525.Az

Əziz Musanın şeirləri


 

Əziz Musanın <b style="color:red">şeirləri</b>

PAYIZ YAĞIŞI

 

Elatı endirər dağdan, yaylaqdan,

Sarı yarpaqları tökər budaqdan,

Sellərin səs-küyü gələr uzaqdan,

Soyuyar günəşin odlu baxışı,

Həzin nəğmə çalar payız yağışı.

 

Titrəyər çiçəklər qəfil soyuqdan,

Ceyranlar üşüyər, çıxmaz oyuqdan,

Yellər xəbər verər qardan, sazaqdan,

Damlalar isladar torpağı, daşı,

Həzin nəğmə çalar payız yağışı.

 

Yenə qatarlaşıb durnalar köçər,

Ayaz göy otları oraqtək biçər,

Yayın hərarəti, istisi keçər,

Axar buludların qəmli göz yaşı,

Həzin nəğmə çalar payız yağışı.

 

Tər-təmiz yuyunar torpağın üzü,

Ağlar çeşmələrin dupduru gözü,

Döndərər bir arxa cığırı, izi,

Uca zirvələrin çatılar qaşı,

Həzin nəğmə çalar payız yağışı.

 

Salxım söyüdləri külək qamçılar,

Yastı təpələri döyər damcılar,

Çəkilər qüzeyə ağrı acılar,

Pozular torpağın əlvan naxışı,

Həzin nəğmə çalar payız yağışı.

 

Geyinər bağçalar sarı libası,

Görünər dağların ağı-qarası,

Sınar təbiətin isti havası,

Çaşar gözəllikdən bu yerdə naşı,

Həzin nəğmə çalar payız yağışı.

 

Dağların başına çökər çən, duman,

Çapar öz atını çöllərdə xəzan,

Qoşar Əziz Musa bir təzə dastan,

Dağlar yavaş-yavaş çağırar qışı,

Həzin nəğmə çalar payız yağışı.

 

TƏCNİS

 

Gülüm, bu həsrətin boyu qəlbimi?

Qar döyən qəlbimi dərdə sər indi.

Mən sənə vermişəm odlu qəlbimi,

Boş qalan köksümdə dərd əsər indi.

 

Ölürəm, ay gözəl, sənin dərdindən,

Səpibdi saçıma sənin dərdin dən.

İnamı, imanı hər gün dər dindən,

Olmuşam dərdindən dərdəsər indi.

 

çoxdu şaxtanı, ayazı yazan,

Artığa göz yumub, ay azı yazan,

Sən, ey Əziz Musa, ay yazı yazan,

Dərd sənin sevgilin, dərd əsərindi.

 

DEDİM

 

Dedim, saf eşqinlə döyünür ürək,

Dedin, inanmıram hər şirin dilə.

Dedim, ayırmasın qoy bizi fələk,

Dedin, məhəbbətdə naşısan hələ.

 

Dedim, bir məhəbbət Günəşiyəm mən,

Dedin, gözlərini bağlamasın çən.

Dedim, canım-gözüm, həyatım sənsən,

Dedin, gəl vurulma hər incə gülə.

 

Dedim, öz eşqimi sübut edərəm,

Dedin, çox danışma, çıxıb gedərəm.

Dedim, bir işıqlı, nurlu səhərəm,

Dedin, yanılırsan sən bilə-bilə.

 

Dedim, insafa gəl ,ey nazlı ceyran,

Dedin, bu sevgiyə bağlama güman.

Dedim, sən gözələ bu canım qurban,

Dedin, faydası yox, yalvarma belə.

 

Dedim, naz eyləmə gözəllər şahı,

Dedin, sözə baxmır bu ürək axı.

Dedim, mən yazığın nədi günahı,

Dedin, aşiq odu, sevə-sevilə.

 

DOST

 

O kəsə dost söylə ki,

Xoş gündə , darda da,

Tutsun sənin əlindən,

Sənin köməyin olsun.

Əgər dost istəyirsən,

Onda gərək sənin

Dosta qurban verməyə

Böyük ürəyin olsun.

 

XƏYANƏT

 

Sənin öz həyatın, mənim öz evim,

Axı bu sevginin mənası var.

Çalışma mən səni ürəkdən sevim,

Həsrətin, hicranın öz ağrısı var.

 

Bizi aldatmasın ötəri hisslər,

Eşqin, məhəbbətin betəri hisslər,

Ötüb keçəcəkdir bax, bu həvəslər,

Eşqin sağalmayan bir yarası var.

 

Ötəri sevgilər tez bitəcək,

Bu nazın, işvənin sonu yetəcək,

Sevdalar içində ömür itəcək,

Gizli məhəbbətin üz qarası var.

 

VƏTƏNDİ

 

Arzularla dolu könül,

Təbrizdə ağlayan bülbül,

Şuşadakı xarıbülbül,

Vətəndi, qardaş, Vətəndi.

 

Savalana uzanan yol,

Bəzzdə sınıb qırılan qol,

Arazla bölünən sağ, sol,

Vətəndi, qardaş, Vətəndi.

 

Qürbətdə göynəyən Göyçə,

Borçalıda qalan qönçə,

Dərbənddəki o daş küçə,

 Vətəndi, qardaş, Vətəndi.

 

Kərkükdən qayıdan durna,

Kəlbərə həsrət ana,

Göygöldə nazlanan sona,

Vətəndi, qardaş, Vətəndi.

 

Şəhriyarın daşan səbri,

Bəxtiyarın acı qəhri,

Bakıdakı şəhid qəbri,

Vətəndi, qardaş,Vətəndi.

 

QORXURAM

 

Qorxuram sənə göz dəyə,

Belə gözəllik olarmı?

Çox baxma qız, o güzgüyə,

Sənə oxşar gözəl varmı?

 

Sənə necə tərif deyim,

O qaş-gözünə yaraşsın,

Gəl gözümdə gizlən gözəl,

Qoy səni görən olmasın.

 

GÖZƏL OYNAYIR

 

Sanki bir ulduzdu axıb gəlibdi,

Ətirli güllərə baxıb gəlibdi,

Elə bil cənnətdən çıxıb gəlibdi,

İlahi, gözəl oynayır bu qız.

 

Tanrının zəriflik, incəlik payı,

Mat qoyub Günəşi, mat qoyub Ayı,

Yoxdu gözəllikdə bənzəri, tayı,

İlahi, gözəl oynayır bu qız.

 

Sanırsan ağappaq bir kəpənəkdi,

Hüridi, pəridi, nazlı mələkdi,

Meh ilə oynayan güldü, çiçəkdi,

İlahi, gözəl oynayır bu qız.

 

Yerlər , göylər kəsib səsini,

El-oba unudub əndişəsini,

Dinləyir dünyanın xoş nəğməsini,

İlahi, gözəl oynayır bu qız.

 

Məndə can qoymayır zalımın qızı,

Ruhumu canımdan ayırır nazı,

Gətirir ömrümə baharı, yazı,

İlahi, gözəl oynayır bu qız.

 

SƏN OLMASAN

 

Sən olmasan bu dünyada,

Axı necə yaşayaram,

Qaçar ömrün dadı, tamı,

Həsrət, hicran daşıyaram.

 

Sənsiz darıxaram,gülüm,

Gözlərimdən yaş tökərəm,

Sən olmasan bu dünyada,

 Kimin nazını çəkərəm.

 

O yerişin, o duruşun,

Söylə görüm kimdə olar.

Gözlərim görməsə səni,

Bağ-bağçanın gülü solar.

 

Ömrümün Günəşi, Ayı,

Sənsiz dünya, aləm yalan.

Sənsiz dərd-qəm üzər məni,

Bircə sənsən mənə qalan,

 

Mən eşqinlə qanadlanıb ,

Uca göylərdə uçaram.

Sən olmasan canım, gözüm,

Qəlbimi kimə açaram.


BACIM
ROZAYA

 

İnciməyə haqqın çatır, ay bacı,

Neçə vaxtdı görüşünə gəlmirəm.

Bilirsən ki, sənsən başımın tacı,

Vallah sənsiz daha deyib, gülmürəm.

 

Yazan yazıb taleyimə bu yolu,

Neyləyim ki, dərdim məndən ağırdı,

İstəyərdim yolu edəm su yolu,

Ha gizləndim, dərd-qəm məni çağırdı.

 

zamandı yuxu qaçıb gözümdən,

Harda qaldı o xoş günlər ,ay bacı.

Vallah indi zəhləm gedir özümdən,

Qərib yerdə ömür acı, gün acı.

 

Eşitmirəm neçə vaxtdı sözünü,

Fikirləşmə sənsiz ömrüm xoş keçir.

Əziz bacım, görməyəndə üzünü,

Bu ayrılıq ömür biçir, gün biçir.

 

Sənin mənə yaxşılığın çox olub,

Sən halımı soruşardın hər səhər,

Görəndə ki, halım bir az pozulub,

Gözlərini bürüyərdi bir qəhər.

 

Əziz bacım gəl bağışla sən məni,

Neçə-neçə xatirəni oyatdım,

Elə bilmə düşünmürəm mən səni.

Bir az da döz, bir gördün, qayıtdım.

   

ÖLDÜRDÜN

 

Canın yansın, can yiyəsi,

Məni öldürdün, öldürdün.

Güllərin təri, qönçəsi,

Məni öldürdün, öldürdün.

 

Süzdürdün ala gözünü,

Bal eylədin hər sözünü,

Çevirdin məndən üzünü,

Məni öldürdün, öldürdün.

 

Bu yeriş, bu duruş,

Başımda qalmayıb tay huş,

Noolar mənimlə barış,

Məni öldürdün, öldürdün.

 

Eşidəndə avazını,

Çəkə bilmirəm nazını,

Fələklər yazıb yazını,

Məni öldürdün, öldürdün.

 

Məni dərd-qəmə atmısan,

Alovmusan, ya odmusan,

Zalım qızı cəlladmısan,

Məni öldürdün, öldürdün.

 

XƏBƏRİN OLSUN

 

Bir qəmli görəndə yaşarır gözüm,

Bir həzin layladı hər qəmli sözüm,

Neyləyim əzəldən bəxtsizəm özüm,

Mən elə beləyəm, xəbərin olsun.

 

Özüm seçməmişəm əzablı yolu,

Dərd-qəmim qarıyıb, həsrətim ulu,

Deməyə sözüm çox, ürəyim dolu,

Bir aham, naləyəm, xəbərin olsun.

 

Daha sevinci qəm bilirəm mən,

Gündə yüz sınağa çəkilirəm mən,

Əzaba, ağrıya bükülürəm mən,

Ruhuma cələyəm, xəbərin olsun.

 

Dərd mənə vurğundu, mən dərdə vurğun,

Həsrət daşımaqdan olmuşam yorğun,

Seçib öz rəngini dərd mənə uyğun,

Hicrana köləyəm, xəbərin olsun.

 

Dərdə sinəgərən bir uca dağam,

Dərd qoymur yuxlayam, hər vaxt oyağam,

Mən Əziz Musayam, eşqə dayağam,

Əzabkeş Lələyəm xəbərin olsun.

 

ÇIXIB GET

 

Öyrətdin məni aha,

Batdın dərin günaha,

Tabım qalmayıb daha,

Yuxumdan da çıxıb get.

 

Anlamadım mən səni,

Ağlatdın hər gün məni,

Unut olub keçəni,

Yuxumdan da çıxıb get.

 

Alışdırdın bu odu,

Qaçdı ömrümün dadı,

Sevdin özgəni, yadı,

Yuxumdan da çıxıb get.

 

Çox incitdin məni çox,

Tay məni rahat burax,

Ürəyimdə yerin yox,

Yuxumdan da çıxıb get.

 

Eşqimə kəm baxmısan,

Sən evimi yıxmısan,

Həyatımdan çıxmısan,

Yuxumdan da çıxıb get.

 





19.11.2014    çap et  çap et