NATO ölkələri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın tələb etdiyi kimi, ÜDM-in 2%-dən çoxunu müdafiəyə xərcləyəcək.
525.az xəbər verir ki, bu barədə Avropa Siyasi Birliyinin Budapeştdə keçirilən iclasından əvvəl Alyansın baş katibi Mark Rutte deyib.
“Tamamilə dəqiqdir ki, gələcəkdə NATO ölkələri ÜDM-in 2%-dən çoxunu müdafiəyə xərcləyəcək. İndi biz müzakirə etməliyik ki, yeni hədəf indiki 2% kimi universal olacaq, yoxsa hər bir müttəfiq üçün güc məqsədləri təyin etməliyik, bu halda hər bir ölkə üçün faiz fərqli olacaq”, - Baş katib vurğulayıb.
O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp əvvəlki prezidentlik dövründə (2017-2021) NATO ölkələrinin müdafiəyə 2%-dən çox pul xərcləməli olduğunu deyərkən haqlı olub.
Bundan əvvəl, noyabrın 4-də Rutte Berlində Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirmişdi ki, Kamala Harris və ya Donald Trampın qalib gəlməsindən asılı olmayaraq, NATO istənilən ABŞ prezidenti ilə işləyəcək.
Pərvanə Sultanova
çap et