Möhübbət HEYDƏROV
Qarşımda ağ vərəq, əlimdə qələm və bol xatirələr, şipşirin təəssüratlar... Baxırıq bir-birimizə... Söz ehtiyatımdan - leksikonumdan heç vaxt şikayət etməmişəm, amma bu axşam qələmim də, vərəqim də söz həsrəti çəkir - "söz çıxıb ceyran belinə". Ən ali mənəvi dəyərləri özündə cəmləşdirən, həmişə həqiqətin və ədalətin yanında olan, böyük idarəçilik bacarığı ilə örnək sayıla biləcək bir insandan - İrşad Nadir oğlu Əliyevdən söz açmalıyam.
İrşad müəllim bizim rayona - Beyləqana rəhbər təyin ediləndə mən Subartezian Quyularının İstismar İdarəsində rəis işləyirdim. Bir gün məni çağırdı. Sakit, amma çox ciddi:
- A bala, - dedi, - biz yeraltı suları nəzarətdə saxlamalıyıq. Yer üstündəki suları yox, yer altındakı suları nəzərdə tuturam.
Düşündüm ki, bu başçı ilə işləmək çətin olacaq, axırımız çatdı.
...Günlər günləri aya qovuşdurdu. İrşad müəllimin işlərini maraqla izləyirdik. İlahi, bu necə rəhbərdir, bu necə başçıdır? İndiyə qədər "diktatorlarla" işləyən biz heyrətdə qalmışdıq... Sən demə, biz bu günə qədər nə insan kimi yaşamış, nə də işləmişik...
İrşad müəllimin münasibəti sayəsində öncə özümüzü tanıdıq, qiymətləndirdik. Sonra ondan insanlıq dərsi aldıq. O, əsl müəllim kimi bizə danışıq qabiliyyəti, özünüaparma incəliyi, ünsiyyət yaratmaq vərdişi, dinləmək bacarığı, dövlətə, dövlətçiliyə, dövlət başçısına, Vətənə sədaqət, torpağa, millətə, orduya məhəbbət hissləri aşıladı.
İrşad müəllim gələnə qədər rayondakı tədbirlərə çox könülsüz gedən idarə müdirləri üçün onun çıxış edəcəyi tədbirlər həyat məktəbi, insanlıq dərsi idi. Allah bu insana nə verməmişdi? İstedad, bilgi, bulaq zümzüməsini xatırladan həzin səs, ən başlıcası, səmimiyyət və mədəniyyət... Çox sadə insan idi. Gəncliyindən rəhbər vəzifələrdə işlədiyinə baxmayaraq, özündən, təcrübəsindən heç vaxt danışmazdı. Aqillərin dediyi kimi, "mən" kəlməsindən çox "sən" işlədirdi.
Mən onu kəşf etməyə başlamışdım. Bu "kəşflərim" bitib-tükənmirdi. Hər görüşümüzdə yeni kəşflə ayrılırdım ondan.
Onun simasında vəzifəni şəxsiyyətin hörmətə mindirdiyini dərk edirdim. O, görəcəyi işi elan etmirdi, icra edirdi.
Mən də xeyli müddət idarə müdiri işləmişəm. Ötən illərimi təəssüflə xatırlayır və düşünürdüm ki, demək bir rəhbər işçi kimi yaşamaq və işləmək belə olurmuş. Həyatımın yeddi illik zaman kəsiyi ömrümün ən dəyərli, əvəzsiz parçası oldu. Həyatın ən gözəl, ən xoşbəxt anları təkrar yaşanmayan günləridir. İrşad müəllimlə işlədiyim, görüşdüyüm hər bir gün həyatımın səadət dolu məqamları idi.
...Onun gəlişi ilə rayonumuzda abadlıq, yenidənqurma işləri vüsət aldı. Dövlət başçısının məqsədi inkişaf etmiş Avropa dövlətlərində olan yenilikləri respublikamıza gətirmək olduğu kimi İrşad müəllimin də amalı bu işin böyük bir parçasını Beyləqanda həyata keçirmək idi və keçirdi də.
O, boru vasitəsilə, yağış yağdırma üsulu ilə, damcı yolu ilə suvarmanın nəzəri və praktik yollarını gözəl bilirdi. İçməli su və kanalizasiya, meliorasiya və irriqasiya işlərinə start verildi və başa çatdırıldı. Yol infrastrukturu, işıq və qaz təchizatı tam həll olundu.
İrşad müəllim təhsilə xüsusi diqqət yetirirdi. Təhsil sistemində bütün fənlər üzrə olimpiadalar keçirilməsi ənənəsi də onun adı ilə bağlıdır. Hər il yüksək balla ali məktəblərə qəbul olan gəncləri özü qəbul edir, onların valideynlərini rayon tədbirlərinə dəvət edirdi.
İrşad müəllim Beyləqanda əsl akademiya açmış, universitet təsis etmişdi. Mən İrşad müəllimin akademiyası və universitetinin məzunu olmağımla fəxr edirəm. O hər şeydən öncə, bizi əsl insan kimi formalaşdırdı.
Rayon ərazisində "Çoban evi" deyilən tikintidə yolun kənarında işləyirdik. Təbii ki, İrşad müəllim də burada idi. Bu zaman asfalt yolda bir "Juquli" dayandı. Köynək, corab, uşaq paltarı və s. satırdı. Malını bizə göstərmək istəyirdi. Çaşıb qaldıq. İrşad müəllim təmkinlə rusdilli sürücüyə bazarın yerini göstərdi.
- Üç, dörd kilometr get, sağa dön, on kilometr də get, bazar ordadır. Ora müraciət elə.
İnsan nə qədər xeyirxah, humanist olarmış...
Həmin "Çoban evi"nin yanında bir artezian quyusunun qazılması planlaşdırıldı. İşə başladıq... Su yararlı olmadı. Mən yamanca pərt oldum.
İrşad müəllimin iş kabinetinə gəldim. O, adəti üzrə "a bala" xitabı ilə mənə müraciət edib:
- Otur, - dedi.
Oturmadım. Pərt halda:
- Niyə oturum, İrşad müəllim, -dedim, - su yaxşı çıxmadı.
O, mehribanlıqla:
- Ayə, cəhənnəmə çıxsın, - dedi, - yerin altına ha girməmişdin? Otur.
Oturdum. O fikirli-fikirli sual etdi:
- Obyekti su ilə necə təmin edək?
Mən nəsə demək istəyirdim ki, o:
- Bəlkə, bir kapitaj düzəldək? - dedi.
İrşad müəllimin təklifi və rəhbərliyi ilə gözəl bir su mənbəyi düzəltdik. Görülən işlərə baxıb heyrətə gəlirdim: "Bu işləri bizmi görmüşük?" Artıq özümüzə, gücümüzə güvənirdik. Bu güvəni bizə İrşad müəllim bəxş etmişdi.
Rayonda idarələrin birinə nazirlikdən məmurlar gəlir. Yoxlama zamanı qanun pozuntuları, nöqsanlar üzə çıxır. İdarə müdiri və işçilər narahat halda prokuroluğa çağırılacaqlarını gözləyirlər. Bir müddət keçdikdən sonra idarə müdiri nazirliyə gedib maraqlanır. Sənədlərin prokurorluğa verilmədiyinə görə nazir müavininə təşəkkür edir.
Müavin:
- Gedin, İrşad müəllimə təşəkkür edin, - deyir.
Mənim rəhbərlik etdiyim idarədən ardıcıl olaraq anonim məktublar yazırdılar. Bunu İrşad müəllimə dedim.
O sakit tərzdə:
- A bala, - dedi, - gəlmişdilər, mən onlara komanda verdim.
Bir nəfər bizim idarədən imza ilə haqsız, ədalətsiz yazırdı. Yenə İrşad müəllimlə görüşdüm. Həmin adamı prokurorluğa vermək istədiyimi söylədim.
O mənə baxıb:
- A bala, - dedi, - sən niyə? Get işinlə məşğul ol.
Mən getdim. Bir neçə dəqiqədən sonra mənə İcra Hakimiyyətindən zəng gəldi:
- Prokuror gözləyir.
...İrşad müəllimin yanına gəldim.
- A bala, gəlsin, üzr istəsin, - dedi, -bir kənddənsiniz, tutdurma, bağışla, getsin.
O belə idi. Leksikonunda "pislik" sözü yox idi. Bağışlamaq isə ona məxsus keyfiyyət idi.
İrşad müəllimin sevə-sevə gördüyü böyük işlərdən biri yaşıllaşdırma - ağacəkmə kampaniyası idi.
"Dörd yol" deyilən yoldan rayon mərkəzinə tərəf asfalt yolun kənarı ilə bizim idarənin işçilərinə ağac əkdirirdi. Əkin başa çatandan sonra İrşad müəllim bizə:
- Ağacı əkib qurtardınız, bəs ağacları necə suvaracaqsınız? Bir fikirləşin - deyib getdi.
Bir neçə aidiyyəti idarə müdiri belə qərara gəldi ki, kanaldan su çəkmək üçün böyük səyyari nasos quraşdıraq, ağac cərgələrinin arası ilə dərin arx çəkək, suyu arxa vurub ağacları suvaraq.
Axşam İrşad müəllim gəldi:
- A bala, - dedi, - nə qərara gəldiniz?
Mən özümdənrazı təklifimizi söylədim.
İrşad müəllim özünəməxsus təbəssümlə bizi süzüb çay süfrəsinə dəvət etdi. Mənə xitabən:
- A bala, bəlkə, başqa cür, damcı üsulundan istifadə edək, - dedi.
Narazı qalsam da, işə başladıq. Müəllimin göstərdiyi hündür yerdə böyük çən qoyduq. Çəndən ağac cərgələrinin yanı ilə borular çəkdik. Hər ağacın yanında borudan kiçik deşiklər açdıq. Su ağacın dibinə damcıladı. İrşad müəllimin dediyi kimi, ağacın qidalanma sahəsi nəm oldu. Nəticədə altı qəpik xərclə (elektirik xərci) mindən çox ağacı suvardıq.
O, günün yarısını hərbi hissələrdə olurdu. Çox vaxt bizi - idarə müdirlərini də özü ilə aparırdı. İlk günlər təəccüblənirdik ki, axı bizim burda nə işimiz var? Bayram günlərindəki gedişimiz tam fərqli olurdu. İrşad müəllim əsgərləri təbrik edir, Vətən, millət üçün onların məqamının necə böyük olduğunu xüsusi vurğulayır, onlara hədiyyələr, mükafatlar təqdim edirdi. Bu anlarda onun üzündə qürur, sevinc hissi ilə yanaşı, bir minnətdarlıq duyğusu da əks olunurdu. O, bizə necə bir vərdiş aşılamışdısa, İrşad müəllim rayonumuzdan gedəndən sonra da bu ənənəyə sadiq qaldıq: Əsgərlərimizi heç vaxt unutmadıq. Bəli, biz İrşad müəllim akademiyasında püxtələşmişdik.
İrşad müəllimin təşəbbüs və tapşırığı ilə yeni-yeni subartezian quyuları qazırdıq. O, mənə tez-tez zəng edir, işin gedişi ilə maraqlanır, nəticəni həyəcanla gözləyirdi.
Aşıqlı kəndində qazdığımız quyu, nəhayət, gecədən xeyli keçmiş fontan vurdu. Əziyyətimiz əlimizdə qalmadı. Şirin su çıxdı. Ertəsi gün İrşad müəllimlə onun iş otağında görüşdüm. Məlumat verdim. Onun nurlu üzündən sevinc süzüldü. Mənə:
- A bala, - dedi, - bunu niyə gecə mənə xəbər vermədin?
Həqiqəti söylədim:
- İrşad müəllim, gecənin o saatında sizi narahat etmək istəmədim.
Yorğun, yuxusuz gözlərini mənə dikdi:
- Nə narahatlıq? Deyərdin, mən də bu gecə rahat yatardım, - dedi.
İrşad müəllim Beyləqanı elə sevir, elə həvəslə abadlaşdırırdı ki, sanki Beyləqanda doğulmuş, böyümüş, və əbədi olaraq burada yaşayacaq. Bəli, vətənin hər parçası İrşad müəllim üçün əziz, doğma və qiymətli idi. Kürdəmirdə işləyərkən də rayonumuzda əkdirdiyi ağacları düşünürdü. Yaşıllaşdırma sahəsində işləyən insanlara pul göndərirdi ki, ağaclara daha yaxşı qulluq etsinlər.
Bir dəfə İrşad müəllimlə kəndlərə - kənd sakinlərinin görüşünə getmişdik. Cavanlar şikayətləndilər ki, iş yeri tapa bilmirlər. İrşad müəllim bazar iqtisadiyyatına uyğun tərzdə onların suallarını cavablandırdı:
- A bala, tezdən beşdə gedin rayon bazarına. Görün, Bərdədən bazara nə gətirirlər? Torpaq bizdə, su bizdə, işçi qüvvəsi bizdə. Məhsul niyə Bərdədən gəlməlidir?
İrşad müəllim incə yumora da malik idi. Bir dəfə yenə kənddə görüş zamanı narazılıq, söz-söhbət oldu. Həmişə olduğu kimi, sonda üzr istədilər və İrşad müəllimdən incimədiklərini dedilər. Getməyə hazırlaşanda o, təbəssümlə:
- Amma, - dedi, - mən sizdən incimişəm.
Hamının sual dolu, təəccüblü baxışı onun üzünə dikildi. Gözlərindən bir sual oxunurdu: "Axı niyə?" İrşad müəllim onları çox intizarda saxlamadı. Dedi:
- Məni niyə çaya dəvət etmədiniz?
...Yeni layihəsi "Görüş"dən (Qarabağ kanalından) Beyləqana qədər ağaclarla körpü salmaq idi. İşə başlamışdı da... Çox təəssüf ki, o günlər İrşad müəllim bizim rayonla vidalaşdı. Kürdəmirə rəhbər işə təyin edildi.
Kürdəmirdə işləyəndə bir gün onun ziyarətinə getdik. Görüşüb öpüşdük. Gəlişimiz ona çox xoş oldu. Düyməni basıb:
- Yeməyi biraz artıq eləyin, - dedi.
Qaydıdanda İrşad müəllimin köməkçisinə dedim:
- Bu dəfə başçımızı aparmırıq. Gələn dəfə gələndə aparacayıq.
Köməkçi təşvişlə:
- Siz Allah, aparmayın, - dedi, - indi-indi bir gün görürük.
...Bu günlərdə biz İrşad müəllimin 80 illik yubileyinə yığışmışdıq. İşlədiyi rayonlardan onlarla adam gəlmişdi. Tədbir Ağcakənddə keçirilirdi. Bu, heç də təsadüfi deyildi. 1992-ci ildə İrşad müəllim Goranboyda rəhbər işləyərkən bu kəndi erməni təcavüzündən böyük çətinliklə azad etmişdi.
Çox xoşbəxt idi. Bu xoşbəxtlik, təbii ki, bizə sirayət etməyə bilməzdi. Gözlərdə sevinc, üzlərdə təbəssüm təşnəsi, acı olduğumuz o səsi dinləməyə səbirsizlənirdik. İrşad müəllim bizi çox gözlətmədi:
- Cənab Prezidentimiz, güclü ordumuz torpaqlarımızı işğaldan azad etdi. Ərazi bütövlüyümüz və dövlət suverenliyimiz bərpa olundu. Biz qalib ölkənin qalib vətəndaşları olduq...
Nəfəsimizi içimizə çəkib dinləyirdik. İrşad müəllimin həzin səsi bizi sehrləmişdi. Daha doğrusu, həsrətində olduğumuz bir səsin sehrinə düşmüşdük. Bu səs deyirdi:
- Biz bu günü gördük... Ağrılar, acılar arxada qaldı...
Kövrəlmişdi. Və bunu bizdən gizlətmirdi. Bu titrəyən səsin, üzümüzə zillənən şəfqət və məhəbbət dolu baxışların, nurlu çöhrənin sahibi sanki bir anlıq, bircə anlıq özünə hesabat verdi. Gülümsədi. O, 80 il alnıaçıq, üzüağ, mənalı bir ömür yaşamışdır.
...Bu mənalı ömürdən ona bol-bol arzulayıb əlini öpdük. İrşad müəllimdən - İnsanlıq Akademiyasından, Vətəndaşlıq Universitetindən, Kişilik, Ərlik Məktəbindən ayrıldıq.
Yolboyu mən də öz-özümə hesabat verirdim: "Necə yaşamışam, necə işləmişəm? Kimlərdən əxz etmişəm?" bu suallara cavab axtarırkən gözüm önündə üç portret dayandı: İrşad müəllim, Məhəmməd Əsədov və Əhməd Əhmədzadə.
Qürurlandım: bu nəhənglərdən əxz etmək düşüb taleyimə. Nə xoş ki üç il Məhəmməd Əsədov, yeddi il İrşad Əliyev, iyirmi beş il Əhməd Əhmədzadə məktəbini keçmişəm.