Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi tərəfindən 8 Noyabr - Zəfər Günü münasibətilə Sarayevo şəhərində yerləşən Dostluq parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə tədbir keçirilib.
525.az xəbər verir ki, tədbirdə səfirliyimizin əməkdaşları, Türkiyənin Bosniya və Herseqovinadakı səfiri və səfirliyin əməkdaşları, Sarayevodakı ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr, həmçinin “Anadolu Agentliyi”nin Balkan regional ofisinin rəhbəri və əməkdaşları iştirak ediblər.
Nümayəndə heyətləri Dostluq parkında ucaldılmış abidənin önünə əklil və gül dəstələri düzüb, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə canlarından keçmiş Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev çıxışında 8 Noyabr - Zəfər Gününün Azərbaycanın müasir tarixindəki yerindən bəhs edərək, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Ordusunun xalqımıza qarşı 30 ilə yaxın davam edən, dünya birliyinin də göz yumduğu tarixi ədalətsizliyə son qoyduğunu və bu zəfərin xalqımızın tarix yaddaşına gürürla həkk olunduğunu vurğulamışdır. O, qazanılan Zəfərin davamı olaraq, Ermənistanın işğal dövründə viran qoyduğu torpaqlarda hazırda Azərbaycan tərəfindən geniş miqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını və el-obalarına qayıdan azərbaycanlıların sayının günü-gündən artığını qeyd edib.
Həmçinin, 8 Noyabr - Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Sarayevo şəhərinin mərkəzində vacib kəsişmə nöqtələrindən biri olan və Bosniya və Herseqovina Parlament Assambleyası ilə üzbəüz yerləşən “ALTA” ticarət mərkəzinin fasadındakı rəqəmsal media lövhəsində bu əlamətdar günlər barədə məlumatların əks olunduğu fotoşəkillər yerləşdirilib.