525.Az

Söz və sənət kəhkəşanında parlayan imza - Hüseyn Cavid


 

Söz və sənət kəhkəşanında parlayan imza - Hüseyn Cavid<b style="color:red"></b>

Hər qulun cahanda bir pənahı var,

Hər əhli - halın bir qibləgahı var,

Hər kəsin bir eşqi, bir Allahı var,

Mənim Tanrım gözəllikdir, sevgidir...

- deyərək öz estetik idealını ifadə edirdi böyük şairimiz. Qüdrətli qələm sahibi, böyük mütəfəkkir, görkəmli şair dramaturq, eyni zamanda, alovlu vətənpərvər, gerçək millətsevər olan Hüseyn  Cavid  haqqında neçə-neçə əsərlər yazılıb, kitablar nəşr olunub, məqalələr dərc edilib, xatirələr qələmə alınıb. Zaman keçdikcə tarixin süzgəcindən çıxmış qiymətlər daha da dəqiqləşdirilib, onun böyük şəxsiyyəti, faciəli həyatı, zəngin yaradıcılığı, xalqı qarşısındakı misilsiz xidmətləri daha dərindən dərk edilib.

Xalqımız dövlət müstəqilliyini əldə etdikdən sonra mədəni-mənəvi dəyərlərə yeni baxışla nəzər salmaq, keçmiş sovet rejimi ideologiyasının təsiri altında tamamilə yanlış qiymətləndirilən mənəvi sərvətlərin həqiqi, obyektiv qiymətini vermək zərurəti meydana çıxdı. Hüseyn Cavid yaradıcılığı isə məhz bu cür süni qadağalar, məhdudiyyətlər üzündən xalqın mənəvi xəzinəsindən uzaqlaşdırılmış dəyərlərdən biri, bəlkə elə birincisi idi.

Adına "düşmən damğası" vurmaqla Hüseyn Cavidi tarixdən silməyə can atanlar nəinki bunu bacarmadılar, hətta onun qələminin nəyə sahib olduğunu ağıllarına belə gətirə bilməzdilər. Aramızda olmadığı vaxtda, hətta əsərləri qadağa edildikdə belə hər insanın qəlbində bir "Cavid" yaşayırdı. Həmin müddətdə Cavidi silməyə tarix icazə vermədi. Axı Cavid ədəbiyyatı bəsit ədəbiyyat deyildi ki, bir gündə silinə...

İnsanın həyatda qalma  şansı namərdə arxa çevirib yalnız öz mərdliyi ilə irəli getmək, lazım gəldikdə susmaq, lazım gəldikdə isə haqq yolunda səni alçaldanlar yanında öz səsini daha da yüksəklərə hayqırmaqdır. Cavid haqsızlığa uğrayan, amma buna baxmayaraq insanları, ümumiyyətlə bəşəriyyəti öz əsərləri ilə həqiqətə səsləyən biri idi. Vaxtilə Cavid əfəndini tanıyanlar, onun yaxınları daima öz xatirələrində  onun  necə  insan olduğundan  ürək  dolusu  danışmışlar: Mərdliyi ilə, sadəliyi ilə hər zaman diqqət mərkəzində olan Cavid əfəndinin getdiyi yolda hər kəs ayaq saxlayar, onun davranışını, yerişini diqqətlə izləyərdilər. Ümumiyyətlə, onun dözümünə, iradəsinə, hövsələsinə heyran qalmamaq olmur.

Azərbaycan ədəbiyyatına, mədəniyyətinə xüsusi diqqət ayıran ümummilli liderimiz Heydər Əliyev Hüseyn Cavid irsini hər zaman yüksək qiymətləndirib, bu qiyməti əsas tutaraq, onun nəşinin Sibirin İrkutsk vilayəti, Tayşet rayonu, Şevçenko kəndindən  Bakıya  gətirilməsinə  nail  olub. Eyni zamanda 29 oktyabr 1996- ildə Naxçıvandakı Hüseyn Cavid məqbərəsinin, 24 oktyabr 2002-ci ildə isə Bakıdakı Hüseyn Cavid Ev Muzeyinin açılması ulu öndərimiz Heydər Əliyevin diqqəti, qayğısı nəticəsində həyata keçirilib. Heydər Əliyevin Hüseyn Cavid haqqında söylədiyi hər bir mülahizə kimi, bu fikir olduqca diqqətəlayiqdir: "Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən  biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərs kitabıdır".

Həqiqətən , türk dünyasının nəhəng simalarından olan  Hüseyn  Cavid bir məktəb idi. Ümumiyyətlə, öz dövründə , sonralar da gənclərin həyatında, gənc nəslin dünyagörüşündə Cavidin  əsərləri xüsusi rol oynayıb.  Cavid əfəndi  nəinki öz dövrünün  gənc nəsli üçün, eyni zamanda gələcəyin insanları üçün   tarixdən qaynaqlanaraq böyük sənət məktəbi qoyub getdi. O yalnız gələcək nəsillərə, gənclərə öyüd, nəsihət vermirdi,  eyni zamanda  onların ruhunu, düşüncələrini  riqqətə  gətirən  bir səslə onlara müraciət edirdi. Onun əsərlərindəki parlaq obrazlar əslində Cavidin sözlərini insanlara çatdırmaq üçün bir vasitə idi.

Cavid öz əsərlərində həqiqətləri, düzgünlüyü, azadlığını, cəsarəti, sədaqəti, nəcibliyi, mərdliyi ön plana çəkirdi. Mənəvi dünyasının zənginliyi onun əxlaqi keyfiyyətlərinin, fəlsəfi düşüncələrinin yüksək   səviyyəsindən  xəbər  verir. Elə bu səbəbdəndir ki, Cavidin  yazdığı  əsərlərin hər bir cümləsi dərin məna kəsb edir. Hər kəs öz əqidə düşüncə tərzi ilə həmin əsərlərdən özünə mütləq nəsə götürə bilir.

Hüseyn Cavidin dramaturgiyamıza verdiyi töhfələr Azərbaycan teatrında silinməz  izlər qoyub. Cavid dramaturgiyası səhnəyə qoyulub, tamaşaçıların qarşısına çıxarılan zaman cəmiyyətin həyatında böyük hadisəyə çevrilir, qəzetlərin ən aktual mövzusu kimi işıqlandırılır. Bu gün öz ikinci əbədi həyatını yaşayan Hüseyn Cavid əsərləri ədəbiyyatşünaslıq elmimizin öyrənməli olduğu birinci dərəcəli problemlər sırasında  özünə  xüsusi yer tutmaqdadır. Ən çox da gənclər Hüseyn Cavidin  həyat    yaradıcılığının  müxtəlif  çalarlarını yenidən, yüksək vətəndaşlıq ruhu ilə daha dəqiq tədqiq etməli, əsərlərinə Cavid ölçüləri ilə qiymət verməlidirlər. Bu tədqiqatlarda Cavid həyatının bütün mürəkkəbliyi, taleyinin  çətin sınaqları, yaradıcılığının ən müxtəlif problemləri, sənətkarlıq vətəndaşlıq xüsusiyyətləri, bədii-estetik dəyəri əks olunmalıdır.

Qeyd etdiyimiz kimi, yeni nəslin əxlaqi cəhətdən yüksək səviyyədə yetişməsində, tərbiyəsində, onların maarifpərvər, insanpərvər, cəmiyyətə yararlı bir şəxsiyyət kimi böyüməsində Hüseyn Cavid  irsinin xüsusi rolu var.  Təsadüfi deyil ki, XX əsrdə Azərbaycan uşaq ədəbiyyatına da mühüm əsərlər bəxş edən Cavid bu sahədə müstəsna dəyərə malik bədii nümunələr yaradıb. Pedaqoji  fəaliyyətlə məşğul olduğundan, o, uşaq, yeniyetmə gənclərin psixologiyasını incəliklərinə qədər bilib, onların yaşına uyğun yazdığı əsərlərlə böyük bir ədəbi xəzinə yaradıb. Onun "Qız məktəbində" bu baxımdan misilsiz örnəkdir.

Hüseyn Cavidin  taleyi keşməkeşli olsa da, fiziki ömrü sürgündə bitsə , onun qismətinə xalqına həqiqi xidmət missiyası, millətinin mənəvi inkişafı, xoşbəxtliyi uğrunda canını fəda etməkdən çəkinməyəcək qədər cəsarətli olmaq düşmüşdü. Buna görədir ki, başı çox müsibətlər çəkmiş ölməz Cavidin heykəlləri ucaldılıb, adına parklar, küçələr salınıb.  Cavid sənətini  əbədiləşdirmək adına 2007-ci ildə "Cavid ömrü" filmi çəkilib. Ssenari müəllifi Xalq yazıçısı Anar, quruluşçu rejissoru Ramiz Həsənoğlu olan bu film Cavidin xatirəsinə sonsuz ehtiram nümunəsidir.

Hüseyn Cavid  həyatının kamillik müdriklik zirvəsində olduğu bir vaxtda, qürbətdə, doğmalarından - həyat yoldaşı Müşkünazdan, oğlu Ərtoğruldan, qızı Turandan çox uzaq bir yerdə həyata gözlərini yumaraq əbədiyyətə qovuşdu. Onun cismani ömür  kitabı bağlansa da, mənəvi ömrü başlandı. Ulular cərgəsində yer tutan Cavidin işıqlı ruhu daima bizimlədir onun sözü, sənəti bizi paklığa, mənəvi ucalıqlara səsləyir.

Aytən HEYDƏROVA

 





14.11.2014    çap et  çap et