525.Az

Yusif Rzayev: “Diplom işim “525" oldu”


 

Yusif Rzayev: <b style="color:red">“Diplom işim “525" oldu”</b>

Bu gün “525-ci qəzet”in 22 yaşı tamam oldu. 1992-ci il, noyabrın 17-də ilk sayı işıq üzü görəm qəzet daim oxucu kütləsi, maraqlı yazıları ilə seçilib.
 
 “Məlum oldu ki, artıq “Sabah” adlı nəşr qeydiyyatdan keçib. Beləcə, “525-ci qəzet” yarandı, qeydiyyat nömrəsini ad seçdik”. Bunu qəzetin baş direktorunun müavini Yusif Rzayev deyir.
 
- Ötən əsr 90-cı illərin əvvəllərində ölkədə Sovet dövrünün qadağalarından cana doymuş qələm adamlarının işində qəribə bir azadlıq təşnəsi, söz demək ehtirası yaranmışdı. Belə bir vaxtda da yeni tipli qəzetlər yaranmağa başladı. “525-ci qəzet” də elə o ərəfədə yarandı. Yeni qəzet yaratmaq ideyası Rəşad Məciddən gəldi. Məsləhətləşdik, belə qərara gəldik ki, bir qəzet yaradaq. Rəşad qəzetə “Sabah” adı təklif elədi və nizamnaməni, lazım olan sənədləri hazırlayıb Mətbuat və İnformasiya Nazirliyinə apardıq. O vaxt kütləvi informasiya vasitələri bu nazirlikdə qeydiyyatdan keçməli idi.

Ona redaktor olmaq təklifi də Rəşad Məciddən gəlib.
 

- Bu proseslər elə qəfil, elə sürətlə baş verdi ki, bunlara vaxt qalmadı heç, bir də gördüm prosesin içindəyəm. Dostlar sağ olsun, hamı yardım eləməyə çalışırdı. Bundan başqa uğur da bizim tərəfimizdə oldu.
 
Maraqlıdır ki, o, çalışdığı qəzeti diplom işi mövzusu götürür.
 
- Diplom işi ilə bağlı mövzu götürmək lazım idi. Diplom rəhbərim rəhmətlik Famil Mehdi idi. Mövzu barədə düşünəndə dedi ki, elə çalışdığın qəzeti götür mövzu kimi, redaktoru olduğun qəzeti müdafiə elə. O vaxt 17 sayı çıxmışdı qəzetin. Beləcə, diplom işim “525-ci qəzet” oldu.

Y. Rzayev tələbə vaxtından, ta bu günə qədər 22 ildir “525-ci qəzet”də işləyir.
 
- Mənim tez-tez iş yeri dəyişməklə aram yoxdu. Elə məni də yola vermək hər adamın işi deyil. Rəşad Məciddən yaxşı bunu kimsə bacarmaz. Bu illər ərzində burda qalmağım əslində daha çox Rəşad Məcidin xidmətidi.
 
“525”in qızıl dövrünü yenidən yaratmaq  özümüzdən asılıdı”

- Qəzetdə qalxmalar-enmələr dövrü olub. Təzə başlayanda çox həvəsli idik, sonra qəzetin səhifələrinin sayı artdı, onda da bir ara həvəslə işlədik – tədricən dövrülük də artdı, əvvəl həftədə 2, sonra 3 dəfə çıxmağa başladıq. Lap sonra isə həftədə 5 dəfə. Bir ara qəzetin həftəiçi sayları A2 formatda 16 səhifə, şənbə sayları isə A2 formatda 32 səhifə çıxırdı. Onda da çox həvəslə işləyirdik. Yəni insan həvəslə işləyəndə, işindən zövq alanda gördüyü iş də yüksəlişdə olur. “525”in qızıl dövrünü yenidən yaratmaq da əslində özümüzdən asılı olan işdi. Amma indi media aləmində buna tələbat yoxdu. Guya indi kim qızıl dövr qəzeti buraxır ki, biz qaldıq? Ümumi mənzərə eynidi hamı üçün.

Lent.az

 





17.11.2014    çap et  çap et