Elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının maarif naziri Sergey Kravtsov ilə görüşüb.
Elm və Təhsil Nazirliyindən 525.az-a bildirilib ki, görüş zamanı elm və təhsil sahəsində hər iki ölkənin qarşılıqlı maraqlarını əhatə edən məsələlər müzakirə edilib.
Daha sonra qonaqlar Bakı şəhəri 67 nömrəli tam orta məktəbi ziyarət edərək təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olublar. Məlumat verilib ki, əsası 1897-ci ildən qoyulmuş məktəb ilk dərs ilində 2 müəllim və 73 şagirdlə fəaliyyətə başlayıb. 1989-cu ilədək məktəbdə təhsil yalnız rus dilində aparılıb.
Qeyd olunub ki, görkəmli ictimai xadim, Azərbaycan neft sənayesinin qocaman nümayəndəsi Nikolay Konstantinoviç Baybakov da sözügedən məktəbdə təhsil alıb.
Sevinc Qarayeva