(Əvvəli ötən şənbə saylarımızda)
Alman aviasiyası İngiltərənin strateji obyektlərini ardıcıl olaraq bombardman edirdi. Aviasiya bombardmanlarından Londonda meydana gələn xarabalıqlara baş çəkən Çörçill xalqa təskinlik verir və adamlara daha çox qələbə əzmi təlqin edirdi. İngiltərə bombardmançı təyyarələri də cavab olaraq Berlini bombalamağa başlamışdı.
İngilislər “Engma” maşını vasitəsilə almanların hərbi kodunu qırdılar və bu, onlara bombardmanın harada olacağını əvvəlcədən bilməyə imkan verdi.
Çörçill, almanlar SSRİ-yə xaincəsinə müdaxilə edən kimi, hücuma məruz qalan ölkəni dəstəkləyəcəyini və hər cür kömək göstərəcəyini vəd etdi. Vaxtilə o, inqilabı boğmaq üçün ingilis qoşunlarının Rusiyaya göndərilməsinin təşəbbüsçüsü olmuşdu. Lakin Hitlerlə mübarizə naminə, özünün dediyi kimi, cəhənnəmdəki şeytanla da ittifaqa girməyə hazır idi.
1942-ci ilin avqustunda o, Moskvaya səfər etdi. Stalin İkinci Cəbhənin açılmasını təkidlə tələb etsə də, Çörçill buna mənfi cavab verməli olurdu. Çünki almanlar hələ olduqca qüvvətli idilər, britaniyalılar isə öz mövqelərini qorumaqla məşğul idi.
Müharibə Müttəfiqlərin qəti qələbəsi ilə başa çatdıqdan sonra Çörçill SSRİ-yə münasibətlni tamamilə dəyişdi. 1946-cı ilin martında ABŞ-da, Missuri ştatındakı Fulton şəhərində prezident Trumenin də iştirak etdiyi amerikan auditoriyası qarşısında SSRİ-yə qarşı ittiham xarakterli çıxışı ilə əslində Soyuq müharibəyə start verdi. O, bəyan etdi ki, Avropa qitəsi boyu “dəmir pərdə” sallanmışdır. Bu pərdə Almaniyanı və Avropanı iki düşmən düşərgəyə bölmüşdür. Müharibədən sonra Şərqi Avropa ölkələri və Şərqi Almaniya həqiqətən də SSRİ-nin nəzarətinə keçmişdi və az sonra bu ərazilərdə sosialist sistemi yaranacaqdı. Stalin Çörçillin çıxışını “Sovet İttifaqına qarşı müharibəyə çağırış” kimi qiymətləndirdi.
Dünyanı daha şox viran qoyan münaqişənin başa çatmasından heç yeddi ay keçməmiş, dünyanın yenidən acı bir şəkildə bölünməsi görünürdü. Qərb sivilizasiyasının XX əsr böhranı görünür, heç vaxt başa çatmayacaqdı. II Dünya müharibəsindən keçən səkkiz onilik zaman məsafəsi də bu mülahizəni, təəssüf ki, təsdiq edir.
1942-ci ilin oktyabrında ingilis ordusu Afrikanın şimalını və Misiri işğal etmək məqsədi güdən Rommelin qoşunlarını El Alameyndə məğlub edib, onların almanların əlinə keçməsi təhlükəsini bütünlüklə aradan qaldırdı.
1944-cü ilin 6 iyununda ingilislərin və amerikanların birləşmiş qüvvələri, 5 min gəminin və çox sayda təyyarələrin iştirakı ilə Normandiyada sahilə çıxıb, İkinci Cəbhənin açılmasına start verdilər. İngilis kəşfiyyatı alman rəhbərliyini aldadaraq, hücumun La Manşda baş verəcəyinə inandırmışdılar. Normandiyaya olan nəhəng desantı almanlar gözləmirdilər, arxayınçılıqdan ordu komandanı Rommel arvadının ad gününü qeyd etməyə getmişdi.
Lakin almanlar hücum edən Müttəfiq qüvvələrinə kəskin müqavimət göstərirdilər, bu, müdaxiləni ləngitsə də, onun irəliləməsinin qarşısını ala bilmirdi. 1944-cü ilin avqustunda fransız generalı Filipp Leklerkin tankçıları Parisi azad etdilər, onlara yerli müqavimət qüvvələri kömək etmişdi. Avqustun 25-də, İngiltərədən vətəninə dönən, fransız Müqavimət Hərəkatının lideri Şarl de Qoll məşhur Yelisey çölündəki şəhərlilərin gur dəstəsi ilə bir yerdə əvvəlcə Konkord meydanına, sonra isə Notr dam de Pari kilsəsinə gəldi.
Çörçill daim de Qolla şərait yaratmış, müqavimət hərəkatının liderliyini əldə saxlamasında ona köməklik göstərmişdi.
1945-ci ilin mayında Hitler ordusu qeyd-şərtsiz təslim olmağa imza atdıqdan sonra, Çörçill Bukingem sarayının balkonunda kral VI Corcla birlikdə bayram edən kütləni salamlamışdı.
Həmin ilin iyulunda Çörçill İ.V. Stalin və Harri Trumenlə birlikdə müttəfiq ölkələrin liderlərinin Potsdamda keçirilən üçüncü konfransında - birincisi 1943-cü ilin noyabr-dekabrında Tehranda, ikincisi 1945-ci ilin fevralında Yaltada keçirilmişdi - iştirak etmişdi. İngiltərədə parlament seçkiləri keçirildiyinə görə o, vətəninə qayıtmağa məcbur olmuşdu. Hitler Almaniyası üzərində böyük qələbənin müəlliflərindən biri olan Çörçillin partiyası seçkiləri leyboristlərə uduzdu və artıq yeni Baş nazir Klement Ettli Postdamdakı konfransda onu əvəz etdi.
1947-ci ildə Hindistan müstəqilliyini elan etdi və Böyük Britaniya müstəmləkəsi olan Hindistanın qərb və şərq qurtaracağında yeni Pakistan dövləti yarandı. Bu, Britaniya imperiyasının dağılmasının ABŞ-dan az qala iki əsr sonra ikinci nümunəsi idi. Çörçill dağılan imperiyanın hökumətinə başçılıq etməyi özünə rəva görməzdi və Hindistandakı hadisələri də sakit müşahidə edə bilmirdi.
Lakin Çörçilli siyasətdən silmək asan məsələ deyildi. 1930-cu illərdə Bernard Şou ilə birlikdə SSRİ-yə gəlmiş ledi Akton Stalinlə görüşdə, Çörçillin siyasətdən uzaqlaşmalı olduğunu dedikdə, sovet lideri etiraz etmiş və demişdi ki, Çörçill hərbi ata bənzəyir, ingilislərə təhlükə baş verdikdə yenə o, xalqına lazım olacaqdı. Çörçill II Dünya müharibəsi gedişində Stalinin bu fikrini bütünlüklə təsdiq etdi.
1951-ci ildə yeni seçkilərdə qalib gəlib, Baş nazir seçildi, 1955-ci ildə səhhəti ilə əlaqədar vəzifəsindən istefa verdi. 1953-cü ildə ona ədəbiyyat üzrə Nobel mükafatı verildi. O, ingilis xalqının, ingiliscə danışanların tarixinə dair, II Dünya müharibəsi barədəki sanballı əsərin müəllifi idi. Lakin onu insult vurması xidməti vəzifəsini yerinə yetirməyə mane olduğundan istefa verməli oldu və 1965-ci ildə 91 yaşında vəfat etdi. İngilislər və digər xalqlar ona müharibə qəhrəmanı kimi baxırlar. Londonu və Malta adasını onun heykəlləri bəzəyir.
İ.V. (Cuqaşvili) Stalin
(1879-1953-cü illər)
İ.V.Stalin 30 ilə yaxın müddətdə kommunist partiyasının rəhbəri kimi SSRİ-yə başçılıq etmişdi. Leninin vəfatından sonra hakimiyyət bütünlüklə Stalinin əlinə keçmişdi. Onun fəaliyyətindən narazı olanları sıradan çıxarmaqla, əsasən, diktaturaya yaxın bir quruluş yaratmışdı. 1920-ci illərin sonundan kənd təsərrüfatı istehsalının kollektiv təsərrüfatların – kolxozların ixtiyarına keçməsi sonrakı illərdə aqrar bölməyə böyük zərbə vurmuş, Ukraynada və Volqaboyu regionunda aclığın baş verməsinə səbəb olmuşdu. Ölkə daxilindəki böhran vəziyyətinə baxmayaraq, ağır sənayenin inkişafı üçün valyuta əldə etməkdən ötəri xaricə taxıl ixracı davam etdirilmişdi. Valyuta qazanmaq naminə həm də Ermitajın kolleksiyasından Avropa rəssamlarının qiymətli rəngkarlıq əsərləri xaricə satılmışdı.
Stalin ölkədə ağır sənayenin inkişafına prioritet əhəmiyyətli məsələ kimi baxır, bu məqsədin naminə hər cür riskli eksperimentlərə gedilirdi. 1930-cu illərdə sənaye inkişafı olduqca sürətlə inkişaf edirdi, çoxlu yeni zavodlar tikilir, yeni şəhərlər, qəsəbələr salınırdı. Ümumi daxili məhsul istehsalının artım sürəti olduqca yüksək idi və bu sahədə heç bir inkişaf etmiş dövlət SSRİ ilə müqayisə oluna bilməzdi. Amerika tarixçisinin SSRİ-nin iqtisadi inkişafına həsr olunmuş kitabında göstərilirdi ki, ilk sosialist dövlətinin iqtisadi nailiyyətləri Qərbdə möcüzə kimi görünürdü.
Təəssüf ki, sənayeləşmənin yüksək sürəti, böyük qurbanlara səbəb olan kənd təsərrüfatının kollektivləşdirilməsi ilə müşayiət olundu. Stalin inanırdı ki, sənayenin üstün yüksəlişi, kənd təsərrüfatının kollektivləşdirilməsi ilə meydana gələn məhsul istehsalının artımı hesabına əldə ediləcəkdir. Kolxozların yaradılmasında ilk addım, qolçomaqların və varlı kəndlilərin ləğv edilməsi oldu. 1930-cu ildən başlayaraq onlar Sibir düşərgələrinə göndərilirdi. Özəl mülkiyyətin ləğv edilməsi həmçinin kommunist idealına uyğun idi.
Artıq 1934-cü ildə Sovet İttifaqında 25 milyon kəndli ailəsi 250 min sayda olan kolxoz və sovxozlarda işləyirdi. Bu genişmiqyaslı tədbir nəhəng haqq ödənilməsinə səbəb oldu. Kəndlilərin aclığı kütləvi xarakter alsa da, Stalin öz siyasətini həyata keçirməkdə tərəddüd göstərmirdi. Ukraynada aclıqdan 2,9 milyon adam ölmüşdü. Uinston Çörçill 1942-ci ildə Moskvada səfərdə olarkən, Stalin özü etiraf etmişdi ki, 1932-1933-cü illərdə süni surətdə yaradılan aclıqdan 10 milyon nəfər kəndli ölmüşdü.
Öz siyasi məqsədinə nail olduqdan sonra, Stalin partiyada da bürokratiyanı möhləmləndirdi. Etiraz edənlər Sibirdəki əmək düşərgələrinə göndərilirdi. O, partiyanı köhnə bolşeviklərdən də təmizlədi. Onlar istintaqa cəlb edilir və ölüm cəzasına məhkum edilirdilər.
Stalin həm də ordu zabitlərinin, diplomatların, ziyalıların və saysız-hesabsız adi vətəndaşların təmizlənməsini həyata keçirdi, onları sıradan çıxardı. Təqribən 8 milyon rusiyalı Sibirdəki məcburi əmək düşərgələrində öldü. Təqibləri əsaslandırmaq üçün “ideoloji” və hüquqi müddəalar da irəli sürülürdü. Maksim Qorkinin “Düşmən təslim olmursa, onu məhv edirlər” sözləri “düşmən” sayılanlara qarşı mübarizənin devizinə çevrilmişdi.
Böyük məhkəmə proseslərində baş ittihamçı kimi çıxış edən A.Y.Vışinski saxta mühakimələrə haqq qazandırmaq üçün “Etiraf sübutun çariçasıdır” müddəası ilə yeni hüquqi prinsip irəli sürmüşdü. Bu çariçanın heç iyrənc fahişəliyi də nəzərə alınmırdı, axı etirafların əksəriyyəti işgəncə vermək yolu ilə əldə edilirdi. Bütün bunlara görə Stalini kütləvi qətllərin ən böyük təşkilatçısı adlandırırlar. Bəzi Qərb ziyalıları isə əksinə, Stalinin ölkəyə rəhbərlik fəaliyyətini təqdir edərək, SSRİ-ni “yeni sivilaziya” kimi qiymətləndirirdilər.
Pozitiv dəyişikliklər də az deyildi, əyintilərə baxmayaraq, cəmiyyət dayanmadan irəliyə doğru inkişaf edirdi. Təhsil yeni, yüksək səviyyəyə qaldırıldı, bu vaxt mühəndisliyə həvəs olduqca böyük idi. Çox sayda yaşlı adamların savadsızlığını ləğv etmək üçün geniş “likbez” kursları şəbəkəsi yaradılmışdı. Qısa müddətdə nəhəng bir ölkədə savadsızlıq bütünlüklə ləğv edilmişdi. Çox sayda ali məktəblər açılırdı. Elm də sürətlə inkişaf edirdi.
Stalin imperialist dairələrin, ölkəsinə hücum təhlükəsinin daim mövcudluğunu nəzərə alaraq, hərbi-sənaye kompleksinin inkişafı məsələlərini də diqqətdə saxlayırdı. Yeni Ural-Kuzbas sənaye kompleksinin yaradılması, İkinci Dünya müharibəsində metallurgiya kombinatlarının və daş kömür şaxtalarının bol olduğu Ukrayna ərazisinin almanlar tərəfindən işğal edildikdən sonra Şərqə köçürülmüş hərbi zavodlarla birlikdə, ordunu hərbitexnika, silah-sursatla təmin məkdə böyük rol oynamışdı.
Stalin öz ölkəsinə qarşı Hitler təcavüzünün baş verəcəyi ehtimalını yaxşı bilirdi, çünki fürer bolşevizmi məhv etmək niyyətini heç vaxt gizlətməmişdi. Lakin SSRİ-nin qarşıdakı müharibəyə hazırlaşması üçün nə qədər mümkünsə, çox vaxt udmaq olduqca vacib idi. Ona görə də SSRİ 1939-cu ilin avqustunda Almaniya ilə bir-birinə hücum etməmək barədə pakt imzaladı. General Şarl de Qollun sonralar dediyi kimi, Stalin ölkəsinə qarşı müharibədən böyük ziyan çəkməkdənsə, işğala şərik olmaq ona daha faydalı idi. Bu, həqiqətən baş verdi. Hitler Almaniyasının Polşaya müdaxiləsinin başlanmasından iki həftə sonra sovet ordusu həmin ölkənin şərq hissəsində olan torpaqlarını, Şərqi Ukrayna və Şərqi Belorusiya adı altında işğal etdi. Pribaltika respublikaları olan Latviyada, Litvada, Estoniyada ört-basdır edilmiş işğal faktları əsasında, həmin ölkələrdə guya sovet quruluşu yarandı və bu üç ölkə yeni respublikalar kimi Sovet İttifaqı tərkibinə daxil oldu.
(Ardı var)