525.Az

Payız gülləri, yaxud bütün sevgilərin bitdiyi yerdə


 

Payız gülləri, yaxud bütün sevgilərin bitdiyi yerdə<b style="color:red"></b>

Sabah tezdən sənin uyuduğun o qəbristanlığa gedəcəm. Bir az doğma, bir az ögey o kəndə. Bizim doğma kəndimizdən cəmi altı kilometr aralı düşmüş o kəndə. Səni biraz doğma, bir az ögey, bizim kəndimizdən cəmi altı kilometr aralı o kənddə dəfn edəndə içimdəki sənsizlik ağrısı o kəndin ağrısına qarışdı. Torpağını isti avqust günəşinin hələ quruda bilmədiyi qəbrinə baxdım, cəmi altı kilometr aralıda olan kəndimizin ağaclarının yaşıllığına baxdım içimdəki ağrının haçan kəsəcəyini gözlədim. Əlimi Allahın dərgahına açdım sənin torpağı hələ soyumamış o qərib qəbrinin ətrafındakı adamlara bir söz deməyə güc verməsini dilədim. Beynimdəkişi ağlamazkəlməsi fırlanırdı mən doğrudan da ağlamaq istəmirdim. Ancaq iki dərdin acısı qəlbimi göynətdi mən bu dünyada heç nədən, heç kəsdən çəkinmədən hönkür-hönkür ağladım. Belə anlarda məni sən ovudardın. Amma indi son ümid işığım da sönmüşdü mən bu hönkürtü içində yenə əlimi Allahın dərgahına qaldırdım. Səni o böyük şəhərin qəbristanlıqlarında deyil, bir az doğma, bir az  ögey o kənddə niyə dəfn etdirdiyimi yaxınlarıma, qohum-əqrabaya bildirməliydim. Sənin əbədi uyuyacağın o kənd övladlarının yaşadığı o böyük şəhərdən çox uzaqdadı bu uzaqlığa görə məni qınayanlar da  tapıla bilərdi.

Əlini dərgahına qaldırıb güc istədiyim Allah mənə qüvvət verdi mən o gün hələ torpağı qurumamış o qəbrin üstündə səni balalarından, nəvələrindən uzaq o kənddə niyə dəfn etdiyimi aydınlaşdırdım: Bu kəndin mənim əsarətdə olan doğma kəndimə yaxın olduğuna, sənin Qarabağ sevginə, kənd torpağının, kənd adamlarının təmizliyinə üz tutduğumu dilə gətirdim...

Sonra biz sənin üç, yeddi, qırx günlərini o qərib qəbrin üstündə keçirtdik. Qızlarının, nəvələrinin, kürəkənlərinin, qohum-əqrəbanın göz yaşları isti avqust-sentyabr günlərində o qərib qəbrin torpağını yenə isladırdı elə bil o torpaq heç vaxt qurumayacaqdı.

Oktyabr ayının iyirmi ikisi sənin ad günün idi mən heç kimə demədən gizlicə o qəbrin yanına getmək istədim. Amma yerin qulağı varmış səni sevən hər kəs o gün mənə qoşulub o qəbrin üstünə gəldi. Sənin doğma Məhərrəmin qəbristanlığa hamıdan tez gəlmişdi Bərdədən dostlarının yığdığı altmış üç qızıl gülü sənin qəbrinin üstünə düzmüşdü. Hər dəfə gələndə sənin qəbrinin üstünə çoxlu gül qoymuşuq. Amma Məhərrəmin altmış üç qızıl gülü qədər məni bu dünyada kövrəldən heç olmamışdı. Səni tanıyanlar gülləri, çiçəkləri necə sevdiyini yaxşı bilirlər. Amma bunu mənim qədər bilən varmı? Ağdamın işğaldan sonra əsarətdə qalan o doğma kəndimizdə, təzəcə tikdirdiyimiz o balaca evin şirin torpaqlı həyətində əkdiyin güllər üçün o böyük şəhərdən o yerlərə necə tələsdiyini təkcə mən görürdüm. Bəlkə sənin o qızıl gül dərdinə görəydi ki,  kəndimizin işğalından sonra Qubada bir balaca yurd yeri saldıq. O balaca həyətin hasarı boyu əkdiyin o qızıl güllər sənə Ağdamın təsəllisini verirdi. O gülləri qızmar günəş altında necə bəslədiyini daha çox mən görürdüm. Sənin ad günündə Məhərrəmin altmış üç qızıl gülünün yanında, qəbrinin baş daşının qabağına Mehmanın Qubadakı həyətdən o isti sentyabr günündə hansı möcüzəyləsə təzə-tər gətirib yetirdiyi iki vedrə (!) gül qoyulmuşdu...

Sabah ayın onudur. Sən öz dünyanı avqustun onunda dəyişmisən biz hər ayın onunda sənin məzarının başına yığışırıq. Sabah ayın onudur. Mən bu gün Qubaya gedirəm. Sənin güllərindən yığıb Ağdama, bir az doğma, bir az  ögey o kəndin qəbristanlığına aparmaq üçün. Hərçənd, sənin uyuduğun o kəndin hər addımı gül-çiçəkdir, amma mən sənin, yalnız sənin bəslədiyin öz güllərindən dəstə bağlamağa gedirəm...

Yol gedirəm tək-tənha. Böyük şəhərdəki evimizdən çıxanda hara gedəcəyimi heç kimə demədim. Yadındamı, biz o yolu həmişə ikimiz getmişik. İşi-gücü başlarından aşan balaların Qubadakı yay evimizə ancaq isti iyul-avqust günlərində istirahətə gələrdilər. Amma sən torpağı, yaşıllığı, gül-çiçəyi o qədər sevirdin ki, məni tez-tez o güllü-çiçəkli həyətə can atmağa məcbur edirdin.

Yol gedirəm... Tək-tənha. Ara-sıra avtomobilin qərib yazıq görkəmlə ürəyimi dağlayan qabaq oturacağına baxıram. Boş qalmış qabaq oturacağına. İkimiz olanda, yalnız ikimiz olanda əyləşdiyin qabaq oturacağa. “Dünya sənsiz boş qaldı...”. Qəbrinin üstünə yazdırdığımız bu ağır cümlənin ağırlığı altında səni xatırlayıram. “Dünya sənsiz boş qaldı...”. Bu boşluq çox ağırdı. Mənə təsəlli verirlər ki, zaman hər şeyi yerbəyer edəcək. Amma yox. Bu boşluq necə dola bilər? Bu boşluq mənim üçün bütün sevgilərin bitdiyi yerdir. Zaman hər şeyi yerinə qoya bilər. Amma bu boşluğu heç vaxt doldura bilməz. Xatirələr boşluğu doldura bilmir.

Bu yolların hər məqamında sənin xatirələrin var. Ağac kölgələri, Beşbarmaqda beş dəqiqəlik istirahət, yol boyu qəsəbələr, kəndlər...  Bilmirəm hardan ağlıma gəldi. Tamam arxada, əks istiqamətdə qalan Ağdam yollarındakı-səfərlərimizi xatırladım. Hər dəfə o yollardakı qəsəbələrdən birinə yaxınlaşanda oğrun-oğrun üzümə baxıb rəngimin dəyişəcəyini gözləyirmiş kimi qəribə hisslər keçirirdin. Bilmirəm, hardan ağlına gəlmişdi ki, bu qəsəbədə böyümüş bir qadına mənimrəğbətimvar. Mən burəğbətsöhbətini dəfələrlə açmaq, sənə izah etmək istəmişdim. Sənə bu qədər sünanmış sevgilərimin qarşısında gümanlara, nağıllara əhəmiyyət verməyin mənə çox təəccüblü gəlirdi. Amma bu gün becərdiyin o güllərdən dəstə bağlamağa getdiyim yolda sənin gümanının nahaqdan yarandığını haçansa sənə anlatmamağımın acısını çəkdim. Elə sarsıldım ki, içimdəki bütün sevgilər öldü. Amma qəribə bir istək keçdi içimdən: yenə yanımda, avtomobilin qabaq oturacağında olaydın həmişəki ironiya ilə nəsə hiss etmək üçün üzümə baxaydın...

Bu uzun, boz yolların sonuncu kilometrlərindəki yaşıllığa çatanadək Qarabağdan, Şuşadan, Ağdamdakı qərib kəndimizdən danışardıq. Yaşıl zolaqlara çatanda Qarabağ yollarına bənzədiyindən bir az təsəlli tapardıq mən o təsəllini o yaşıl yolların ağac kölgəsində sənin üzündə hiss edəndə özümü çox xoşbəxt sanırdım.

Bu gün səninlə sənsiz keçdiyim o yollarda heç bir təsəllim yoxdur. Ümidin həyətimizdəki güllərin payız düymələrində qalıb...

Payızın son ayıdır sənin beş ildən bəri bəsləyib böyütdüyün o payız güllərinin çoxu təzəcə düşən soyuqlara tab gətirməyib. Amma təbiətin mənə yazığı da gəlib. Sənin güllərinin üstündə təcəsə açan qönçələr təzəcə pardaxlanmağa başlayan düymələr var. Mən heç vaxt sənsiz girmədiyim o evin qapısını açmıram. Qonşularımız xəbər tuturlar həmişə gülə-gülə gəldikləri bu həyətə indi kədər hüznlə ayaq basırlar. Güllərin üstündəki son qönçələri yığırıq. Mən o gülləri avtomobilin qabaq oturacağına-ikimiz olanda sənin çox sevdiyin o qabaq oturacağın üstünə qoyuram. Qonşular kədər dolu baxışları ilə məni yola salırlar. Yollar, döngələr, ağaclar... Hər şey dəyişib, dünya bomboz olub. Sağ tərəfimdə, qabaq oturacaqdakı o qızıl güllər bir az doğma, bir az ögey o kənddəki qərib qəbrin üstünə tələsir.

 





18.11.2012    çap et  çap et