525.Az

Ayı əhvalatı (hekayə)


 

Ayı əhvalatı <b style="color:red">(hekayə)</b>

Vaxt var idi, kəndə çatanda kəndin səs-küyü, mənzərəsi, sacda bişən çörəyin ətri, qoyun-quzu axtaran insanların həyəcanlı səsləri, təsərrüfata dolan qazların, hinduşkaların quqqultuları istər-istəməz insanın fikrini özünə cəlb edərdi. Kəndimizin camaatı naşükür deyildi. Hərənin öz təsərrüfatı özünə çatırdı. Kolxozda da olurdu. Tanrıya çox şükür! Bizim kəndimizdə böyük-kiçik yeri həmişə gözlənilirdi. Bir sözlə, hamı bir-birinə qohum-əqrəba kimi müraciət edirdi. İnsan düşünəndə həyatın, yaşamağın mənasını səmimi həyat tərzində görür. Biz bu kiçik hekayəyə başlayarkən çalışdıq ki, söz yükümüz oxucunu yormasın, az da olsa, ona mənəvi cəhətdən nəsə versin.

İnsanların çoxu doğulduğu eli, obanı özünün müqəddəs ocağı hesab edir. Əgər bu belədirsə, o, heç vaxt yanılmır.

Ulularımız qeyd edir ki, insan xəlq olub dünyaya gələndən çox nəsillər dəyişmiş, formalaşa-formalaşa gəlib bu günə çıxmışdır. Təbii haldır ki, şəhərlə kənd arasında müəyyən fərqlər özünü göstərməyə başlamışdı. Oxumaq həvəsində olanlar şəhərə üz tuturdular. O vaxt şəhərə gedənlər indiki kimi rahatlıq tapa bilmirdilər. Qohum-əqrəbası olanlar onlara üz tuturdular, qohum-əqrəbası olmayanlar isə yataqxanalara gedərlərmiş. Belə çətinliklərə baxmayaraq, ali məktəbdə təhsil alanlarımızın sayı çox idi.

Kəndimizdə orta məktəb yeddinci sinfə qədər idi. Burada təhsil alanlar məktəbin bütün tələblərinə əməl edirdilər. Qayda-qanun son dərəcə ciddi idi. Dərsə gecikmək, gəlməmək çox ciddi yoxlanılırdı. Özünü xəstəliyə vuranları evlərində yoxlayırdılar. Məktəbdə dərs deyən müəllimlər dərsə ciddi yanaşırdılar. Bu səbəbdən məktəbin göstəriciləri həmişə yüksək olarmış.

Biz təhsilimizi davam etdirmək üçün Çay-Rəsullu kənd orta məktəbinə getməli idik. Başqa çarəmiz yox idi. Yolumuz çox uzaq idi. Valideynlərimiz bizim bu vəziyyətimizi yaxşı başa düşürdülər. Çalışırdılar ki, çox işlətməsinlər. Təsərrüfat bizsiz keçinmirdi. Mütləq valideynlərə əl-ayaq verməli idik. Bizim valideynlərimiz övlada münasibətdə əvəzsiz idilər. Böyüklərimizin bir sözü bizim üçün qanun idi. Biz çalışırdıq ki, gördüyümüz işlərlə bərabər onları aldığımız təhsillə sevindirək. Məşədi Rüstəmli nəslində qardaşlar müxtəlif xarakterdə olsalar da, öz vüqarlarını qoruyan kişilər olub. Biri qoçu Talıb, biri tacir Mehdi, biri aşbaz İsgəndər s. Bu qardaşlar içərisində Əşrəf kişinin xüsusi çəkisi vardı. Əşrəf kişinin elmə, tarixi hadisələrə çox marağı vardı. Əşrəf kişidə olan yumora hamı həsəd aparırdı. Qonum-qonşunun təəssübünü çəkən, hamıya əl uzadan kişi idi. Bir sözlə, Əşrəf kişi kənd camaatının sevimli insanlarından biri idi. Hamı ilə dil tapırdı. Çox mehriban insan idi. Hər kəs onun zarafatlarından zövq alırdı.

Bir gün Əşrəf kişi xəbər vermədən Çay-Rəsullu kəndinə gedir. Çay-Rəsulluda qardaşı oğlu Mənsur olurdu. O, xəbər göndəribmiş ki, Əşrəf əmiyə deyin, bir bizə gəlsin. Əşrəf kişi atını yəhərləyib Mənsurgilə gedir.

Mənsur kişi əmisini görən kimi boynuna sarılır, əmi, çox xoş gəlmisən, deyib atın qantarğasını ondan alıb atı məhlənin bir tərəfinə bağlayır. Balkonun altındakı taxtın üstünə otururlar.

- , qardaşoğlu, xeyirdimi? Mənimlə vacib işin var?

Mənsur sözə başladı:

- Əşrəf əmi, sən Məşədi Rüstəmli nəslinin nurusan. Hamı sizin nurlu qədəminizdən danışır. Mən çox fikirləşəndən sonra belə qərara gəldim ki, mən sizin kimi arı saxlayım.

Bu sözü eşidər-eşitməz Əşrəf kişinin yanaqlarına xoş təbəssüm gəldi:

- Bərəkallah, oğlum! Sənin ağıllı qardaşoğlu olduğunu bilirdim. İndi bunu sübut etdin. Hələ qalx bir çay tədarükü gör. Evinizə əmin gəlib. Nəslin-nəcabətinin adı-sanı var, qonaq qarşılamağı, yola salmağı hər kəs bilmir. Camaat sənin atanın qonaqpərvərliyindən danışır.

Mənsur kişi səhvini başa düşüb, qonşudan həyat yoldaşını çağırdı. Çox keçmədi ki, süfrədə hər şey var idi.

Əslinə baxanda Əşrəf kişinin çaya, yeməyə ehtiyacı yox idi. Bu da onun zarafatlarından biri idi. Mənsur kişi gördü ki, Əşrəf əmisi çox zəif yeyir.

- Ay əmi, sənin şərəfinə beçə kəsdirdim, niyə belə zəif yeyirsən?

- Ay oğul, mənim dediklərim bir zarafat idi. Həm günorta yeməyinin vaxtıdır. Dur, uşaqları da çağır gəlib yemək yesinlər. Babaları bu sifarişi onlar üçün vermişdi.

Mənsur kişi yerindən qalxıb Əşrəf əmisini öpdü.

- Sağ ol, ay əmi! Sənin hər bir kəlamın, gördüyün işlər bir məktəbdir, biz sizdən çox şey öyrənməliyik. Həm mənə yaxşı dərs verdiniz.

- Həəə..., oğlum, indi dur arılarını mənə göstər.

O, arıları, təcrübəsiz olduğuna görə, hara gəldi ora da qoymuşdu.

Əşrəf kişi sözə başladı:

- Oğlum, arı mənim həyatımdır. Əgər mənim dediklərimi qulağında tana etsən, səndən yaxşı arıçı olacaq. Birincisi, arı təmizliyi sevir, ikincisi, arının karobkalarını (arı yeşiklərini) üzü gündoğan tərəfə qoy. Üçüncüsü, arıdan qorxma, çalış onlar sənə öz mehrini salsın. Bəziləri soruşanda deyirsən arı səni tanımalıdır. Arı natəmiz insanları sevmir. Gülürlər.

Əşrəf kişi tələsmədən təmkin nümayiş etdirərək arıları bir-bir yoxladı, məsləhətlərini verdi.

- Qardaşoğlu, hər şey qaydasındadır, vaxtlı-vaxtında onların şərbətini verməyi yadından çıxartma. Mənim atımı gətir, gələndə evdəkilərə gəldiyimi deməmişəm. Yoxsa qarı məndən küsər.

Gülüşdülər. Mənsur kişi əmisini doqqaza qədər yola salıb, evə qayıtdı.

Çox yeyimcil olduğuna görə təkrar süfrəyə oturub yaxşıca qarnını doyuzdurdu. Əmisinin verdiyi təklifləri qeyd etdi.

Əşrəf kişi yol boyu Çay-Rəsulluda orta məktəbdə oxuyan şagirdlər, onların gedib- gələrkən necə əziyyət çəkdiklərini götür-qoy etdi. Öz-özünə, biz bir valideyn kimi o uşaqlara çox güzəşt etməliyik. Yoxsa dərsdən sonra onları işlədirik. Əşrəf kişinin ürəyi yumşaq idi, onlara acıyırdı. Uşaqlar da, sağ olsunlar, üstünlüyü ən çox oxumağa verirdilər. Belə desək, daha doğru olardı. Onlar həyat tərzlərindən çox razı idilər. Uzaq yolu gedib-gəlməyin öz ləzzəti var idi. Bir sözlə, səhər-səhər idman edirdilər.

Əşrəf kişi başını qaldıranda gördü ki, artıq kəndə çatıb. Kəndin başında Mirzə kişiyə rast gəldi. Salamlaşdılar, hal-əhval tutdular. Kəndimizdə bəzi yaşlı insanlar var idi ki, onlar camaat arasında çox görünməzdilər. Çox yaşlı kişilər kolxoz idarəsinin qabağına toplaşırdılar, ordan-burdan çox şirin söhbətlər edərdilər. Bir-birinin xeyrində-şərində başda olardılar. Amma Mirzə kişi belə yığıncaqlardan, məzəli söz-söhbətlərdən uzaq durardı. Arada bir Əşrəf kişi ilə zarafatlaşardı. Əşrəf kişi Mirzə kişinin xətrini çox istəyirdi, öz yumorundan da qalmırdı. Mirzə kişi çox çalışırdı, fürsət axtarırdı ki, o da Əşrəf kişiyə sataşsın.

Əşrəf kişi ilə bir xeyli söhbət etdi.

- Hardan gəlirsən, ay Əşrəf kişi?

Əşrəf kişi Mirzə kişiyə geniş məlumat verdi. Qardaşı oğlunun çağırdığını dedi. Mirzə kişi Əşrəf kişinin qoyunlarını yaxşı tanıyırdı.

- Yaxşı, sən Çay-Rəsulluya gedərkən davarları kimə tapşırmışdın?

- Bunu niyə soruşursan, ay Mirzə?

- Heç, bizim oğlan İdris dedi ki, Əşrəf əmimgilin qoyunu Duzdağ təpəsindən göyəbaxan tərəfə gedirdi.

- A Mirzə kişi, İdris indi hardadır, bir yaxşı soruşaq? O da heyvanların arxasınca getdi.

Əşrəf kişi atın başını döndərib Duzdağ təpəsinə getdi. Təpənin sağ tərəfində İdrisə rast gəldi.

- Ay oğul, bir yanıma gəl görüm.

- Baş üstə, Əşrəf əmi.

- Oğlum, bizim qoyunlar hansı tərəfə getdilər?

- Mən görmədim, Əşrəf əmi.

- Bəs atan dedi ki, sən ona demisən Əşrəf əmimin qoyunları göyəbaxan tərəfə gedirdi.

Balaca İdrisi gülmək tutdu.

- Niyə gülürsən, oğlum?

- Əşrəf əmi, atam sizinlə zarafat edib.

- Ayə, ay bala, bu boyda da zarafat olarmı?

Əşrəf kişi gülümsünərək atın başını döndərdi. Evə çatanda artıq hava qaralmışdı. Tavat ana eyvana çıxdı.

- Xoş gəlmisən, ay kişi! Haralardasan? Ürəyimizin yağını yedik, getdiyin yeri xəbər versən, qılıncının daşımı düşərdi?

- Ay arvad, desən haqlısan, günah məndədi. De görüm, heyvanlar gəldimi?

- Heyvanları çoxdan yerbəyer etmişəm. Sənə görə çox narahat olduq.

Əşrəf kişi həmişə olduğu kimi, atını rahatlayıb, dəstəmaz alıb namazını qıldı. Təkrar yuyunub süfrəyə oturdu, əməlli-başlı acımışdı. Həmişə olduğu kimi Tavat ana yaxşı süfrə açmışdı. Əşrəf kişi doyunca yedi.

- Əllərin var olsun, ay arvad, süfrən bol olsun!

- Nuş olsun, ay kişi! De görüm, hara getmişdin?

- Bizim o qardaş oğlu Mənsur çağırmışdı, bir-iki arısı var, məndən onları yoxlamağımı xahiş etdi. Mən sözündən çıxa bilmədim.

Əşrəf kişi Mirzə kişinin bu hərəkətini götür-qoy etdi, planlar cızdı.

Aradan on-on beş gün keçdi, bəlkə çox. Mirzə kişinin etdiyi hərəkət, demək olar ki, unudulurdu.

Günlərin bir günü göyəbaxan tərəfdən bir qaraçı ayısının qaçdığı barədə xəbər yayıldı. Doğrusu, kənd camaatının canına bir qorxu düşmüşdü. Hamı axşamları qapı-bacasını bərk-bərk  bağlayırdı. Uşaqlar, demək olar ki, tək gəzmirdilər. Bir sözlə, hamı təşviş içərisində idi.

Əşrəf kişi səhər tezdən durmuşdu. Heyvanları yerbəyer etdikdən sonra namazını qıldı. Bayıra çıxıb ətrafa göz gəzdirdi, hava bir az çiskəli idi. Yağış yağma ehtimalı hiss olunurdu. Çox böyük təsadüf nəticəsində dağların başında duman da var idi. Əşrəf kişi çox sevincək bir şəkildə öz-özünə, Mirzə kişi, qisas günü gəlib çatıb.

Günortaya doğru Əşrəf kişi Duzdağ təpəsi tərəfə getdi. Duman-çən aşağılara tərəf gəlirdi. Cibindən özü ilə götürdüyü əlcəyi çıxartdı, tələsmədən ayı ləpirinə bənzər ləpirlər düzəltməyə başladı. Bir xeyli məsafəni ayı ləpiri düzəldə-düzəldə otlaq tərəfə gəldi. Başını qaldıranda gözlərinə inanmadı. Bir az aralıda Mirzə kişinin oğlu öz qoyunlarının yanında xəndəyin sazaq tutmayan tərəfində mürgüləyirdi. Əşrəf kişi çox sevindi, ovunu əldə etmişdi. Ləpirləri başladığı tərəfə getdi. İdris isə öz aləmində mürgüləyirdi. Əşrəf kişi uca səslə:

- A bala, kimsən?

İdris titrəyə-titrəyə yatdığı yerdən sıçradı.

- Mənəm, Əşrəf əmi, İdris.

- A bala, bir mənim yanıma gəl.

İdris qaça-qaça Əşrəf kişinin yanına gəldi. Soyuqdan titrəyirdi. Əşrəf kişi onun bu vəziyyətini görüb yazığı gəldi.

- Ay oğul, belə vaxtda da çöldə yatarlarmı? Görmürsən, hər tərəfi duman-çən bürüyür?

- Ay Əşrəf əmi, yatdığımdan heş xəbərim olmayıb. Yaxşı ki, heyvanlar başqa yerə getməyib.

- Oğlum, indi buralarda tək gəzmək, heyvan otarmaq çox təhlükəlidir.

Əşrəf kişi əynindəki gödəkçəni çıxarıb ona vermişdi. İdris , az da olsa bir az isinmişdi.

İdris qoyunlara baxarkən, Əşrəf kişi dizini yerə qoyub İdrisi yanına çağırdı.

- var, ay Əşrəf əmi?

- A bala, ayının qaçdığı barədə bir şey eşitmisənmi?

- Əlbəttə, Əşrəf əmi.

Əşrəf kişi ayının ləpirlərini ona göstərməyə başladı. İdrisi qorxudan qan-tər basmışdı.

- Dur qaçaq, Əşrəf əmi!

Əşrəf kişi bir xeyli ayının ləpirlərini süzdü.

- Oğlum, görürsən? Ayı siz tərəfə gedib. Sən tez qaç atangilə xəbər ver, qapı-bacanı bərk-bərk bağlasınlar. Bu çox xatalı məsələdir.

İdris əynindən gödəkçəni çıxarıb Əşrəf kişiyə uzatdı.

- Əşrəf əmi, sənə qurban, bizim qoyunlar amanatı, - deyib, qaçmağa başladı.

İdris təngənəfəs özünü evlərinə çatdırdı. Rəngi qızarmışdı, qan-tər işərisində idi. Əvvəl atasını çağırdı, sonra "ana" deyə-deyə qışqırmağa başladı. Mirzə kişi bərk qorxmuşdu.

- olub, ay oğul?

-Ata, qapını bərk bağla, Göyəbaxandan qaçan ayı bizim məhləmizə girib. Ayının ləpirlərini özüm gözlərimlə gördüm.

Anası da gəlib çıxdı:

- Başıma xeyir, olub, ay oğul? Bir başdan danış, görək olub. Anası ərini çağırdı:

- Ay Mirzə, ay Mirzə, tez bura gəl, gör bu uşağa oldu? Uşağı qorxudan titrətmə tutmuşdu. Allah mənə ölüm ver deyib, dizlərinə döyürdü. Durub su dalınca getdi.

Anası suyun içərisinə kömür salıb oğluna verdi.

- İç, oğlum, bütün qorxuluğun bununla gedəcək.

İdris başına gələnləri olduğu kimi atasına danışdı.

- Ay qağa, Əşrəf əmim dedi ki, ayının boynunda zəncir var, deyirlər. Bizim çəpərə soxularkən çəpərə ilişibmiş.

İdrisi ata- anası sakitləşdirə bilmirdi. Birdən Mirzə kişini gülmək tutdu.

- Niyə gülürsən, ay qağa?

- Oğlum, bu tərəflərdə ayı-zad yoxdur. Bunlar hamısı Əşrəf kişinin uydurmalarıdır. O, ayı deyəndə məni nəzərdə tutub. Bizim aramızda bir az belə zarafatlar olur. Sən lap çox qorxmusan.

İdris çəpərdən çıxıb qoyunlarını gətirməyə gedəndə gördü ki, Əşrəf kişi onların qoyunlarını qabağına qatıb gətirir.

- İdris, oğlum, ayını görə bildinmi?

- Əşrəf əmi, sən mənim atamı deyirmişsən, onu ayıya oxşatmısan, - deyib, başını yelləyə-yelləyə qoyunları tövləyə doldurdu. Sonra bir tərəfə oturub öz-özünə gülməyə başladı.

 





18.11.2014    çap et  çap et