525.Az

Nikahsız doğulanların sayı artıb


 

Nikahsız doğulanların sayı artıb<b style="color:red"></b> Azərbaycanda diri doğulanların ümumi sayında rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların payı 1990-cı ildə 2.6 faiz, 2003-cü ildə  10.5 faiz, 2013-cü ildə isə 14.5 faiz təşkil edib.

Lent.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)” sənədində qeyd olunub. Erkən yaşlarda doğuşlar ana və uşaqların sağlamlığı üçün təhlükə yaradır. Ananın yaşına görə diri doğulanların ümumi sayında 20 yaşa çatmamış analar tərəfindən dünyaya gətirilən uşaqların xüsusi çəkisi 1990-cı ildəki 4.7 faizdən 2003-cü ildə 10.6 faizə və 2013-cü ildə 11.1 faizə qədər artıb.

Rəsmi statistik məlumatlara əsasən, 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı 2003-cü ildə 7 təşkil etdiyi halda, 2012-ci ildə bu göstərici 12 olub.

Son illər ölkədə çoxuşaqlı ailələrdən orta uşaqlı ailələrə keçid meylinin güclənməsi müşahidə olunur. Belə ki,
1999-cu və 2009-cu illərdə keçirilmiş əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən, 18 yaşadək uşaqları olan ailələrin (ev təsərrüfatlarının) sayının 2.8 faiz artmasına baxmayaraq, 3 uşaqlı ailələrin (ev təsərrüfatlarının) sayı 19.7 faiz, 4 və çox uşaqlı ailələrin (ev təsərrüfatlarının) sayı isə 40.8 faiz azalaraq, 2009-cu ildə müvafiq olaraq 261.9 min və 126.7 min ailə təşkil edib.

Bu dövr ərzində  3 və daha çox uşaqları olan ailələrin (ev təsərrüfatların) xüsusi çəkisinin nəzərə çarpacaq dərəcədə azalması baş verib. Belə ki, 3 uşaqlı ailələrin xüsusi çəkisi 26 faizdən 20 faizə qədər, 4 uşaqlı ailələrin xüsusi çəkisi isə 17 faizdən 10 faizə qədər azalıb.

Ölənlərin sayı 2003-cü ilə nisbətən 11 faiz artaraq 2013-cü ildə 54383 nəfər təşkil etmiş, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 6.0-dan 5.8-ə qədər azalıb. Ümumi ölüm strukturunda ən böyük payı qan dövranı sistemi xəstəlikləri 63.2 faiz, yenitörəmələr 11.7 faiz,  həzm sistemi xəstəlikləri 5.2 faiz, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən baş vermiş ölümlər 4.1 faiz təşkil edir.

Ölkədə aparılan demoqrafik siyasət, o cümlədən ana və uşaqların mühafizəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində körpə və uşaq ölümü göstəricilərində müsbət dinamika müşahidə olunur. Belə ki, 2003-cü ildə hər 1000 diri doğulana 1 yaşa qədər ölən uşaqların sayı 15.5 və 5 yaşadək ölən uşaqların sayı 24.1 təşkil edirdisə, 2013-cü ildə bu göstəricilər müvafiq olaraq 10.8-ə və 12.9-a qədər azalıb.

Əhalinin ümumi ölüm səviyyəsinin aşağı düşməsi sahəsində müşahidə olunan müsbət tendensiyalar doğulanda gözlənilən ömür uzunluğunun artmasına səbəb olub. Belə ki, 2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72.3 yaş, o cümlədən kişilər arasında 69.5 yaş, qadınlar arasında 75.1 yaş təşkil etmişdisə, 2013-cü ilin nəticələrinə görə bu göstərici 74.2 yaş, o cümlədən kişilər üçün 71.6 yaş, qadınlar üçün 76.8 yaş səviyyəsində olub. Eyni zamanda, bu sahədə müşahidə olunan müsbət meyllər dövlət büdcəsinin və sosial müdafiə sisteminin yükünü artırır.

Əhalinin sağlamlığına və həyat şəraitinin təhlükəsizliyinə bir çox amillər, o cümlədən ölkədə olan ekoloji vəziyyət, qida məhsullarının keyfiyyəti, məişət şəraiti bilavasitə təsir edir. Belə ki, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq və qeyri ərzaq məhsulları ilə təminatı sahəsində 2012-ci ildə həyata keçirilən nəzarət tədbirləri nəticəsində mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, qanunvericiliyə uyğun olaraq sertifikatlaş­dırılmalı olan, lakin sertifikatlaşdırılmamış, etiketləşdirilməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan ümumilikdə 94.5 ton ərzaq malları, 1.6 ton qeyri ərzaq malları və 65.1 ton tikinti materialları dövriyyədən çıxarılıb.
 





14.11.2014    çap et  çap et