telekanalındakı fəaliyyəti barədə danışıblar. Çıxış edənlər bu cəhəti vurğulayıblar ki, Q. Məhərrəmlinin zəngin jurnalist yaradıcılığı, səmərəli elmi-pedaqoji və ictimai fəaliyyəti, fəal vətəndaş mövqeyi  çoxları üçün, sözün həqiqi mənasında, parlaq nümunədir.
 





12.11.2014    çap et  çap et