Novxanıda partlayış zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləridir.
525.az "Report"a istiinadən xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən dağıntılar altından Qasım Həşimov və Aidə Həşimova sağ çıxarılaraq adiyyatı üzrə təhvil veriliblər.
TƏBİB-dən bildirilib ki, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə bu gün saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.
"Hadisə nəticəsində xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır".
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
525.az-a nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından bir nəfər sağ çıxarılaraq xilas edilib.