“6 noyabr 2024-cü il tarixində Qırğızıstanda mühüm hadisə - Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçirildi. Və mən əvvəlki Zirvə Görüşlərinin bilavasitə şahidi olduğum, inteqrasiya proseslərində yaxından iştirak etdiyim üçün əminliklə deyə bilərəm ki, Qarabağ Zəfərinin Türk Dünyası ölkələrinin daha da yaxınlaşmasında, onlar arasında həmrəyliyin daha da gücləndirilməsində çox böyük və ciddi rolu oldu”.
525.az xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, millət vəkili Günay Əfəndiyeva Milli Məclisin 7 noyabr 2024-cü il tarixli plenar iclası zamanı bildirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Bizim ailəmiz - Türk Dünyasıdır" ifadəsinə diqqət çəkən Günay Əfəndiyeva vurğulayıb ki, bu sözlər Zəfər Günü ərəfəsində də böyük əhəmiyyət daşıyır. Millət vəkili, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə ilə yalnız öz torpaqlarını deyil, həm də Türk Dünyasının zəngin, qədim dəyərlərini, çoxəsrlik irsini qoruduğunu bildirib.
Günay Əfəndiyeva qeyd edib: “Türk ölkələrinin dövlət başçılarının Qarabağa ikitərəfli səfərləri, Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması, Füzulidə Özbəkistanın Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbinin, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılması, Ağdamın Xıdırlı kəndində Qırğızıstanın, Cəbrayıl rayonunda Macarıstanın orta məktəblərinin təməllərini qoyması türk xalqlarının birliyini və həm də beynəlxalq həmrəyliyimizi bir daha sübut edir”.
“Keçən il Şuşa Türk Dünyasının mədəniyyət paytaxtı elan olundu. Bu il isə cənab Prezidentin təşəbbüsü ilə Şuşanın qapıları Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşünə açıldı, Qarabağ Bəyannaməsi imzalandı. Bir tərəfdən Şuşa və ümumilikdə Qarabağ Türk Dünyasının ciddi siyasi platformasına çevrilir. Digər tərəfdən isə Azərbaycan ikitərəfli, eləcə də çoxtərəfli görüşlərlə kifayətlənmir. Qeyri-formal, dostluğu, qardaşlığı təcəssüm edən görüşlər keçirir. Beləliklə, Qarabağ Şuşa daxil olmaqla, həm siyasi-ictimai, həm də mədəni-mənəvi baxımdan birləşdirici bir qüvvə kimi aktiv rol oynayır”, - deyə deputat vurğulayıb.
Günay Əfəndiyeva, 8 noyabr - Zəfər Gününün yalnız Azərbaycanın deyil, bütün Türk Dünyasının bayramı olduğunu qeyd edərək bildirib: “Qarabağda, Şuşada yaşadığımız qələbə hissləri bizim üçün olduğu kimi, eləcə də bu böyük ailənin hər bir üzvü üçün qürurvericidir. Və inanıram ki, ortaq soy-kökü, tarixi, mənəvi dəyərləri ətrafında sıx birləşən, həmrəyliyə, qarşılıqlı dəstəyə söykənən güclü və möhkəm bir ailə olaraq, Türk Dünyası gələcəkdə neçə-neçə genişmiqyaslı uğurlara imza atacaq”.