|
|
|
|
Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin dəvəti ilə 6-8 noyabr tarixində BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi-tədqiqat laboratoriyasının əməkdaşları “Tarixdən bu günümüzə süzülən tar sənəti” adlı elmi konfransa qatıldılar. Burada elmi nəzəri və praktik konfrans keçiriləcəyi nəzərə alınaraq BMA-nın rektoru, professor, Xalq artisti Fərhad Bədəlbəyli tədbirdə ölkəmizin bir sıra musiqi təmayüllü ali təhsil ocaqlarının da nümayəndələrinin iştirakını vacib saydı. Beləliklə, bu konfransa BMA-dan başqa (Elmi işlər üzrə prorektor, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, professor, Baş elmi işçi, Xalq artisti Ramiz Quliyev, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Xalq artisti, Baş elmi işçi Zümrüd Məmmədova, Baş elmi işçi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, Aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli, Böyük elmi işçi Zeynal İsayev, Elmi işçi, doktorant və qiraətçi Nigar Bayramova, musiqi alətləri hazırlayan usta Musa Yaqubov), AMK-dan sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə, BXA-da rəqs ixtisası üzrə müəllim, Əməkdar artist Elçin Allahverdiyev, ADMİU-da tar ixtisası üzrə müəllim Səxavət Məmmədov da qatılıblar.
Bizi qarşılayanlar arasında ustad sənətkar, şair-qəzəlxan, virtuoz dambur ifaçısı və haylaçı Əfqan Rəhmanov (şairlik ləqəbi Atbaz) da var idi. O, Balakənin unikal hayla sənəti vasitəsi ilə bədahətən söylədiyi məzəli kupletlərlə ruhumuzu dincəltdi, bir növ, yol yorğunluğumuzu unutdurdu.
Sonra Balakən şəhər uşaq incəsənət məktəbinə yollandıq. Məktəbin direktoru Arifə Tağıyeva qonaqları salamladıqdan sonra tədbirin məramını açıqladı. O nəinki bölgədə, bütün Azərbaycanda sayılıb-seçilmiş sənətkar, əsasən mahir tarbənd olsa da, bir sıra musiqi alətləri hazırlayan atası Aydın Tağıyev (1935-1992) haqqında lakonik məlumat verdi. Daha sonra incəsənət məktəbinin şagirdləri müəllimlərilə birgə vətənpərvər ruhlu melodiyalar ifa etdilər. Burada məktəbin xoru, rəqs kollektivi və ayrı-ayrı ifaçıların rəngarəng çıxışları xoş təsir bağışladı. Qonaqlar konsert haqqında fikirlərini söylədilər. Onlar həmçinin burada görünən müəyyən çatışmazlıqlara öz tövsiyə və məsləhətlərini verdilər. Bundan sonra qonaqlar müxtəlif müvafiq siniflərdə ustad dərsləri apardılar. Ümumilikdə nümayiş etdirilən ustad dərsləri musiqi mədəniyyətimizin inkişafına xidmət deməkdir. Bu işin də əsas təşəbbüskarı virtuoz tarçalan Ramiz Quliyev olmuşdur.
Bütün iştirakçılar kimi, Balakən şəhər uşaq incəsənət məktəbində də çıxış etdim. Öncə konsert iştirakçılarına təşəkkürümüzü bildirdim və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladım. Şagirdlərin ifalarındakı müsbət keyfiyyətləri yanaşı, görünən xırda qüsurlarını da dilə gətirdim. Məsələn, xorun unison oxumağı ürəyimcə olmadı. Xor deyiriksə, burada alt, harmonik və polifonik səslənmələr olmalıdır. Əks halda belə oxumalar əsgəri hissələrdəki marşlara bənzəyir. Xor “Heyratı” zərbli muğamını ifa edərkən də deyilən xüsusiyyətlər nəzərə almalıydı. Yadıma təxminən 100 il əvvəl dahi Cəfər Cabbarlının xorla bağlı mətbuatda yazdığı dəyərli fikirlər düşdü. Onun 1926-cı ildə qələmə aldığı “Türk operası” adlı məqaləsindən bəlli olur ki, “Leyli və Məcnun” operasının 1908-ci ildə səhnəyə qoyulan ilk tamaşasına da baxıbmış. Bu məqalədə Cəfər “Leyli və Məcnun”un ötən 18 ildəki uğurlarından bəhs edir, eyni zamanda, haqlı olaraq xorla bağlı öz tənqidi fikirlərini də bildirir (C.Eloğlu (Cəfər Cabbarlı - A.N.). Türk operası. // “Maarif və mədəniyyət” məcmuəsi, №10-11, 1926, s. 38-39).
Balaban və dambur kimi alətlərin incəsənət məktəbində tədrisə daxil edilməsini, həmçinin unikal hayla sənətinin UNESCO-nun reprezentativ siyahısına daxil olunması üçün ilkin addımların atılmasının vacibliyini bildirdim.
Sonda heç kimin gözləmədiyi baxımlı bir məqam yarandı. Bildirdim ki, akademik Rafael Hüseynov tədbirlərdə məni təqdim edərkən “Abbasqulu Nəcəfzadəni harasa fikir söyləməyə dəvət etsələr, o, tək getmir, özü ilə “dost”larını da aparır”. Rafael müəllim “dost” dedikdə musiqi alətlərini nəzərdə tutur. Bu gün də balaban adlı “dost”umla gəlmişəm. Məni royalda müşayiət etmək üçün Zeynal İsayevi səhnəyə dəvət etdim. Balabanda “Sarı gəlin” melodiyasını ifa edərkən bir şagird milli qiyafədə səhnəyə çıxıb süzməyə başladı. Hər kəs düşünə bilərdi ki, bu cür təqdimat əvvəlcədən hazırlanmışdı. Ancaq qətiyyən belə deyildi, sadəcə, bu gözəl bala melodiyanı eşidən kimi, kimsədən icazə almadan səhnəyə çıxdı və o, bu hərəkətilə gurultulu alqışlar qazandı. Sonradan öyrəndim ki, bu şagirdin adı Xatiya Rəhimovadır. O, əvvəlcə rəqs sənəti ilə məşğul olmuş, hazırda isə fortepiano sinfi üzrə təhsil alır.
Bu məqamda musiqisevər xalqımız haqqında söylənilən xoş sözlər yada düşür. XIX əsrdə milliyyətcə fransız olan səyyah, etnoqraf-tarixçi İvan İvanoviç Şopen (1798-1870) Qafqazda və İranda araşdırmalar aparmışdır. O yazır ki, Azərbaycan türkləri oxumaq və oynamaqda qonşularının müəllimidir” (Bünyadov T.Ə. Əsrlərdən gələn səslər. Bakı: “Azərnəşr”, 1993, s. 56).
Burada “qonşu” dedikdə Qafqazda və İranda yaşayan Azərbaycan türkü olmayan başqa millətlər nəzərdə tutulur. Dahi Üzeyir bəy Hacıbəylinin (1885-1948) də bununla bağlı yazdığı fikirlər maraqlıdır: “Azərbaycan türkləri istedadi-musiqicə nə Osmanlı türklərindən, nə də qonşuları iranlılardan heç də geri deyildirlər. Qafqaz millətləri içində isə musiqiyə ən müstəid olanları Azərbaycan türkləridir desək, zərrəcə mübaliğə olmaz” (Hacıbəyli Ü.Ə. Bədii və publisistik əsərlər. Bakı: “Şərq-Qərb”, 2008, s. 492).
Növbəti gün Balakən şəhər Diyarşünaslıq Muzeyində rayona aid edilən unikal eksponatlarla tanış olduq.
Nahardan sonra konfrans işinə başladı. Balakən rayon İcra Başçısı İslam Rzayev konfrans iştirakçılarını salamladıqdan sonra yuxarıda adıçəkilən araşdırmaçılar rəngarəng mövzularla çıxış etdilər.
Söz mənə verildi və “Azərbaycanın Balakən, Qax və Zaqatala bölgəsindəki unikal musiqi mədəniyyəti” adlı məruzə ilə çıxış edəcəyim bildirildi. Məruzəmin mətnini təqdim edirəm.
Hörmətli İslam Rzayev, sizi və bütün tədbir iştirakçılarını salamlayıram. Adından göründüyü kimi, məruzəmdə Azərbaycanın Balakən, Qax və Zaqatala bölgəsindəki unikal musiqi mədəniyyətindən bəhs edəcəyəm. Sual yaranır: Həmin mədəniyyət nümunəsi necə adlanır? Bu, hayla sənəti və haylaçıların istifadə etdikləri dambur alətidir. Elmi ədəbiyyatda haqqında bəhs etdiyimiz alət Balakən damburu adı ilə təbliğ olunur. Əslində, dambur qədim tənbur alətinin növlərindən biridir. Şərqdə tənburun müxtəlif ərazi və xalqların adı ilə fərqli növləri yayılmışdır: Xorasan tənburu, Bağdad tənburu, Şirvan tənburu, Bədəxşan tənburu, Naxçıvan tənburu və s. yayılmışdır. Eləcə də tənburun tellərinin sayına görə də müxtəlif növləri yaradılmışdır: dütar, setar, çahartar, pənctar, şeştar.
Balakən damburu da tənburun ilkin növlərindən biridir. Bu alət haqqında az sonra geniş bilgi verəcəyik. Öncə istərdim, kimliyi Azərbaycan xalqına məxsus olan bir neçə musiqi alətindən bəhs edək. Tənburun çahartar və şeştar növlərinin yaradıcısı Azərbaycan türkləri olmuşdur.
Çahartarı XIII əsrdə Şeyx Səfiəddin İshaq Ərdəbillinin (1252-1334) sifarişilə Ərdəbil şəhərində Kamal Əxi icad etmişdir. XVII əsrdə yaşamış Əlixan Təbrizi isə şeştarı ərsəyə gətirmişdir.
Ümumilikdə isə, Əbu-Nəsr Fərabi (IX əsrin sonu) tar, Nəsirəddin Tusi (XIII əsr) mehtər düdüyü (kələnay), Səfiəddin Urməvi nüzhə və muğni (XIII əsr), Rizvanşah Təbrizi (XIV əsr) kuzə dəsti, Əbdülqadir Marağalı (XIV əsr) ozan, əlvah və kasa dəsti, XVII əsrdə yaşamış Rzaəddin Şirvani şeşxana alətini icad etmişlər.
Ud alətinin bir çox parametrlərlə Azərbaycan xalqına məxsusluğu elmi faktlarla təsdiqlənmişdir. Tarix elmləri doktoru, professor Aləm Nuriyev (1936–2004) bir məqaləsində ud alətilə bağlı olduqca maraqlı faktları ortaya qoyur. Müəllif məqaləsində 1984-cü ildə Bərdədə arxeoloji qazıntılar zamanı aşkar edilən xeyrə tipli qabdan söhbət açır. Bu qabın mərkəzində ud alətinin rəsmi cızma yolu ilə həkk olunmuşdur. A.Nuriyev bu tapıntının Kür-Araz erkən Tunc dövrünə, yəni e.ə. IV-III minilliklərə aid olduğunu qeyd edir (Nuriyev A.B. Milli musiqinin nadir tapıntısı. // Elmi axtarışlar, VI toplu, filologiya, tarix, incəsənət. Bakı: 2001, s. 209-210).
Zurna - 1947-ci ildə görkəmli tarixçi-arxeoloq Qardaşxan Aslanov Mingəçevir şəhəri yaxınlığında, Kür çayının sahilində açdığı qəbirdə maral buynuzundan hazırlanmış nəfəs alətinin qalıqlarını tapmışdır. Bu qəbir Tunc dövrünün sonuna aid edilir. Deməli, Azərbaycanın Mingəçevir ərazisində tapılan zurnanın prototipi təxminən 3,5 min il bundan əvvələ aid edilir.
Balaban alətinə Balakən, Qax və Zaqatala rayonlarında, eləcə də Türkiyədə mey də deyirlər. XII əsrdə yaşamış Nizami Gəncəvi də əsərlərində bu alətə mey kimi müraciət edir. Qətran Təbrizi isə XI əsrdə yazdığı “Divan”ında aləti balaban adlandırır. Ölkəmizdə balabanla da bağlı arxeoloji faktlar vardır.
Bütün adıçəkilən alətlərin “kimliyi”nin xalqımıza məxsusluğu elmi ədəbiyyatda etibarlı mənbələrlə təsdiqlənmişdir.
İndi isə bölgədə kifayət qədər tanınmış şair, qəzəlxan, haylaçı və dambur ifaçısı Əfqan Atbazı (Rəhmanov) səhnəyə dəvət edirəm. Hayla sənəti unikal janrlardan biridir. Burada bədahətən söz deyə bilmirsənsə, dambur ifa etməyə dəyməz. Əfqan Atbazdan xahiş edək hayla sənətini nümayiş etdirsin.
Əfqan Atbaz poetik formada (bayatılar söyləməklə) bütün tədbir iştirakçılarını salamladı, şəhidləri, qaziləri, ümumilikdə qəhrəman döyüşçüləri Dədə Qorqudun dili ilə desək “öydü”.
Həqiqətən hayla sənəti və dambur ifaçılığı mütləq UNESCO-nun reprezentativ siyahısına daxil olunmalıdır. Dambur alətini bir çox xalqların nümayəndələri də ifa edirlər. Lakin bu alətin də bütün parametrlərlə (tarixi, ədəbi, miniatür rəsm əsərləri və s.) “kimliyi” Azərbaycan xalqına məxsusdur.
Dambur - tənburun Balakən, Qax və Zaqatala bölgəsində yerli ləhcədə tələffüzüdür. Bu söz “damar”dan törəmişdir.
Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə (1921-2003) “Cəlaliyyə” əsərində damburun qədim türklərə, xüsusilə də hunlara aid çalğı aləti, haylanın isə onlara məxsus söz sənəti olduğunu yazmışdır Cəfərzadə Ə.M. Cəlaliyyə (povestlər və hekayələr). Bakı: “Gənclik”, 1983, s. 13).
Dambur alətinin adı Azərbaycan Oğuz türkcəsində yazılmış “Dastani-Əhməd Hərami” eposunda dəmbur şəklində çəkilir (Dastani-Əhməd Hərami. Bakı: “Şərq-Qərb”, 2004, s. 85).
Orta əsrlərdə “Yaylaqda musiqi məclisi” (Rəşidəddin, “Camiət-təvarix”, 1528-1529-cu illər, Sankt-Peterburq, Kütləvi Dövlət Kitabxanası, Dorn 289, v. 188 b.) adlı illüstrasiyada üçtelli dambur və dəfçalan təsvir edilmişdir (Kərimov K.C. Azərbaycan miniatürləri. Bakı: “İşıq”, 1980, 37 №li illüstrasiya).
8 noyabrda Heydər Əliyev adına parkda Zəfər bayramı münasibətilə möhtəşəm konsert təşkil olundu. Burada da öncə Balakən rayon İcra Başçısı İslam Rzayev toplaşanları, xüsusən də şəhid valideynlərini, onların övladlarını, qaziləri, qəhrəman döyüşçüləri Zəfər bayramı münasibətilə təbrik etdi. Daha sonra konsertə dəvət olunan musiqiçilər öz rəngarəng proqramları ilə çıxışa başladır. Burada da qrupumuzda təmsil olunanlar gözəl ifaları ilə tamaşaçıların sürəkli alqışlarını qazandılar. Xalq artisti Zümrüd Məmmədova qızı İlahə Qismətin bəstələdiyi “Dalğalansın bayraq” mahnısını, tarçalan Səxavət Məmmədov bəstəkar Kovser Hanimın “Nihavend longa” əsərini, Əməkdar artist Elçin Allahverdiyev Jalə Tağıyeva ilə birgə “Koroğlu” operasından “Cəngi” rəqsini ifa etdilər. Qiraətçi Nigar Bayramova Xalq şairi Tofiq Bayramın “Azərbaycan deyəndə” şeirini böyük şövqlə tamaşaçılara çatdırdı. Mən, Abbasqulu Nəcəfzadə isə, tütək, balaban və zurna alətlərində xalqımızın birlik simvolu olan “Yallı” kompozisiyasını ifa etdim.
Beləliklə, Balakən rayonunda olan üçgünlük səfərimiz sona yetdi. Burada məqalədə yazıldığı kimi, ekspedisiya səfəri çərçivəsində müxtəlif tədbirlərdə iştirak etdik. El sənətkarı, mərhum instrumentalçı-usta Aydın Tağıyevin 90 illiyinə həsr olunmuş gecədə iştirak etdik, onun şərəfinə musiqi məktəbinin siniflərindən birində əl işləri və istifadə etdiyi dəzgahlar, rəndə və s. alətlərlə əyani tanış olduq.
Musiqi məktəbində müxtəlif fənlər üzrə ustad dərsləri nümayiş etdirdik. Elmi konfransda bir çox problemlər ortaya qoyuldu və onların həlli yolları göstərildi.
Sonda onu da bildirək ki, 44 günlük qələbəyə həsr olunmuş “Zəfər bayramı” adlı konsertdə də yaradıcı qrupumuzun üzvləri öz fəallıqları ilə seçildilər.
Abbasqulu Nəcəfzadə
Sənətşünaslıq elmlər doktoru, professor