|
|
|
|
Noyabrın 29-da Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə məktəblilərarası IX Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib.
Bu barədə 525.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, açılış nitqi ilə çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev fənn müsabiqələrinin keçirilmə məqsədi və nəticələri barədə çıxış edib. İstedadlı gənclərə dəstəyin ölkənin innovativ və intellektual inkişafında mühüm rol oynadığını qeyd edən Fuad Qarayev bu cür müsabiqələrin şagirdlərin yüksək intellektual potensialını dəstəkləmək və onların uğurlarını qeyd etmək məqsədilə təşkil edildiyini bildirib.
Fuad Qarayev bildirib ki, sözügedən müsabiqədə ümumilikdə 43 111 şagird iştirak edib. Onlardan 8 800 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin nəticələrinə əsasən, 307 şagird qalib olub. Onlardan 58 nəfər qızıl, 95 nəfər gümüş, 154 nəfər isə bürünc medalla təltif olunub. Qaliblərin 189 nəfəri oğlan, 118 nəfəri isə qızdır.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqənin təhsilin inkişafına verdiyi töhfələr, qaliblərin əldə etdiyi uğurların Azərbaycanın gələcəyi üçün əhəmiyyəti barədə fikirlərini bölüşüb, bu cür istedadların üzə çıxarılmasının ölkəmizin gələcək elmi kadr potensialının formalaşması baxımından önəmli rolunu vurğulayıb.
Çıxışının sonunda nazir müavini bu cür bilik yarışları ilə şagirdlərin yalnız elm deyil, dünyagörüşü qazandıqlarını da bildirərək qalibləri təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Tədbirdə iştirak edən ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi sədrinin müavini Aynur Sofiyeva bu cür müsabiqələrin şagirdləri gələcəyə stimullaşdırdığını vurğulayaraq bu yarışlarda yalnız qalibiyyətin deyil, iştirakın da əhəmiyyətli olduğunu bildirib.
Daha sonra mükafatlandırma mərasiminə ev sahibliyi edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayıb və şagirdləri təbrik edib.
Sonda müsabiqə qalibləri diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, məktəblilərarası fənn müsabiqələri 6 və 7-ci sinif şagirdləri arasında riyaziyyat, informatika, təbiət, kimya, fizika, biologiya fənləri üzrə 3 mərhələdə təşkil olunur.
Sevinc Qarayeva