Azərbaycanın Gənclər-İdman və Xarici İşlər nazirliklərinin dəstəyi ilə reallaşan "Mən Azərbaycan haqda nə bilirəm?" adlı esse müsabiqəsi qaliblərinin yazılarından ibarət "Cənubi Afrikadan Azərbaycana. Alov keşikçilərinin macərası" adlı kitabın ikinci cildi çap edilib və təqdimatı keçirilib. Azərbaycanın CAR-dakı səfirliyindən bildirilib ki, bu kitab Cənubi Afrika Respublikasının (CAR) Cohannesburq şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi və CAR-da demokratiyanın bərqərar olunmasının 20 illiyinə həsr edilən "Qəbələdən Cohannesburqa. Musiqi sərhəd tanımır" adlı, klassik musiqi konserti çərçivəsində təqdim olunub və yeni nəşr barədə ətraflı məlumat verilib.
Tədbirdə Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxov çıxış edərək bildirib ki, sözügedən kitabın nəşrində əsas məqsəd bu ölkədə yaşayan insanlara Azərbaycan haqda məlumatların birbaşa öz vətəndaşlarının dilindən çatdırılmasıdır.
Daha sonra kitabın çap etdirilməsində səfirliyə dəstək göstərmiş "Paramount" şirkətinin, Afrikada Azərbaycan Dostları QHT-sinin nümayəndələri və esse müsabiqəsində iştirak etmiş bir neçə tələbə çıxış edərək yaradılmış şəraitə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.
Mərasimin sonunda qonaqlara sözügedən nəşrlər hədiyyə edilib.
Qeyd edək ki, təqdim olunan kitab CAR-da Azərbaycana həsr olunmuş sayca ikinci nəşrdir.
S.ABDULLAYEVA
çap et