Birinci və İkinci Qarabağ müharibələri haqqındakı “Köhnə çamadanlar” filmi Türkiyədə nümayiş olunub. Belə ki, “CSO Ada”- Ankaranın Mərkəzi Tarixi Salonunda filmin qalası baş tutub.
Nümayiş Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Gözəl Sənətlər Baş İdarəsi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin, AHİD – Ankaralılar Dərnəyi, eləcə də Altındağ Bələdiyyəsi, “Qazi” Universiteti, Türkiyədəki Dünya Qadınlar Birliyi, “Çinar” Qadınlar təşkilatı, “Port Baku”, “Kraton clinik” və digər qurumların dəstəyi ilə reallaşıb.
“Qadın, sülh, zəfər” adı altında keçirilən və ölkəmizin Qarabağ zəfərini ehtiva edən zəngin proqramlı tədbirdə türkiyəli fırça ustalarının rəsm əsərləri də sərgilənib.
"RS Production"un mətbuat katibi Həmidə Rüstəmovanın məlumatına görə, tədbirin rəsmi hissəsi Türkiyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə birdəqiqəlik sükut və hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb: “Türkiyənin dövlət və parlament nümayəndələri, sənət, mədəniyyyət xadimləri, eləcə də orada fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi mərasimdə “Köhnə çamadanlar” filmi haqqında geniş məlumat verilib. Bildirildi ki, Birinci və İkinci Qarabağ müharibəsi həqiqətlərini real qəhrəmanların xatirələri əsasında ekrana gətirən film müharibədən, Zəfərdən sonra qısa zamanda istehsal olunub və geniş tamaşaçı auditoriyasının ixtiyarına verilib. Ekran əsəri Azərbaycanda 4 dəfə premyera edərək paytaxt Bakıda, Naxçıvanda və Şamaxıda izləyicisi ilə görüşüb.
Vurğulandı ki, müharibə və qadın mövzusuna özünəməxsus baxış sərgiləyən, Xocalı soyqırımına, ümumilikdə savaşın ağrı-acısına kinematoqrafik təsvir verən “Köhnə çamadanlar” tammetrajlı bədii filminin quruluşçu rejissoru Səidə Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmovadır.
"RS Production"un istehsalı olan filmdə Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M. Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və başqaları rol alıblar”.
Mərasimdə çıxış edən Cümhuriyyətin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Sanem Arıkan, Ankara Ticarət Odasının sədri Gürsel Baran, MHP sədr müavini, professor Mevlüt Karakaya, AK Partiyanın İstanbul millət vəkili Serkan Bayram, “Qazi” Universitetinin prorektoru, professor Hasan Tezer və Ankaralılar və Ankaraya Xidmət Edənlər Dərnəyinin başqanı Hilmi Yaman Türkiyə-Azərbaycan qardaşlığı, iki dövlət arasındakı tarixi əlaqələrə toxunublar. Azərbaycanın haqq savaşındakı mübarizəsi və tarixi zəfərindən danışıb, qələbənin növbəti ildönümü münasibətilə xalqımızı təbrik ediblər: “Dövlətimizin başçısı İlham Əliyevin, güclü və müasir Azərbaycan ordusunun, mübarizə ruhunu, qələbəyə inamını bir an belə itirməyən Azərbaycan xalqının sayəsində qazanılan bu qələbənin bütün türk dünyasını sonsuz sevincə qərq etdiyini dedilər. Çıxışçılar bu filmin Qarabağ mübarizəsinin zəfər rəmzinə çevrildiyini, müharibəyə məcburən cəlb edilmiş sülhsevər Azərbaycan xalqının, onun qadın və uşaqlarının, əslində, dinc insanlarının savaşın ağır sınaqları qarşısındakı mətanətlə mübarizəsinin kinematoqrafik ifadəsi olduğunu söylədilər, filmin rejissoru S.Haqverdiyevaya, onun ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirdilər”.
Gecənin sonunda ekran işinin yaradıcı heyətinin bir qrupuna təşkilatçılar tərəfindən plaketlər təqdim olunub.
Qurban MƏMMƏDLİ