|
|
|
|
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbələri üçün innovativ və peşəkar inkişafı dəstəkləyən yeni layihənin icrasına başlanılıb.
AzMİU-dan 525.az-a bildirilib ki, “Tanınmış memarlarla görüşlər” adlanan bu layihə tələbələrə ölkəmizin aparıcı memarları ilə ünsiyyətdə olmaq, onların zəngin təcrübəsindən faydalanmaq və peşəkar dünyanı daha yaxından tanımaq imkanı yaradır.
Layihə çərçivəsində gerçəkləşən görüşlərdən biri məşhur “Manarch” studiyasının ofisində olub. Tələbələr studiyanın təsisçisi və baş memarı, gənc və peşəkar mütəxəssis İlqar Manafsoyla görüşərək onun uğurlu karyerası, innovativ layihələri və enerji-effektiv həlləri haqqında məlumat əldə ediblər. Donau Universitetindən magistr dərəcəsi alan İlqar Manafsoy tələbələrlə bina informasiya modelləşdirilməsi, davamlı dizayn və 3D vizuallaşdırma sahəsində əldə etdiyi bilikləri bölüşüb.
Görüş tələbələr arasında böyük maraqla qarşılanıb. Onlar peşəkar mühitin quruluşu, layihə idarəetməsi və memarlıqda dayanıqlı həllərin önəmi haqqında dəyərli tövsiyələr alıblar. Layihənin məqsədi tələbələrin nəzəri biliklərini praktik təcrübə ilə birləşdirərək onları gələcək karyeralarına hazırlamaqdır.
Layihənin davamı olaraq tələbələr “Büro Mühit” şirkətinin həmtəsisçisi və baş memarı Toğrul Bayramovla görüşəcəklər. On ildən artıq peşəkar təcrübəsi olan Toğrul Bayramov beynəlxalq layihələrdə iştirak etmiş və fərqli ölkələrdə memarlıq təcrübəsi qazanmış bir mütəxəssisdir. O, şəhərsalma, memarlıq və konsaltinq sahəsindəki biliklərini tələbələrlə paylaşacaq.
AzMİU-nun bu təşəbbüsü tələbələrin təkcə nəzəri biliklərini gücləndirməklə kifayətlənmir, eyni zamanda, onları peşəkar dünyaya bir addım daha yaxınlaşdırır. Memarlıq sahəsində uğurlu karyera qurmaq istəyən gənclər üçün bu görüşlər yeni perspektivlər açır və qlobal memarlıq dünyasında uğur qazanmaq üçün möhkəm zəmin yaradır.
Sevinc Qarayeva