525.Az

Vaqif Bayatlıdan bəy atlı şeirlər


 

Vaqif Bayatlıdan bəy atlı<b style="color:red"> şeirlər</b>

Hər iki dünyanın                                   
ən eşqli musiqisini
kişi ürəyi, barmaqları yox,            
eşqli qadın ayaqları bəstələr

Göyüzü ulduz bitirər,
ulduz da adam gətirər,
yeni qurbanlar yetirər,
 
rahat olar bütün çiyinlər

son baş vurular vurulmaz

 

Ayaqla düşünər min illər bəşər,
sevdiklərini tapdayıb sevər,

sən tapdalansan, lap aşağı bax,

hamı düşünəntək ən ucada yox,

ən aşağıda yaşar ən uca haqq da,

Anasu da orda, Anatorpaq da    
  

Yenicə ailəSevgi Yuvası qurmuş   

Fərid Qismət bəylərə təzəcə nişanlanmış böyükçölə, o şairləri fəth edən

cəsur, gözəl xanımlarımıza bəy atlı təbriklərlə!

Məndən sonra subay

söz qalmayacaq

Mən şeir yazmayacaqdım,

ancaq çox sözləri

adamlardan daha çox fikirli, qəmli,

yurdsuz- yuvasız, yetim gördüm,

o sözlərin dərdini, qəmini dağıtmaq,

könlünü almaq istədim ancaq.

Gördüm, çox sözlər, çox fikirlər

ən çox şeirə çevriləndə,

şeirə dönəndə sevinirlər,

elə görən kimi onları

göyüzünün sevgi qatına,söz qatına,

ordan da yuxarı şeir qatına

sevginin, sözün alov, köz qatına

qanadlandırmaq istədim ancaq.

Hərənin bir eşqi var bu dünyada,

mən tək, tənha, yalqız gəzən sözləri

təklikdən, tənhalıqdan, yalqızlıqdan qurtarmaq,

heç sevilməyən sözləri bir-birinə,

Allaha, hətta şeytana da,

sevdirmək  istədim ancaq,

məndən sonra bu dünyada

sevməyən, sevilməyən, tək, tənha, yalqız

oğlan, ya qız  bircəcə  subay  söz qalmayacaq.

lll

Şeirtəklikdən əzab çəkən

sözlərin ən gözəl qurtuluşu

                                                  

Sən ey əbədi şeytanlar,

əbədi mələklər şəhəri

Can tacı eşqlər, diləklər,

acı gerçəklər şəhəri,

qatlanmaz, sınmaz biləklər,

sınan ürəklər şəhəri.

Əsəbi, doğma küləklər,

əsəbi, doğma çiçəklər,

əsəbi, əbədi, amma

doğma tənhalar, təklər,

doğma yalanlar, gerçəklər,

doğma kələklər şəhəri.

Sevişmələr, həyəcanlar,

həm can verər, həm can alar,

səni ancaq sevən anlar,

sən ey əbədi şeytanlar,

əbədi mələklər şəhəri.

lll

Duaların gözləritək

salavatçün açılıb göyə

ovuclar Allaha baxar

Dağ göy olar, düz dəniz,

Sultan qul olar, şah kəniz,

bu dünyadan daha qəliz

sirrə varılar varılmaz.

Göyüzü ulduz bitirər,

ulduz da adam gətirər,

yeni qurbanlar yetirər,

rahat olar bütün çiyinlər

son baş vurular vurulmaz.

Duaların  gözləritək

salavatçün açılıb göyə

ovuclar Allaha baxar,

bütün kainat susmuşkən

qəfil kainata düşüb

səs salmasınlar deyə

gözlər göz yaşını boğar

Son peyğəmbərini doğar

göylər yorular yorulmaz.

lll

Dünyadan dünyaya keçən anda da

boy sırası gedən qardaş dağlara

görüş vaxtını ver min il sonraya

Səni gözləyirsə, göylərdəki Vaxt,

 Vaxt” – decək canının əqrəblərinə,

qonşu çəpərini aşıb keçəntək

qonşu göyü aşan ayağına bax,

hər iki dünyada səni izləyən

bütün ulduzlara, göylərə, aya,

dünyadan dünyaya keçən anda da

boy sırası gedən qardaş dağlara

görüş vaxtını ver min il sonraya.

Bax, bax, bax, dağ axır, bax, bax, düz axır,

yer axır, göy axır, sən , sən ax,

bütün kainattək durma bir an da,

ayağın altından sürüşkən, çılpaq

bir göy daşı kimi Yer qaçanda da,

son dam örtüyütək Göy düşəndə ,

lap yetmiş yetişib, yüz aşanda da

özünü özündən qabaqda gözlə,

bütün ulduzlara, günəşə, aya,

göylərə görüş ver min il sonraya.

Ayaqla düşünər min illər bəşər,

sevdiklərini tapdayıb sevər,

sən tapdalansan, lap aşağı bax,

hamı düşünəntək lap ucada yox,

ən aşağıda yaşar ən uca haqq da,

Anasu da orda, Anatorpaq da,

sutək, torpaqtək ol, anlarsan belə

elə sən özünsən əbədiyyət ,

həyatın həmişə qabaqda hələ.

lll

                            

Tək-tək xanımların ayaq səsləri tək-tək

tək-tək  çiçəklərin açması səsləritək

Bəs qadın ayaq səsləri deyər, istər?

Mən ancaq deyə bilərəm, kişilər heç bir zaman

qadın ayaqlarının dediyini, istədiyini

anlaya bilməyəcəklər axıracan,

bunu bəzən qadınlar özləri dəqiq bilməzlər,

ancaq o dəqiq bilmədiklərini

bütün dəqiqlikləriylə kişilərdən istərlər.

Qadın ayaq səsləri deyər, istər?!

Dünyanı kişilər idarə edər,

kişiləri qadınlar, yarımçıq sözdü, dədə,

əslində qadınlar eyni anda kişiləri ,

dünyanı da idarə edə-edə

özləri bilmədən həm ,

özlərinin idarə olunmalarını istərlər.

Qadın ayaq səsləri deyər, istər?

Sevənlər hər şeyi sevdikləriyçün  istər,

Hərdən Allahçün da maraqlı olar

sevdikləriçün daha istəyəcək onlar,

o anlar qadın düşüncəsi, sevgisi

kişi düşüncəsindən daha doğma,

daha maraqlı gələr Allaha.

Qadın ayaq səsləri deyər, istər?

Bir cavab bütün cavabları üstələr:

Hər iki dünyanın ən eşqli musiqisini

kişi ürəyi, barmaqları yox,

eşqli qadın ayaqları bəstələr.

lll

Gedin, siz vəfasızlar həddindən artıq ayıqsınız,

mən min illərin sərxoşlar sərxoşu,

siz min illərin ayıqlar ayığısınız, şərablar

Bu gün dünyanın canından

bir az da şərab qoxusu gəlir elə bil,

bütün göyüzü, kainat elə bil bir az sərxoş,

ancaq sən mənə çox gecikmisən, şərab qoxusu,

ay alagöz, incəbel badə, sən gecikmisən,

siz , siz naz-qəmzəli, dilbər, xanım şərablar,

daha naz-qəmzəylə yoldan çıxara bilməzsiniz məni,

düzdür, siz bu sərt dünyanı bir az yumşaldırsınız,

bu yumşalmadan xoşbəxt olanlar da olur,

bəzi anlar onlara siz hətta

hamıdan daha doğma, dost gəlirsiniz,

bütün doğmalardan ayrılmaq zordur,

ancaq badələr tarixi, ayrılıqlar tarixi deyir:

ən çətini, ən zoru həm hamıdan doğma,

hamıdan dost, sədaqətli içkilərdən ayrılmaqdı.

İnciməyin, badələr, mənim tək canım yox,

ruhum da çoxdan, sizsiz sərxoş,

mən indi içəndə sərxoşluqdan ayılıram ancaq,

sevimli rənglərinizə, sevgiylə gülümsəmənizə,

naz-qəmzəylə süzülmənizə baxıram,

daha yoldan çıxara bilməzsiniz məni,

canım eşqlə dopdolu,

canımda bir qram da boş yer yox,

mən çoxdan dünyanın ən sərxoş eşqi,

canı eşqlə dolu ən sərxoş badəsiyəm,

gedin, siz vəfasızlar həddən artıq ayıqsınız.

Mən min illərin sərxoşlar sərxoşu,

siz min illərin ayıqlar ayığısınız, şərablar.

lll

Şeir Şərqdən doğar, elə Günəş ,

Günəşin yanından eşqlə baxmaq da,

Lap ən ağıllı da, lap ən axmaq da

Küçədən keçənlər, yoldan ötənlər

hərəsi bir yandan məni silkələr,

biri ağlamalı, biri gülməli:

Mən ağac deyiləm, əziz yurtdaşım,

yerişinə qurban bütün vətənlər,

duruşuna qurban bütün ölkələr,

yürü ağlamalı, yürü gülməli.

Bilirəm öz qəmin, öz qədəmin var,

özgə cür vurmağın, özgə dəmin var,

ölənlərin ölmür, can qurtarırlar,

hər ölün təbriklik, dirin rəhmətlik,

dirin ağlamalı, dirin gülməli.

Mən yad deyiləm ki, sizlərə güləm,

həm həvəsim yox hər gün döyüləm:

hamıya baş əyib bir-bir deyirəm:

Mən sizi sevsəm , sizdən deyiləm,

sürü ağlamalı, sürü gülməli.

Kim məni tutmaqda, kim haqlamaqda,

kim mənə gülməkdə, kim ağlamaqda,

ancaq, hamımız bir, birgə axmaqda,

lap ən ağıllı da, lap ən axmaq da

yarı ağlamalı, yarı gülməli.

lll

                              

QəhrəmanlıqTanrının bir anlıq qəlbi

ya çiyninizdən vurulandan daha gözəl

boyunlar, başlar cücərər

İranda, İraqda, Çində, Suriyada, Əfqanıstanda, Rusiyada, Moldovada, Bolqarıstanda, Gürcüstanda ölümsüzlük mübarizəsi aparan  türk  bacı-qardaşlarımıza, qürur tariximizi yazanlara

Bir cana min yol fərman verilər,

min yol dar ağacı qurular,

bir boyun da min yol vurular,

fərman verən dillər yorular,

boyun vuran əllər yorular,

heç yıxılmadan, yerdən göyə

dimdik qalxan başsız bədənlər,

dimdik baxan başlar yorulmaz.

Yorular qısmalar, boğmalar,

sizlərə ağlayan doğmalar,

sizlərə qoşulan nəğmələr,

ancaq sizə dəycək, daha bərkdən

siz deyən nəğmələri deməkdən

çiçək açan dar ağacları,

sizi döyən dəyənəklər,

sizə dəyən daşlar yorulmaz.

Hökm verənlər qaçar sizdən, –

bircəcə anda çiyninizdən

vurulandan daha gözəl

boyunlar, başlar cücərər,

üzlər, gözlər, qaşlar cücərər,

bu dünyada hamı yorular,

ancaq vətənçün vurulmağa

boy atan boyunlar, başlar,

üzlər, gözlər, qaşlar yorulmaz.

Dünya ancaq eşqlə yeni olar,

qatılaşar, eşqlə durular,

bir doğma anadan doğulanlar

bir-birin sevməkdən yorular,

ancaq vətən eşqindən doğulan,

doğmalardan da doğma olan,

doğulcaq bayraqlarla qalxan

əsl bacı-qardaşlar yorulmaz,

bütün savaşlar yorular, durar,

siz qalxan savaşlar yorulmaz.

 

 





19.11.2012    çap et  çap et