525.Az

Filfakın enli, irəlidə sola dönən dəhlizində... - Vilayət Quliyevin 60 illiyinə


 

Filfakın enli, irəlidə sola dönən dəhlizində... <b style="color:red">- Vilayət Quliyevin 60 illiyinə</b> Mənə elə gəlir ki, həyatda sənin özünün qazandığın dostlarla münasibət tarixinin dəqiq başlanğıcını xatırlamaq çox çətindir və ya mümkün deyil. Vilayətlə də dostluğun başlanğıcı hansı ilə, günə, dəhlizə, otağacan gedir, kim bizi tanış edib, bu zaman filoloji fakültənin hansı qoşasaatı idi, yoxsa tənəffüs idi, bəlkə filfakın ətrafında ora-bura gəzib vaxt öldürürdük – mən bunu xatırlamıram. Bu yazını, eləcə də dostluğumuzun necə başladığını bəzəmək istəsəydim deyərdim, kitabxanada tanış olmuşuq. Bəlkə də belə olub, bəlkə də belə olmayıb. Amma orası var ki, bu dostluq baş verib və indiyənə qədər bu dostluğun üstünə kölgə düşməyib.

Bu gün o, Azərbaycanın ictimai-siyasi həyatında izi və yeri olan, ədəbiyyatın ən ağır sahəsi – nəzəri, praktik ədəbiyyatşünaslığın ön sıralarında bərqərar olmuş bir şəxsiyyətdir. Bu gün Azərbaycan ədəbiyyatının – siyasi – ictimai – tarixi əlaqələr müstəvisini onsuz təsəvvür etmək mümkün deyil. Görünür, o da özünü bu elmi müstəvidən kənarda hiss edə bilmir. Harda olmasından, hansı ölkədə yaşayıb Vətən naminə çalışmasından asılı olmayaraq Vilayət həmişə ədəbiyyatın içindədir. Bu o qədər də asan məsələ deyil. Onlarla, yüzlərlə ədəbiyyatla məşğul olub ədəbiyyatın içində nədi, heç həndəvərində  olmayan adam var. Vilayət Quliyev isə ədəbi  axtarışlarına bir an belə fasilə vermədən çalışır. Dostları baxıb sevinir, ağızbüzənlər çaşır: “Bu necə olur?!” deyir. Mən çox gözəl bilirəm, bu necə olur. Bu, ürəyində Vətən eşqi, millət təəssübü aşıb-daşanda olur. Bu, bayrağa, himnə sədaqət adi həyat tərzinə çevriləndə olur. Nəhayət, bu, səni sevən adamların, əzizlərin, dostların, xeyirxahların əhatəsində olanda olur. Bu zaman dərindən və rahat köks ötürüb keçən illərin, ayların, günlərin hər birinin üzünə şax baxa bilirsən. Çünki sən daxilən səbatlısan, özünə, dünəninə, sabahına inamlısan. Bu sənsən! Bu, başqa heç bir kəs deyil.

Mən Vilayət Quliyev haqda elmi məqalə yazmaq istəmədim. Yəqin özü də bunu istəməzdi. Onun həssas və düşündürücü, dərin və müdrik ədəbi “mən”i bu günkü və gələcək nəsillər üçün hələ çox müsbət impulslar verəcək. Vilayət Quliyev fenomeni bu gün də var, sabah da yaşayacaq. Bunu deyirlər və deyəcəklər. Mən isə... sadəcə, ürəyimdən keçəni yazıram. Yazıram  və xatırlayıram. ... Filfakın uzun, enli, irəlidə sola dönən dəhlizi. İlahi, mən xəyalımda bu dəhlizi nə qədər gedib qayıtmışam?! Hə, bu da o! Gənc, qapqara üzü-gözü daxili bir nurla dolu, təzəcə tanış olduğum o oğlan. Adı Vilayətdi, məndən iki kurs aşağıda oxuyur. Görəsən ona desəm, gəl dərsə girməyək, gedək şəhərə “avara-avara” gəzməyə, sonra da çayxanaya,  necə olar?! 

60 yaşın mübarək, əzizim.
 





18.11.2012    çap et  çap et