Ermənistanın müdafiə naziri Suren Papikyan rəhbərlik etdiyi nümayəndə heyəti ilə yenidən Fransaya səfər edib. Bu ölkənin mediası səfərin işgüzar xarakter daşıdığını yazsa da, Papikyanın Fransaya səfərinin gündəliyi ilə bağlı təfərrüatları açıqlamayıb. Əslində təfərrüatlar açıqlanmasa da, məlumdur ki, məqsəd hərbi əməkdaşlığı daha da gücləndirmək, silah tədarükünü sürətləndirməkdir. Əks halda, Ermənistanın müdafiə naziri Fransanı niyə su yoluna çevirsin. Ermənistanın dövlət rəsmiləri içərsində xarici səfər statistikasına görə Papikyan Fransaya səfərləri ilə rekorda imza atıb. Təbii ki, burda həm də Parisin Cənubi Qafqazda gərginik ocağı yaratmaq, yeni hərbi təxribatlara, müharibəyə təşviq etmək, Ermənistanla Azərbaycan arasında sülh prosesini pozmaq cəhdləri dayanır. Fransa-Ermənistan hərbi əməkdaşlığının mahiyyətini məhz bu təşkil edir.
Səfərdən əvvəl, dekabrın 12-də Suren Papikyan Fransanın Ermənistandakı səfiri Olivye Dekoti ilə görüşüb və Ermənistan-Fransa müdafiə sahəsində əməkdaşlıq gündəliyinə dair məsələləri və qarşıda duran vəzifələri müzakirə edib.
Yada salaq ki, hələ ötən ilin fevralında Fransanın müdafiə naziri Sebastyan Lekornu İrəvanda erməni həmkarı ilə birgə keçirdiyi brifinqdə bəyan etmişdir ki, Paris Ermənistanı hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək: “Əgər Ermənistan ehtiyac duysa, biz onun ixtiyarına qısa, orta və uzun mənzilli hava hücumundan müdafiə sistemləri verə bilərik... Fransız tədarükünün çeşidi erməni tərəfinin ehtiyaclarından asılı olacaq. Eyni zamanda, anlamaq lazımdır ki, fransız istehsalçıları hansı silahları, hansı müddət ərzində, nə qədər və hansı qiymətə tədarük etməyə hazırdırlar”.
Həmin səfər zamanı Ermənistanla Fransa arasında hərbi əməkdaşlığa dair sənədlər paketi də imzalanıb. Ötən ilin oktyabrında Fransada səfərdə olan Papikyan fransız həmkarı Lekornu ilə birgə silahlarının alınmasına dair razılaşmalar imzalayıblar. Bu sənədlər Ermənistanın tam olaraq hərbləşdirilməsinə xidmət edir.
Hərbi əməkdaşlıq sazişində Ermənistan Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sistemi alması da daxil idi ki, bu radar sistemi PUA, helikopter, qanadlı raketlər kimi təhlükələri aşkar etmək və izləmək qabiliyyətinə malikdir. “Ground Master 200” müasir radar sistemi 250 km uzaqlığında hava hədəflərini aşkar etmək imkanına malikdir. Sazişdə silah tədarükü ilə yanaşı, birgə təlimlərin keçirilməsi də daxildir.
Onu da vurğulayaq ki, Fransa bundan əvvəl də, eyni zamanda, İkinci Qarabağ müharibəsində də Ermənistanı müxtəlif yollarla silahla təmin edib. Məsələn, rusiyalı hərbi ekspert Ruslan Puxov bir müddət əvvəl bildirib ki, 2020-ci il müharibəsindən əvvəl Yunanıstan Ermənistan ordusuna Fransanın “Milan” tank əleyhinə sistemlərini verib. Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanın bir sıra silah-sursat vermək imkanları azaldıqda, Ermənistan Hindistan istehsalı olan yedəkli haubitsalar alıb. Ekspertə görə, çox güman ki, bu silahlar Fransa banklarının kreditləri ilə alınıb. O əlavə edib ki, Rusiyadan uzaqlaşan Ermənistan rəhbərliyi Azərbaycanla qarşıdurmada kömək edəcəyinə inanaraq, silah alışı ilə Parisə yaxınlaşmağa ümid edir, lakin bu, boş ümidlərdir.
Məlumdur ki, Ermənistanın Fransa ilə silah və hərbi texnika tədarükü üzrə sazişlərinin dəyəri bir neçə milyard dollar təşkil edir. Ermənistan bu müqavilələr çərçivəsində müasir artilleriya sistemləri, hava hücumundan müdafiə vasitələri və tank əleyhinə raket kompleksləri əldə edib. Ekspertlər düşünürlər ki, Ermənistanın həmin silahları alacaq qədər vəsaiti yoxdur və bunlar Paris tərəfindən pulsuz olaraq çatdırılır.
Məlumdur ki, ötən ilin iyununda Papikyan Fransaya səfər zamanı 36 ədəd “Sezar” özüyeriyən artilleriya sistemi alınmasına dair razılaşma imzalayıb. Bu silahlar yaxın 15 ay ərzində çatdırılmalı idi. İrəvan və Parisin “Sezar” özüyeriyən haubitsalarının tədarükünə dair müqavilə imzalaması faktını daha əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu açıqlayıb.
Göründüyü kimi, Fransa Ermənistanı hücum və öldürücü slahlatla təmin edir. Papikyanın budəfəki səfəri zamanı da bu istiqamətdə hansısa yeni razılaşmaya imza atılacağı istisna deyil. İrəvanın silahlandırılması Cənubi Qafqazda sabitliyin pozulmasına və gərginliklərin artmasına gətirib çıxara bilər. Bu, Makron hakimiyyətinin regionda onsuz da kövrək olan sülhü pozması, Ermənistanın hərbi potensialını artırmaqla onu yeni təxribarlara sövq etməkdir. Fransa- Ermənistan hərbi-texniki əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyi istisna deyil. Papikyanın səfəri də, dekabrın 10-da Ermənistan və Fransanın müdafiə nazirlikləri arasında gələn il üçün müdafiə sahəsində əməkdaşlıq proqramının imzalanması da bunu nümayiş etdirir. Qeyd olunub ki, tərəflər bu proqramla əməkdaşlığın gələcək inkişafı üçün xüsusilə müdafiə planlaması, hərbi təhsil, təlimlər, məşvərət yardımı, ordunun müxtəlif sahələrinin hazırlığı və hərbi-texniki sahədə və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsini müəyyənləşdiriblər.
Rəsmi Bakı isə dəfələrlə bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.
Siyasi şərhçi Elxan Şahinoğlu mövzu ilə bağlı bildirib ki, bir ölkənin müdafiə naziri il ərzində başqa ölkəyə bir neçə dəfə səfər edirsə, demək, həmin ölkə ilə hərbi əməkdaşlığı dərinləşdirməyə və oradan hərbi texnika almağa çalışır: “Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfər edib. Bu, onun il ərzində Parisə ilk səfəri deyil. Xəbərlərdə Papikyanın Parisə səfəri “işgüzar” adlandırılıb. Bundan bir neçə gün əvvəl Papikyan ABŞ-a da “işgüzar” səfər etmişdi. Fransa Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməyə və bu ölkəyə hərbi texnika, o cümlədən raket sistemləri tədarük etməyə hazırdır. Ermənistan hökuməti də bunu istəyir, ancaq İrəvan eyni zamanda hələ Rusiyadan tam qopa bilməyib. Ermənistan il ərzində Rusiyadan hərbi texnika almasa da, keçmiş illərdə bu ölkədən aldıqlarının həcmi o qədər böyükdür ki, onları NATO üzvü Fransadan aldığı və alacağı hərbi texnika ilə inteqrasiya etdirmək çətindir. Papikyan Baş nazir Nikol Paşinyandan aldığı təlimat əsasında bu məsələləri Parislə razılaşdırmağa çalışmalıdır. Digər tərəfdən, Ermənistan genarallarına etibar yoxdur. Paşinyan özü demişdi ki, orduda “5-ci kolon” mövcuddur, yəni erməni zabitlərinin bir qismi Rusiyaya bağlıdır. Həmin zabitlər Ermənistana göndərilən və ya göndərilməsi planlaşdırılan hərbi texnika barədə detallı məlumatları Rusiya hərbi kəşfiyyatına ötürə bilərlər. Paşinyan bu problemi həll etməyib. Vaşinqton və Paris Ermənistanla hərbi sahədə əməkdaşlıq edərkən, İrəvanın Rusiyadan nə qədər uzaqlaşa bildiyini də hesablamağa çalışırlar”.
çap et