|
|
|
|
Azad Pirqulu oğlu Cabbarov 1967-ci ildə Laçın rayonunun Arduşlu kəndində anadan olub. 1992- ci ildə Xocalı soyqırımı zamanı girov götürülüb. 13-lərdən biridir. Taleyi məlum deyil.
Bir yaz günündə Laçının axarlı-baxarlı Arduşlu kəndində dünyaya gəlmişdi Azad. Valideynlərinin arzusu onun azad və xoşbəxt yaşaması idi. Adına yaraşan xarakteri varmış, deyilənə görə sağlam xarakterli, dirənişli uşaqmış, istəmədiyini ona etdirmək mümkün deyilmiş. Həm də çox yaraşıqlıymış, qızların xəyalıymış Azad. Amma onun gözü qonşu qızını tutmuşdu. Orta məktəbi əla qiymətlərlə bitirib Bakıda Politexnik Texnikumuna daxil olur. Fərqlənmə diploma ilə bitirib kəndlərinə dönür, sevdiyi ordaydı. Qonşu qızı da orta məktəbi fərqlənmə ilə başa vurmuşdu. Atası polis kapitanı olduğu üçün qızı da polis olmağın xəyallarını qurubmuş. Amma Azad ona bu fürsəti vermədi. Qonşu qızını qaçırıb toy elədi. Oğlu dünyaya gəldi, gənclər ata-ana adının xoşbəxtliyini yaşadılar.
Bu o vaxtlar idi ki, Xocalı günü-gündən genişlənir abadlaşırdı. Azadın bacısı da ailəsiylə 2 il bundan əvvəl Xocalıya köçmüşdülər. Qardaşına məsləhət görmüşdü ki sən də ailənlə köç gəl Xocalıya. Azad da bir yay günündə - 1991-ci ilin avqustun 1-də ailəsini də alıb Xocalıya köçmüşdü. Gəldiyi gündən Xocalının Özünümüdafiə batalyonuna yazılıb kəndin müdafiəsində dayanmışdı. Qarabağın ağır günündə ən şərəfli iş budur - demişdi. İndi Azadın ömür-gün yoldaşı Fəridə ilə söhbət edirəm.
- Azadla son görüşünüzü necə xatırlayırsan?
- Meşəli faciəsi bilirsiniz ki, 1991-ci ilin dekabrın 23-də baş vermişdi. Azad da ora köməyə getmişdi. Əmim Qasımov Ənvər Bahadur oğlunu ermənilər orda işgəncə ilə qətlə yetirmişdilər. Azad əmimin hüzürünə məni və 2 uşağımızı Laçına apardı. Onda uşaqlar körpə idilər. Biz orada qaldıq, sonuncu görüşümüz onda oldu.
Ata tərəfdən qohumlarımız Xocalıda çox idi. Bəyvələd dayı ilə meşədə Azad rastlaşıb. Bəyvələd dayı danışırdı ki, Azada dedim gəl bizimlə gedək, razı olmadı, siz gedin, qadınları uşaqları, çıxaracağam deyib. Dəhraz kəndindəki cavanlar da qadınlara, uşaqlara görə girov əsir düşüblər. Yoxsa əllərində silah olan şir kimi oğullar niyə əsir düşsün ki?
Azadın bacısının qayınatasını, qaynanasını da girov götürmüşdülər. Zəhra xala Məhəmməd dayı Azada çox yalvarıb ki hərbi formanı gəl dəyiş səni buraxsınlar. O razı olmayıb ki, mən onların qarşısında alçalmaram. Beləcə, 13 gəncdən biri də ömür-gün yoldaşım idi. Adı Azad olsa da, əsirlikdən azad ola bilmədi. Nə də macal tapmayıb ki özünə güllə sıxsın. Azadın övladlarını adına layiq böyütdüm Nicatla Fuad Vətən müharibəsində əllərindən gələni etdilər. Ali təhsil alıblar. Mən özüm kiçik tibb bacısı kimi BQXK denka testinin götürülməsində iştirak edirəm. Özüm də itkin ailəsi olaraq bu həssas təbəqədən olan ailələrə psixoloji emosianal dəstək göstərirəm. Azadın azad olunacağına həmişə inanmışam. O bir gün mütləq gələcək!
Ey yolçu, bilirsənmi nə acılar qoyub gəlmişik geridə. 13-lərin biri də Fəridənin yoldaşıdır, 31 ildir gözü yollarda yarını axtarır. Onu görsən de ki, gözü yollarda qalanın var...
Hazırladı: İbrahim Cəfərov