525.Az

Avropa Komissiyası sədrinin COP29-dan qaçışı


 

URSULA FON DER LEYENİN MƏSULİYYƏTSİZ ADDIMININ ƏSAS SƏBƏBLƏRİ

Avropa Komissiyası sədrinin COP29-dan qaçışı<b style="color:red"></b>

Azərbaycan bir neçə gündən sonra bütün dünya üçün çox mühüm əhəmiyyət kəsb edən BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransına - COP29-a ev sahibliyi edəcək. Bakı demək olar ki, hazırlıq işlərini yekunlaşdırıb. Dövlət və hökumət başçılarının əksəriyyəti COP29-da iştiraklarını təsdiqləyiblər. Amma təəssüf ki, heç də bütün tərəflər bu tədbirin Azərbaycanda keçirilməsindən məmnun qalmayıblar. Azərbaycanın ev sahibliyindən narahat olanlar qarayaxma kampaniyalarına start verib, beynəlxalq mediada müxtəlif yalan və böhtan xarakterli məlumatlar dərc etdirməyə, ölkəmiz əleyhinə bəyanatlar verməyə başlayıblar. Bu kampaniya bir müddətdir ki, aparılır və COP29 günlərində də davam etdiriləcəyi şübhəsizdir.

Təəssüf ki, COP29-da Azərbaycanın sədrliyinə kölgə salmaq istəyənlər sırasında Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen də yer alıb. Xanım Leyen COP29-un işinə qatılmayacağını açıqlayıb. Onun bəşəriyyət üçün həyati əhəmiyyət daşıyan bu tədbirdən yayınması, daha doğrusu, qaçması məsuliyyətsizliyindən, qərəzindən xəbər verir. Ursula fon der Leyen COP29-a qatılmayacağını bəyan etməklə bir daha göstərdi ki, beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək bir məsələ nə onu, nə də rəhbərlik etdiyi qurumu narahat edir. Bu həm də AK-nin qlobal problemə necə etinasız yanaşmasını ortaya qoyur.

Xanım Leyen noyabrın 11-dən 22-dək keçiriləcək BMT-nin iqlim sammitində iştirak etməməsinin səbəbini belə izah edib ki, Avropa Komissiyası səlahiyyətlərin ötürülməsi vəziyyətindədir, ona görə də qurumun rəhbəri olaraq öz institutsional öhdəlikləri ilə məşğul olacaq. Əlbəttə ki, bu, səbəb deyil, sadəcə bəhanədir. Elə bu konfransda iştirak da onun öhdəliklərindən biridir. Bu gün dünya planeti ən çox çirkləndirən Avropa İttifaqından (Aİ) yeni iqlim maliyyəsi gözlədiyi halda, məsuliyyətdən yayınmaq üçün Aİ rəhbərliyinin COP-a gəlməməsinin heç cür izahı ola bilməz.

Yeri gəlmişkən, bir müddət əvvəl İsveçrənin havanın keyfiyyətinin monitorinqi texnologiyaları üzrə ixtisaslaşmış IQAir şirkətinin açıqladığı hesabatda da Avropa ölkələri hava çirkliliyi səviyyəsinə görə öndə gedirlər. Avropa İttifaqı, xüsusilə Almaniya, Fransa, İtaliya kimi ölkələr ilə birlikdə atmosferi ən çox çirkləndirən bölgələrdən biridir. 2023-cü ilin məlumatlarına görə, Avropa İttifaqı üzv ölkələri təxminən 3 milyard ton karbon dioksid (CO2) emissiyası həyata keçirib ki, bu da dünya səviyyəsində ümumi emissiyanın təxminən 9%-ni təşkil edir.

Hesabatlara əsasən, 2019-cu ildə Aİ-də hər nəfərə düşən orta illik karbon emissiyası 8,4 ton olub ki, bu da qlobal orta göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir. Bütün bunlar bir da Aİ-nin faktiki olaraq məsuliyyətdən qaçdığını göstərir.

Milli Məclisin deputatı Azər Badamov "525"ə mövzu ilə bağlı deyib ki, Avropa Komissiyasının sədrinin COP29 beynəlxalq konfransında iştirak etməməsi iqlim dəyişikliklərlə bağlı qlobal çağırışlardan yayınmasıdır: "Bu gün iqlim dəyişikliyi əsasən antropogen və kosmos təsirləri ilə baş verir. Antropogen təsirlər sənaye müəssisələrindən atılan tullantılar və müharibələr nəticəsində iqlim dəyişikliklərini sürətləndirib. Bu baxımdan bu təsirlərin ən böyük səbəbkarı inkişaf etmiş ölkələr, o cümlədən, Avropa İttifaqıdır. Azərbaycan COP29-da İqlim Maliyyəsi üzrə Fəaliyyət Fonduna 1 milyard dollar yığması üçün təşəbbüs göstərir və bu təşəbbüs gələcəkdə 2 trilyon dollara çatdırılmalıdır. İnkişaf etmiş ölkələr iqlimi çox çirkləndirdiyindən iqlim maliyyəsinə də daha çox vəsait ayırmalıdırlar. Amma Avropa Komissiyası müharibələri dəstəkləyir, müharibələrin dayandırılmasına yox, daha da alovlanmasına çalışır. Bu da bəşəriyyəti qlobal fəlakətlə üzləşdirir. Avropa Komissiyasının sədrinin COP29-da iştirakdan imtina etməsi həm də bu birliyin rəhbərliyində təmsil olunanların bəşəri fəlakətlərə biganə yanaşdığını göstərir. Avropa Parlamentinin Avropa Komissiyasının COP29-dan yayındırmaq üçün ölkəmizə qarşı qərəzli qətnamələr qəbul etdiyini bilirdik. İndi bu məsələyə aydınlıq gəldi və Qərbin əsl iç üzü ortaya çıxdı".

Deputat əlavə edib ki, Azərbaycan Avropa Komissiyası, Fransa iştirak etməsə də, COP29-u yüksək səviyyədə keçirəcəkdir: "Bu gün iqlimin dəyişməsinə ən çox zərbə vuranların COP29-da iştirak etməməsi onların apardıqları ikiüzlü, riyakar siyasətlərini ifşa edir. Sədəcə bu addımların izahı yoxdur".

Deputat Hikmət Babaoğlu mövzu ilə bağlı bildirib ki, Ursula fon der Leyenin Azərbaycana COP29 üçün gəlib-gəlməməsi nə COP29-un əhəmiyyətini azaldacaq, nə də Azərbaycan üçün narahatlıq doğuracaq. Onun sözlərinə görə, məsələ ondadır ki, COP29 BMT-nin qlobal iqlim dəyişikliyi ilə bağlı irəli sürdüyü məqsədlərin realizə olunması ilə bağlı keçirilən tədbirdir: "Ursula fon der Leyen əgər Avropa İttifaqı Komissiyasının sədri kimi bura gəlmirsə, demək ki, bəşəriyyəti narahat edən qlobal bir problemə laqeydlik nümayiş etdirmiş olur. Bunun Azərbaycana heç bir aidiyyəti yoxdur. Azərbaycan sadəcə bu tədbiri keçirən bir məkandır. Bu, məsələnin birinci tərəfidir.

İkincisi isə xatırlayırıq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Ursula fon der Leyen necə Azərbaycana gəldi və enerji təhlükəsizliyi məsələsi ilə bağlı Azərbaycanla əməkdaşlıq etməyinin nümunəsini ortaya qoydu. Bu iki müqayisədə bir məsələ ortaya çıxır. Avropalıların dünyada baş verən hadisələrə selektiv yanaşması və öz çıxarlarından, eqoist yanaşması məsələsi ortaya gəlir. Avropalılara enerji lazım olanda Bakıya gəlmək olar, amma qlobal iqlim dəyişikliyi ilə bağlı məsələlər müzakirə olunanda Bakıya gəlmək olmaz. Mənə elə gəlir ki, bu da avropalıların ikiüzlü siyasətinin nümunələrindən biridir".

Deputat Elman Nəsirov isə bildirib ki, AK sədrinin Azərbaycanda keçiriləcək dünyanın ən nəhəng tədbirinə - COP29-a qatılmayacağını bəyan etməsi bir həqiqəti ortaya qoyur. Həqiqət ondan ibarətdir ki, deməli, dünyanı narahat edən bir nömrəli problem iqlim dəyişikliyi problemi heç bir halda Avropa İttifaqı rəhbərliyini qayğılandırmır: "Nəzərə alsaq ki, artıq bu, bir reallıq kimi qəbul olunur ki, bugünkü dünyamız üçün bir nömrəli təhdid beynəlxalq terrorizm deyil. Bir nömrəli təhdid iqlim dəyişikliyi ilə yayılmış problemdir və Avropa İttifaqı Avropa Komissiyasına sədrlik edən bir şəxs ilk növbədə bu tədbirə gəlməli idi, çünki Avropa ölkələri qədər bu gün ekoloji böhranı yaradan digər ölkələr yoxdur. Yəni bu gün Avropanın inkişaf edən sənayesi havanı çirkləndirən və onu daha çox karbon tullantıları ilə zəhərləndirən bir tərəfdir. Hamıdan çox Avropa İttifaqı Bakıda keçirilən COP29 tədbirində fəal iştirakı ilə seçilməli idi. Eyni zamanda, bu tədbirdə iqlim dəyişikliyi ilə bağlı maliyyə məsələləri əsas müzakirə predmeti olacaq. Paris razılaşmasına əsasən, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə 100 milyard dollar vəsait ayırmalıdır. İndi də inkişaf etməkdə olan ölkələr tələb edirlər ki, bu həcm çox kiçikdir, çünki problem getdikcə daha da dərinləşir, 1,1 - 1,3 trilyon dollar vəsait ayırmaq lazımdır və bu vəsaiti əsas ayıran tərəflərdən biri kimi, məhz Avropa İttifaqı çıxış etməli idi. Amma göründüyü kimi, Avropa İttifaqı rəhbərliyi bu tədbirə gəlməkdən imtina edir, deməli, heç o vəsaiti ödəmək niyyəti də yoxdur, bununla da bir daha sübut edirlər ki, onlar üçün dünyanı narahat edən qlobal məsələlər deyil, öz dar məqsədləri bir nömrəli mahiyyət kəsb edir".

Deputat təəssüf hissi ilə qeyd edib ki, Avropa İttifaqı rəhbərliyinin bu davranışı onu göstərir ki, dünyanı narahat edən problemləri dillərinə gətirsələr belə, bu, sadəcə sözdür, ortada heç bir əməl yoxdur. Son hadisə, son davranış da bunu bir daha təsdiqlədi: "Görünür ki, burda siyasi motivlər ön plana çıxır, ona görə COP29 tədbirinə qatılmırlar ki, Azərbaycan dövləti özünün ərazi bütövlüyünü, suverenliyini tam, qəti və əbədi təmin edib, bütün Azərbaycan ərazisində bayrağımız dalğalanır, bütün bu reallıqları həzm edə bilmirlər, ona görə də gah Azərbaycanla qaz müqavilələrinə yenidən baxmaq, gah COP29-dan imtina kimi mənasız bəyanatlar səsləndirirlər. Təəssüf ki, AK rəhbərinin bu mövqeyi ilə ermənipərəst Avropa parlamentarilərinin mövqeyi tamamilə üst-üstə düşür. Bu isə Aİ-yə utanc gətirən bir hadisədir".

 

 





07.11.2024    çap et  çap et