Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev RF Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin və Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasinlə görüşüb.
525 .az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlığının intensivləşdirilməsi, eləcə də Milli Məclis və Rusiya Federasiyası Federal Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının növbəti iclasının keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin ikitərəfli münasibətlərin aktual məsələləri və regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan səfiri müsahiblərinə Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin gedişi barədə məlumat verib, Ermənistanın normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının yer aldığı və sülh sazişinin imzalanmasına əsas maneə olan müddəaların tezliklə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.