525.Az

“Tamaşa hazırlayanda gəncləri də düşünürəm, yaşlıları da...”


 

Pərvinin həmsöhbəti teatr rejissoru, əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti Azər Paşa Nemətdir.

“Tamaşa hazırlayanda gəncləri də düşünürəm, yaşlıları da...”  <b style="color:red"></b> Azər Paşa Nemət. Musiqiçi olmalıymış. Bülbül adına orta musiqi məktəbini bitirib. Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyirmiş... Amma birdən-birə nə baş veribsə, fikrini dəyişib. Çox güman ki, səbəbkar atası, Gənc Tamaşaçılar Teatrında yüzdən artıq tamaşaya quruluş vermiş rejissor Zəfər Nemətov olub. 1965-ci ildən  Teatr İnstitutunun rejissorluq fakültəsində Mehdi Məmmədovun kursunda təhsil alıb

– Hələ tələbəykən atama dedim ki, mən hamınızdan böyük rejissor olacağam. Atam dedi  – deyəsən, bu uşağın başına hava gəlib...(gülür) Diplom işim olan “Qardaşım klarnet çalır” tamaşasına baxandan sonra isə anama söyləmişdi ki – “Sənin oğlunun dili var, amma dilçəyi də var...”

Zaman keçdikcə gənc rejissorla bərabər bu iddia da böyüyür. Və o,  teatr səhnəmizə “Bumbaraş”, “Təmas”, “Mirəlinin sağ əli”, “Fudzi dağında qonaqlıq”, “Ötən ilin son gecəsi”, “Danabaş kəndinin məktəbi”, “Hamlet”, “Afinalı Timon”, “12-ci gecə”, “Boy çiçəyi” kimi əsərlər bəxş edir.  

II Bakı Beynəlxalq Teatr Konfransında Azər Paşa Nemətin sənət barəsində çox uğurlu bir çıxışı oldu. Tədbirdən sonra fürsətdən istifadə edib diktafonu rejissorumuza tuşladım. 

Pərvin: Azər müəllim, söhbətimizə son günlər sənət aləminin müzakirəsinə səbəb olan Teatr Konfransı ilə başlamaq istəyirəm. Sizin rejissor baxışınız maraqlıdır mənə. Bəzən deyirlər ki, sənət yaratmaq üçün kiçik bir çardaq da kifayət edər. Sizcə, bu cür təntənələrin əsas faydası nədir?  

Azər Paşa Nemət: Bilirsiz, işləmək, öyrənmək istəyən, sənətini sevən adama şübhəsiz ki, xeyri çoxdur. Ayrı-ayrı teatrlarla, axınlarla tanış olursan, yeni fikirlər eşidirsən, həm mənəvi, həm də emosional cəhətdən təsirlənirsən. Xalqlar dilinə, dininə, adətlərinə görə fərqləndikləri kimi, teatr sahəsində də fərqlənirlər. Belə tədbirlərin keçirilməsi bütün bu fərqlərin içərisində təmas nöqtəsini tapmağa imkan yaradır. Bu baxımdan da çox faydalıdır.     

Pərvin: Konfranslara, festivallara xərclənən maliyyəyə görə “narahat olan”lar da az deyil. Məsələn, “bunu keçirməkdənsə, aktyorun maaşını artırsınlar...” – deyənlər...

Azər Paşa Nemət: Doğrudur. Belə düşünənlər də var. Amma mən qətiyyətlə deyirəm ki, mədəniyyətə, sənətə xərclənən pul, maddiyyat heç vaxt batmır. Bu yerdə praqmatik olub xeyiri tezliklə götürmək istəyiylə hərəkət etmək düzgün deyil. Gələcəkdə, gec-tez bunun faydasını görəcəyik. Əsas budur ki, teatrlarımızın da belə görüşlərdən yararlanmaq, necə deyərlər, ilhamlanmaq təcrübəsi var. Şübhəsiz, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, bu işi yüksək səviyyədə qurması az rol oynamır.      

Pərvin: Sənətə mühafizəkar yanaşmanı necə qəbul edirsiniz? Yeni qaydaları, Avropa təcrübəsini səhnəyə çox çətinliklə buraxan sənətkarlar da az deyil...  

Azər Paşa Nemət: Mənə belə gəlir ki, bu cür mövqedə olan adamlar ümumiyyətlə sənətdən, onun tarixindən xəbərsizdilər. Bizim peşəkar teatrımızın 140 yaşı var. 140 il öncə başlanğıc Avropa teatrından götürülüb. Hələ o dövrdə “Otello”, “Hamlet”  hazırlanıb. Amma bu əsərləri təbdil ediblər, yəni özümüzə uyğunlaşdırıb qəhrəmanlara müsəlman adları qoyublar. Lakin Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb bu obrazları o dövrün müasir Avropa teatr ənənələri ilə yaradıblar. Həmin format getdikcə dəyişilib, inkişaf edib və hal-hazırki şəklə düşüb. Yəni kök, təməl belə qoyulubsa, indi yeni qaydaları, poetika, yaxud dramaturgiyanı səhnəmizə gətirməkdən niyə çəkinməliyik ki? 

Pərvin: İlyas Əfəndiyevin “Boy çiçəyi” pyesi hələlik sonuncu işinizdir. Yeni quruluşda haqqında danışdığımız yeni yanaşmalar müşahidə olunur. Nargiləni hay-küylü bir gəncə çevirməkdə, yaxud  Həsənzadəni yaşından çox-çox cavan jestlərlə, sözlərlə danışdırmaqda məqsədiniz nə idi? Çağdaş gəncliyi teatra cəlb etməkmi?! 

Azər Paşa Nemət: Ümumiyyətlə, mən tamaşa hazırlayanda  gəncləri də düşünürəm, yaşlıları da. Yaşlı nəsil üçün bu pyes doğmadır, maraqlıdır. Amma mən Həsənzadənin müasirlikdən uzaq, həvəssiz, başı işə qarışmış, boz bir adam təsiri bağışlamasını istəmədim. Əsərdə Həsənzadənin 46 yaşı var. Biz onu bir qədər də yaşlı göstərmişik. Amma burada əsas düşündürən məsələ məkandır. Məkan Bakıdır. Burada insanlar necə görüşür, onların həyatı bir-birindən necə fərqlənir, talelər harada toqquşur, nə cür ayrılır və sonda kimə nə qalır? 

Pərvin: Heç kimə heç nə qalmır...  

Azər Paşa Nemət: Bəli. Bu çox kədərlidir. Amma həm də həyatın qanunudur. Və böyük dramaturqun illər öncə yazdığı əsərin hələ də aktual olmasına səbəb budur. 

Pərvin: Məncə, tamaşanın “demək” istədiyi əsas fikirlərdən biri budur ki, “sevgi insanı böyüdür”... Yəni birinci hissədə oğlan kimi geyinən, danışan, uşaq kimi atılıb düşən Nargilə ikinci hissədə böyüyür, xanım-xatunlaşır... Amma doğrusu onun bundan sonra da  diskotekaya getməyə hazırlaşması məni bir az təəccübləndirmişdi...   

Azər Paşa Nemət: (gülür) Yadınızdadırsa, həmin məqamda  Nargilə küsmüşdü Həsənzadədən. Və dostuyla diskotekaya getmək istəyi də nəyisə dəyişmək, sındırmaq cəhdi idi... Həsənzadə gəlib çıxır və o fikrindən daşınır. Yəni getsəydi, bəlkə də hadisələr başqa cür cərəyan edəcəkdi... Bu yerdə dramaturgiya çox güclüdür. 

Pərvin: Müasir dövrdə belə dram əsərləri az yazılır.  Xatırlayıram, Əli Əmirli ilə söhbət edəndə o demişdi ki, dramaturgiyanın açarı var. Sizcə, yazar bu açarı qazanmaq, sirrləri öyrənmək üçün nə etməlidir? 

Azər Paşa Nemət: Yəqin ki, ilk növbədə oxumaq, öyrənmək lazımdı. Yəni istedadlı yazarların dramaturgiyanın sirrlərinə yiyələnməsi üçün müəyyən kurslar təşkil olunmalıdır. Biz Teatr Xadimləri İttifaqında “Axundzadə dərsləri” keçiririk. Buna sənət laboratoriyası da demək olar. Dramaturgiya ilə maraqlanan, bu sahədə özünü sınamaq istəyən gənc yazıçılar həmin dərslərdə, seminarlarda iştirak edirlər. Amma belə dərslər, müasir dildə desək, treninqlər daha çox olmalıdır. Çünki  dramaturgiya çox qəliz bir sahədir, onun dəmir qanunları var. Bu qanunları sadəcə istedadla əməl etmək mümkün deyil, onları öyrənmək lazımdır. Belinski deyirdi ki, “Dramaturgiya ədəbiyyatın tacıdır.” Tacı, yəni zirvəsi. Bu zirvəni fəth etmək üçün isə çox çalışmaq lazımdır.     

Pərvin: Bildiyimizə görə yeni tamaşa haqqında düşünürsünüz.  Özü də bu tamaşa tarixi mövzuda olmalıdır...

Azər Paşa Nemət: (gülür) Siz bunu haradan bilirsiniz? Dediyiniz kimi, biz hələ sadəcə düşünür və götür-qoy edirik. Bu tamaşanı dostum Fuad Poladov üçün hazırlamaq istəyirəm. Bir növ ona hədiyyə kimi. Yeri gəlmişkən mənim  “Boy çiçəyi”nə də müraciətim Fuad Poladova görə olmuşdu. Eyni zamanda İlsay Əfəndiyevin ruhunu şad etmək, onun yaradıcılığına ehtiramımı bildirmək üçün idi. Ona görə də həmin tamaşanı teatra hədiyyə etdim. (gülür) Bu dəfə isə hədiyyə etməyəcəyəm. Zəhmət haqqımı alacağam.  

Pərvin: Bu dəfə hansı əsərə quruluş verəcəksiniz?

Azər Paşa Nemət: Ağa Məhəmməd şah Qacar haqqında pyes olacaq. Bu mövzuda Əbdürrəhim bəy Haqverdiyev də yazıb. Lakin biz qərara gəldik ki, Əli Əmirli ilə işləyək. O çox maraqlı və fərqli bir insandır, eyni zamanda olduqca istedadlı dramaturqdur. Və ondan xahiş etmişik ki, Qacar haqda yazdığı əsərin səhnə variantını hazırlasın. Sadəcə “Şah Qacar” adlanacaq tamaşa. Yəni həmin pyes ekskluziv olaraq məhz mənim arzumla  teatrımız üçün yazılacaq. 

Pərvin: Təşəkkür edirəm, Azər müəllim. Sizə bu yeni  planlarınızda və ümumiyyətlə yaradıcılığınızda uğurlar diləyirəm. 

Azər Paşa Nemət: Çox sağ olun. Mən də sizə və “525-ci qəzet”ə öz minnətdarlığımı bildirir, gələcək işlərinizdə müvəffəqiyyətlər  diləyirəm.
 





18.11.2012    çap et  çap et