(Əvvəli ötən bazar sayımızda)
Çin Xalq Ordusu tədricən güclənərək, Çan Kay-şininin hökumət qüvvələrini döyüşlərdə məğlub edirdi, həm də yapon işğalçılarına qarşı daha uğurlu mübarizə aparırdı. Çin kommunistlərinin ordusu hökumət qüvvələri üzərində növbəti qələbə çalıb, Çan Kay-şini öz tərəfdarları ilə birlikdə Tayvan adasına qaçmağa məcbur etdi.
1949-cu ildə ordu Pekinə girdi və oktyabrın 1-də Tyananmen meydanında Çin Xalq Respublikasının yaradıldığı elan edildi. Yeni dövlətə respublikanın sədri kimi Mao Tsze-dun başçılıq etdi və 1976-cı ildə ölənə qədər onillik fasilə ilə bu vəzifəni icra etməklə, təkcə partiya rəhbəri kimi deyil, həm də dövlətin qanuni başçısı statusuna yiyələnmişdi.
Çin sosialist ölkəsinə çevrildi, onun zəif bir dövlət kimi Yaponiyanın işğal zonasına, ABŞ-ın vassalı olmasına son qoyuldu. Az keçməmiş hamı bu yeni dövlətlə hesablaşmalı oldu. Çin qüvvələri Şimali Koreya kommunistlərinə, Cənubi Koreya və ona himayəlik edən ABŞ daxil olmaqla NATO qüvvələri ilə gedən müharibədə Sovet İttifaqı ilə yanaşı, böyük hərbi kömək göstərdi və 1953-cü ildə müharibə başa çatanda 38-ci paraleldən şimalda yerləşən Koreya Xalq Demokratik Respublikasının mövcudluğu beynəlxalq aləm tərəfindən tanındı.
Maonun başçılıq etdiyi Çin kommunistlərinin meydana gətirdiyi yeni Çin dövləti inkişaf üçün geniş şərait qazandı. Ona SSRİ ardıcıl olaraq böyük siyasi və iqtisadi yardım göstərirdi. 1949-cu ilin dekabrından iki ay müddətində Mao SSRİ-də qonaq oldu, Stalinin 70 illik yubileyi təntənələrində iştirak etdi. Lakin XX qurultayda Xruşşovun şəxsiyyətə pərəstiş barədəki xüsusi məruzəsinin müddəalarını Mao qəbul etmədi və SSRİ ilə münasibətlər soyumağa başladı.
Daxili siyasətdə Mao həm də müəyyən səhvlərə yol verirdi, ölkəni sürətlə sənaye dövlətinə çevirmək arzusu elmi əsaslara söykənmədiyindən. ölkəni, metal əritməsi qaydalarından uzaq olan kiçik, həm də primitiv Marten sobaları bürümüşdü. Onların istehsal etdiyi metal çox qarışığa malik olduğundan heç nəyə yaramırdı.
1958-1960-cı illərdə aparılan "Böyük sıçrayış" siyasəti özünün praktiki mahiyyəti ilə, əksinə, inkişafa qarşı olan bir sıçrayışa çevrildi. Mao xalq hakimiyyətində olan əleyhdarlarını məhv etmək üçün, Çin Xalq Respublikasının sədri olan Lü Şao-tsinin onlara liderlik etməsini iddia edilirdi. Mədəni inqilabı, onun tərkib hissəsi olan xunveybinlər hərəkatını başlayan gənc tələbələr, hətta məktəb şagirdləri görkəmli dövlət xadimlərini xəyanətdə ittiham edib, onların əmək düşərgələrində yenidən tərbiyə olunmasını tələb edirdilər. Sürü psixozunun təsiri altında xunveybinlər hədd tanımayan çıxışları ilə az qala anarxiya mühiti yaradırdılar. Onlar yaşlı rəhbər işçilərin, həyatını inqilabi mübarizəyə həsr etmiş inasnların taleyini həll etmək hüququna yiyələnmişdilər. Sarı dimdikli sərçələr qoca qartalları məhv etməyə, ən azı onların qanadlarını sındırmağa nail olurdular. Yalnız Maonun şəxsiyyətinə toxunmaq olmazdı, o, hətta açıq səhvlərinə görə də möhkəm immunitetə malik idi.
Bu "inqilabi" tədbirlər nəticəsində görkəmli xadimlərin bir çoxu əzablara düçar edildi, Lü Şao-tsi kimiləri isə təzyiqlərə dözməyib məhv oldu.
Haqqında söhbət gedən Lü Şao-tsi (1898-1969-cu illər) Çin inqilabçısı, dövlət və siyasi xadim, Çin Kommunist Partiyasının rəhbərlərindən biri idi. O, 1959-1968-ci illərdə ÇXR-in sədri olmaqla, Mao Tsze-dunun rəsmi qaydada varisi hesab olunurdu. Hər ikisinin şəkli mərkəzi qəzetlərdə bir yerdə və eyni ölçüdə dərc olunurdu.
Lü Şao-tsi 1858-1960-cı illərdə "Böyük Sıçrayış" siyasətini müdafiə etmişdi, lakin sonralar Maonun siyasətinə şübhə etməyə başlamışdı. Buna 1960-1962-ci illərin iqtisadi uğursuzluğu səbəb olmuşdu. Mao ilə Lü arasında fikir ayrılığı yarandı.
Mədəni inqilab vaxtı o, respublikanın baş düşməni elan edilməklə, repressiyaya məruz qaldı. 1968-ci ildə Lü partiyadan xaric edildi, öna ölüm hökmü verilməsini təklif edirdilər. Hətta doğma qızını da atasına qarşı qoydular. Lü 1969-cu ildə Kayfındakı dustaqxanada ölmüşdü. Yalnız ölümündən sonra o, reabilitasiya olundu.
2017-ci ildə keçirilən ÇKP-nın XIX qurultayında Mao və onun silahdaşları ilə yanaşı, Lünün da xatirəsi yad edildi, bu, onun Çin Respublikası qarşısındakı xidmətlərinə verilən qiymətin bərpa edilməsi əlaməti idi.
Lakin Maonun ölümündən bir qədər sonra ölkədəki əyintilərin yoluna qoyulmasına başlandı. Vaxtilə təqib olunan dövlət xadimlərindən biri olan Den Syao-pin hakimiyyət mərkəzinin üzvlüyünə qayıtdıqdan sonra, iki sistemin vəhdətindən ibarət olan yeni iqtisadi siyasətin həyata keçirilməsi ideyasını irəli sürdü. Mao dövründə qarışıqlıqlardan sui-istifadə edən şəxslər, o cümlədən, Maonun sonuncu arvadı Tszyan Tsin məhkəməyə verildi və ağır qayada cəzalandırıldı.
Xruşşovdan fərqli olaraq, Den Syao-nun Maonu ifşa etmək kimi ağılsız yolu tutmaqdan imtina etdi. O, ÇXR-ın yaradıcısının fəaliyyətinə qiymət verərkən, onun 70 faizinin müsbət, 30 faizinin isə mənfi olduğunu bildirdi. Müasir Çin rəhbərliyi də Maoya həmin prizmadan yanaşmaqda davam edir.
Maonun xatirəsinə ehtiram bəslənilməsinə toxunulmamışdır, ayrı-ayrı şəhərlərdə onun heykəlləri və doğma kəndindəki ev-muzeyi qalır və əhali muzeyə böyük hörmət əlaməti olaraq gəlməkdə davam edir. Çin kommunistləri Xruşşovdan fərqli olaraq ölkənin keçmiş tarixinin xarabalıqlara çevirməyin özünü vandalizm əlaməti hesab edərək, ona əl atmağı heç düşünməmişdilər də.
Mao Tsze-duna pərəstiş dərəcəsi azalsa da, onu ehtiram xalqın ürəyində və şüurunda yaşayır. Maonun yaratdığı sosialist dövləti XXI əsrin başlanğıcında sürətli iqtisadi yüksəlişə nail olmaqla, dünyanın iqtisadi cəhətdən ikinci fövqəldövlətinə çevrilmişdir. Çində şəhərləri göydələnlər bəzəyir, elm, təhsil, texnologiya çox sürətlə inkişaf edir. Nou-xau sahəsində Çin hətta ABŞ-dan da irəli çıxmışdır. Kosmosun tədqiqinə başlamışdır. Süni intellekt yaratmaq sahəsində də Çin alimləri geniş iş aparmaqla insan beyninin sonradan dirilməsinə nail olmağa çalışırlar. Maoya həsr olunan ən böyük abidə də çiçəklənən müasir Çindir.
İlham Əliyev
XXI əsrin başlanğıcı əvvəlki əsrlərdən fərqli olaraq, istedadlı dövlət rəhbərləri və siyasi xadimlərlə öyünə bilməz. Abraham Linkoln, Mustafa Kamal Atatürk, Franklin Ruzvelt, Şarl de Qoll, Ho Şi Min, Li Kuan Yu, İosip Broz Tito, Cavahirləl Nehru və Den Syao-pin kimilər artıq tarixə məxsusdurlar. Lakin az da olsa istisnalar da mövcuddur. Bu istisnaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi aid etmək olar.
İradəsi və cəsarəti ilə seçilən dövlət rəhbərləri siyahısına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi də daxil etmək, xalqın onun idarəetmə xüsusiyyətlərinə və ən başlıcası düşmən üzərində qələbəni meydana gətirən bir şəxs kimi ona bəslədiyi ehtiramın ifadəsinə xidmət edərdi. 2003-cü ildə bu ali vəzifəyə gələn İ.Əliyev ərazisinin 20 faizi işğal edilmiş, əhalisinin 1 milyon nəfərinin qaçqın və məcburi köçkünə çevrildiyi bir ölkəyə başçılıq etməli olmuşdu. Həmin ailələrin bir hissəsi dəmir yolu vaqonlarında və keçmiş yataqxana binalarında yaşayırdılar. Onları əmək resursu kimi işlə təmin etmək də asan məsələ deyildi.
İlham Əliyevi fərqləndirən ən mühüm cəhət, bu ağır çətinliklərə baxmayaraq, heç vaxt bədbinliyə qapılmaması, ölkəsinin torpaqlarının düşmən işğalından hökmən azad olunacağına möhkəm inamı idi. Və bilirdi ki, bu vəzifənin yerinə yetirilməsi, reallaşması onun ən ali borcudur. O, həm də anlayırdı ki, düşməninin güclü himayəçiləri vardır, ona görə də olduqca ehtiyatlı hərəkət etmək lazımdır, bu həyati əhəmiyyət kəsb edən məsələdə hansısa səhvə yol vermək olmaz. Düşmənin himayədarları doğrudan da heybətli idi, lakin bu, nəinki geri çəkilmək üçün, hətta tərəddüdə də səbəb olmamalı idi. Düşmənin güman etdiyi zəifliyi, onun istəyinin əksinə, gücə çevirmək lazım idi. Ən vacib cəhətin, işğalçı ordunu məğlub etmək üçün böyük hərbi qüvvəyə yiyələnmək olduğu kimi, həm də az sayda da olsa, qüdrətli müttəfiqlərə malik olmaq lüzumu bir an da olsun yaddan çıxmırdı. Əsl dövlət rəhbəri kimi, o, Allahın varlığına və ədalətinə heç bir şübhə etmirdi, islam dininin ehkamlarına hörmətlə yanaşırdı, xalqının həqiqi lideri kimi düşmənin Vətən torpaqlarından qovulacağına möhkəm inam bəsləyirdi.
Ermənistanın XX əsrin sonlarında öz ərazilərindəki azərbaycanlıları, onların tarixi yurd-yuvalarından qovmaqla kifayətlənməyib, onun ordusu Dağlıq Qarabağ və regionun ətrafında olan yeddi rayonun ərazisini də işğal etməklə, şəhərləri və kəndləri xarabazara çevirmişdi. Onların vəhşiliyini göz önünə gətirdikdə. güman etmək olardı ki, erməni dilindən "insanlıq" sözü, bəşəriyyəyin vacib saydığı və çox işlətdiyi bir ifadə, tamamilə yoxa çıxmışdır. Ermənistan ordusu bayquş kimi bu ərazilərə tərk etmək istəmirdi, formal danışıq adı altında işğal müddətini hər vəchlə uzatmağa çalışılırdı. Dünyanın nüfuzlu dövlətləri və beynəlxalq təşkilatlar da Ermənistanın işğal siyasətinə göz yumur, Azərbaycana təzyiq göstərərək, onu məsələnin guya dinc yolla həll olunması variantı ilə razılaşmağa məcbur edirdilər. Torpaqların hərb yolu ilə geri alınmasına BMT Təhlükəsizlik Şurasının üzvlərinin əksəriyyəti olan dövlətlər müxtəlif yollarla etirazını bildirməklə, işğala son qoyulmasına cəhd etmirdilər.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan iri dövlətlərlə müqayisədə ərazisinə və əhalisinin sayına görə kiçik ölkədir, lakin zəngin sərvətlərə malikdir. Bu dadlı piroqdan pay umanlar da çoxdur və buna görə ölkə rəhbərliyinə müəyyən təzyiqlər göstərilir. Lakin Prezident İlham Əliyev balanslaşdırılmış xarici siyasət yeritməklə yanaşı, Azərbaycanın kiminsə vassalına çevrilməsinə imkan vermir. Xalqının milli mənafeyini qorumağı, o, özünün başlıca vəzifəsi hesab edir. Təəssüf ki, təzyiqlər də səngimək bilmir. Təkcə düşmənçilik zəhərinin daşıyıcısı olan və revanşizm xülyası ilə yaşayan Ermənistan adlı ilanla qonşuluq, daim sayıq olmağı tələb edir. Onu himayə edənlər də, ölkəmizi provokasiya tələsinə salmaq sahəsindəki cəhdlərini dayandırmırlar.
Lakin ölkə rəhbərinə xas olan dözümlülük, cəsarət və güclü iradə dövlətimizi təhlükələrdən qorumağı bacarır. Siyasi xadim üçün böyük vəzifələri yerinə yetirməkdə, qarşıya qoyulmuş məqsədə çatmaqda, dözümlülük digər zəruri cəhətlərlə yanaşı mühüm rol oynayır. Siyasətdə avantüra xarakterli tələsiklik əvəzinə, düşülmüş çətin şəraitə dözmək nəinki səhvlərdən qorunmağa xidmət edir, həm də düşmən ordusunu məğlub edib, ölkə ərazisindən qovmaq kimi bir həyati vəzifəni sözdə deyil, real olaraq həyata keçirməkdən ötəri, buna hərtərəfli hazırlaşmaq üçün xüsusi əhəmiyyət kəsb edən şəraiti yaradır. Məhz bütün amilləri dəqiqliklə nəzərə almaqla, Azərbaycan, öz ərazisində daim ixtilaf mənbəyi və iyrənc separatizmi qidalandıran olmaqla, SSRİ-dən miras qalmış muxtariyyət adlı lüzumsuz xərçəng şişini birdəfəlik ləğv etməyi bacardı. Bütün bunlar dövlət rəhbərinin uzaqgörən siyasətinin aktivinə yazılmalıdır.
(Ardı var)