|
|
|
|
Rusiya 2060-cı ilədək karbon neytrallığına nail olmağı planlaşdırır.
525.az xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Bakıda COP29 liderlər sammitindəki çıxışında bildirib.
"2060-cı ilədək karbon neytrallığına çıxmağı planlaşdırırıq. Enerji səmərəliliyinin artırılmasına, elektrik nəqliyyatının inkişafına, kənd və meşə təsərrüfatında müasir həllərin tətbiqinə diqqət yetiririk. Rusiyada artıq enerji balansının 85 %-i "təmiz", aşağı emissiyalı generasiyaya düşür. Bu, ilk növbədə qaz, atom enerjisi və bərpa olunan mənbələrdir", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, Rusiya 1990-cı il səviyyəsi ilə müqayisədə istixana qazı emissiyalarını iki dəfədən çox azaldıb.
M. Mişustin, iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb və əməkdaşlığın dörd prioritet istiqamətini qeyd edib. Bildirib ki, bunlara inkişaf etməkdə olan ölkələrin maraqları naminə iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv hədəfin razılaşdırılması, qlobal istiləşmə bəhanəsi ilə texnoloji ayrı-seçkiliyinin yolverilməzliyi, eləcə də iqlim layihələrinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı vahid sisteminin yaradılması, həmçinin dekarbonizasiya və uyğunlaşma üzrə səmərəli qərarların qəbulu üçün elmi icmaların əməkdaşlığının gücləndirilməsi daxildir.