|
|
|
|
Məmişov Şahin Talış oğlu 1959-cu ildə Laçın rayonun Bülövlük kəndində anadan olub.1992-ci ildə Xocalı soyqrımı zamanı girov götürülüb. 13-lərdən biridir. Taleyi məlum deyil.
Şahinlərin qıy vurub səmanın ənginlliklərində rəqs edən dünyalar gözəli Laçında doğulmuşdu Şahin. Ailəsi Əsgərana köçəndə cəmi 4 yaşlı yeriyib-yüyürən uşaq idi.
Əsgəranın Qırmızıkənd kəndində məskunlaşmışdılar əvvəlcə. Orda məktəbi bitirdikdən sonra hərbi xidmətə yollandı. Ukraynanın İvano-Frankovs şəhərində xidmətini bitirib vətənə döndükdən sonra Gəncədə Maliyyə Kredit Texnikomunda təhsil almışdı. Bir ara Bakıda çalışdı. Ailələri Xocalıya köçəndən sonra orada Sığorta idarəsində işlədi.
Qarabağda müharibə başlayanda gündüzlər çalışır, işdən sonra Xocalı Özünümüdafiə batalyonuna yazılaraq, yurdunun müdafiəsində dayanırdı.
O gecənin şahidi Nazilə Məmişova:
- Evimiz kəndin lap yuxarısında idi. Hər gün kənd top və qrad yağışına tutulduğundan gecələr çox vahiməli olurdu. Bir sabah qonşumuz Məzahirgilin evinə atəş düşdü, evlərinin bir hissəsi yandı. O gündən evdə qalmağa qorxdum. Kəndin aşağısındakı Yaxşı mamamgil özlərinə əllərinin qabarı ilə tikdikləri evlərində yaşayırdılar. Biz də atamın bacısı Yaxşı mamamgildə qalırdıq.
Evimin yararlı əşyalarını da onlara gətirdik. Xocalıdakı pekarnıdan camaata hazır kündələr verirdilər ki, evdə bişirək. Biz də çörək bişirib postlara paylayırdıq.
O gecə həyat yoldaşım Zakirlə qardaşım Şahin posta idilər. Anam borş bişirmişdi. Zakirlə Şahin günorta evə nahara gəlmişdilər. Şahin könülsüz və dilxor idi. Onlar yemək yediyi vaxt atışma düşdü, Gəldikləri kimi ac-susuz posta qayıtdılar. Axşam düşmüşdü, saat 11 idi. Hər tərəfdən Xocalı atəşə tutulurdu. Bu vaxt gördüm ki, Yaxşı mamamgilin həyətinə adamlar toplaşır. Zakir postdan ora gəldi, Şahinin gəlib-gəlmədiyini soruşdu.
Gəlməmişdi Şahin. Mamamgil artıq evdən çıxmağa hazırlaşırdılar. Qalın paltarlar geyinirdilər. Mənə də hazırlaş, dedilər. Amma nə atam, nə də qardaşım Şahin gəlmədiklərindən donub evin ortasında qalmışdım, nə edəcəyimi bilmirdim. Bu vaxt Məzahirin oğlu Rafiq həyətə gəlib, Elman müəllimgilin dəstəsi şəhəri tərk edirlər, dedi. Zakir anamı, məni və Qonçəni götürüb çıxdı. Qarqar çayının kənarına gələndə gördük ki, burada çoxlu adamlar toplaşıb. Çay gur axırdı. Zakir üçümüzü də bir-bir kürəyinə alıb çayın o tərəfinə keçirdi. Atamı da kürəyində keçirmək istəsə də, o razı olmadı. Ayağını soyunmadan özünü çaya vurdu...
Zakir Səlimov: - Noraguh tərəfdən ermənilər kəndə doluşdu. Evimiz kəndin baş hissəsində olduğundan, birinci bizim evə girib qapını təpiklə açıb atəşə tutduqlarını gördüm. Mən arxa tərəfdən kəndin aşağısına gəlib Şahinin gəlmədiyini öyrəndim. Çarəsiz idim, nə gedə, nə qala bilirdim. Amma vaxtı itirmək olmazdı. Getsək də, ürəyim Şahinin yanında qalmışdı. Bir zülmlə gəlib Ağdama çatdıq. Cəhənnəmi görüb gəldik. Qayınatam Talış dayı bizimlə gəlmədi. Fevralın 27-də günorta üstü hərbçilər onu Qaraqayadan donmuş halda xəstəxanaya gətirdilər. Həkimlər xilas edə bilmədi. Son sözü “Şahin hanı, Şahin hanı?” oldu.
Yaxın qohumumuz Qənəhət dayı deyir ki, bizi girov götüb Dəhraz kəndindəki tikiliyə aparanda Şahin aramızda deyildi. Onu sonradan gətirdilər. Ermənilər camaatı girov götürəndə Şahin camaatı qurtarmaq istəyib. Ona dedim ki, bala, özünü niyə oda atdın, axı səni görməmişdilər. Dedi ki, ermənilər sizi aparanda qurtarmaq istəyirdim. Gecə gəlib aramızdan 13 nəfər sağlam, yaraşıqlı gənci aparanda Şahin də onların arasında idi... Qənəhət dayı xeyli müddət girovluqda qalıb, cəhənnəmi diri-diri yaşayıb.
Ey yolçu, Xocalıya yolun düşsə, Dəhraz kəndinə də bir dön bax gör Şahin hardadı? Atası Şahin deyə-deyə, köçüb dünyadan.
Hazırladı: İbrahim Cəfərov