525.Az

AMEA-da beynəlxalq elmi konfrans


 

AMEA-da beynəlxalq elmi konfrans<b style="color:red"></b>

Dekabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasında "Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada keçirilən konfransda AMEA Rəyasət Heyətinin üzvləri, Türkiyə, Pakistan, Çin, Hindistan, Cənubi Koreya, Vyetnam, Özbəkistan, Qazaxıstan və başqa ölkələrdən gəlmiş tanınmış alimlər, ədəbiyyat, mədəniyyət və elm xadimləri, KİV nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə AMEA-da Asiya xalqları ədəbiyyatına aid çap olunmuş kitabların sərgisinə baxıblar.

Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bugünkü konfransın uzun zaman diqqətdən kənarda qalmış Asiya ölkələri ədəbiyyatı ilə bağlı Bakıda keçirilən ilk beynəlxalq elmi konfrans kimi tarixi əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə Asiya ölkələri ilə bağlı silsilə tədqiqatların aparıldığını diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli bu məqsədlə AMEA-da Asiya ədəbiyyatını öyrənən ayrıca şöbənin yaradıldığını, Ədəbiyyat İnstitutunda Çin Mərkəzi, Pakistan Ədəbiyyatı Mərkəzi, Mehmet Akif Ərsoy Mərkəzi, Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzi, eləcə də Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzinin fəaliyyətə başladığını söyləyib. Qeyd edib ki, bütün bunlar Asiya ölkələrini əhatə etsə də, Akademiyada Qərb ədəbiyyatının tədqiqi də davam etdirilir, həmçinin alimlər Afrika ədəbiyyatını öyrənməkdə də maraqlıdırlar.

Ədəbiyyat İnstitutunda Dünya ədəbiyyatı və komparativistika şöbəsinin də fəaliyyət göstərdiyini söyləyən AMEA rəhbəri sözügedən şöbədə Qərb, Avropa və Amerika ədəbiyyatları ilə bağlı tədqiqatların aparıldığını diqqətə çatdırıb. Bundan başqa, o, Ədəbiyyat İnstitutunda Türk xalqları ədəbiyyatı və Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələri şöbələrinin fəaliyyət göstərdiyini qeyd edib.

Akademiya rəhbəri son illərdə AMEA-nın dünyanın ən nüfuzlu elmi qurumları olan Beynəlxalq Elmi Şuraya, Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına, həmçinin Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasına və Avrasiya Universitetlər Birliyi kimi akademik qurumlara üzv seçildiyini xatırladıb.

Çıxışının sonunda AMEA prezidenti Azərbaycan ədəbiyyatını, mədəniyyətini, ölkəmizi Asiya xalqlarına daha dərindən tanıtmaq, sözügedən sahələrin tədqiqatçıları ilə yaxından tanış olmaq və gələcəkdə ortaq layihələr formalaşdırmaq baxımından konfransın önəmini qeyd edib, beynəlxalq tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Najeeba Arif, Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutunun direktor əvəzi, professor Lu Yusong, Vyetnam Hanoy Universitetinin əməkdaşı Nguyen Van Çien, Özbəkistanın Fərqanə Dövlət Universitetinin Ədəbiyyatşünaslıq kafedrasının müdiri, professor Mənzurə Jurayeva, Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universitetinin əməkdaşı Janakul Sametova, Hindistanın Camiə Milliyə İslam Mərkəzi Universitetinin Xarici Dillər Departamentinin əməkdaşı, dosent Nouşad, Yaponiyanın ölkəmizdəki səfirliyinin attaşesi İvasaki Takamasa və Monqolustanın Azərbaycandakı fəxri konsulu Könül Əlizadə çıxış edərək konfransın Asiya ölkələri arasında elmi əlaqələrin genişlənəcəyinə töhfə verəcəyini biliriblər.

Tədbirdə Cənubi Koreyanın Seul Milli Universitetinin Koreya dili və ədəbiyyatı kafedrasının professoru Bang Min-Ho "Şərqi Asiya diskursu və Koreya ədəbiyyatının yeni gələcəyi", Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutunun direktor əvəzi, professor Lu Yusong "Çin ədəbiyyatının xalq mərkəzli təbiəti; təkamül və missiya", AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədli "Asiya ədəbiyyatında doğu-batı diskursu: Koreya, yapon və əfqan romanları konteksində" mövzusunda məruzələrlə çıxış ediblər.

Konfrans öz işini "Türk xalqları ədəbiyyatı", "Müqayisəli ədəbiyyatşünaslıq", "Şərqi Asiya xalqlarının ədəbiyyatı", "Cənubi Asiya xalqlarının ədəbiyyatı" seksiyaları ilə davam edib.

Beynəlxalq tədbir dekabrın 18-də başa çatacaq.

 





17.12.2024    çap et  çap et