525.Az

Gözdən əlillər üçün bina tikilir


 

Gözdən əlillər üçün bina tikilir<b style="color:red"></b> Gözdən əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə,  hazırda ƏƏSMN-in sifarişi ilə Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evi inşa etdirilir. İlin sonunadək istifadəyə veriləcək binada gözdən əlillərin çətinlik çəkmədən hərəkət imkanlarına malik olması üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılır.
 
Qeyd olunan şəxslərin ictimai həyatın bütün sahələrində iştirakına lazımi şəraitin yaradılması üçün də davamlı işlər görülür. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkənin üç bölgəsində fəaliyyətə başlayan Regional İnformasiya Mərkəzləri gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadəsinə geniş imkanlar yaradıb. Gözdən əlillərin peşə reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi məqsədilə ƏƏSMN tərəfindən təkcə bu ilin ötən dövründə 60 nəfər belə şəxs brayl sistemi üzrə peşə hazırlığına cəlb olunub.
 
Eyni zamanda, hazırda ƏƏSMN-nin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir və Mərkəzin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

ƏƏSMN tərəfindən sosial xidmətlər üzrə sifarişlərin verilməsi zamanı da gözdən əlil şəxslər diqqətdə saxlanılır. Belə ki, cari ilin ötən dövründə nazirliyin sifarişi ilə “Görmə qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün informasiya mərkəzlərinin yaradılması” layihəsinin icrasına başlanılıb.

Eyni zamanda, nazirliyin sifarişi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənəti növlərinin öyrədilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində görmə imkanları məhdud şəxslər üçün televiziya, kino, teatr və muzeylərin müyəssərliyinin təmin edilməsi işləri aparılır.

Belə işlərdən biri və ölkədə yeni bir addım kimi bu gün R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Qaraca qız” filmi və “Tıq-tıq xanım” cizgi filmi sağlamlıq imkanları məhdud uşaqlar üçün tifloşərhlə (səssiz, yaxud mimika ilə ifadə edilmiş hərəkətləri, kadr dəyişikliyini və s. tamaşaçıya sözlər vasitəsi ilə çatdırma) təqdim olunacaq.
 
 





13.11.2014    çap et  çap et