525.Az

Elnarə Tofiqqızının ölümü ilə bağlı cinayət işi icraata qəbul edilib


 

Elnarə Tofiqqızının ölümü ilə bağlı cinayət işi icraata qəbul edilib<b style="color:red"></b> Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işi icraata qəbul edilib.
 
E. Tofiqqızının həyat yoldaşı Anar Niftəliyevin APA-ya verdiyi məlumata görə, cinayət işi Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənovanın icraatına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası noyabrın 19-na təyin edilib.
 
Anar Niftəliyev bildirib ki, iş materiallarına əsasən E. Tofiqqızının üzərində aparılan cərrahiyyə əməliyyatında iştirak edən anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən sənədi saxtalaşdırma) maddələrinə əsasən təqsirləndirilir, onun barəsində başqa yerə getməmə haqqında məhkəmə qərarı var.
 
Qeyd edək ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.
 
Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.
 
 
Ötən ilin sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
 





12.11.2014    çap et  çap et