525.Az

Yazıçılar Birliyində gənc yazar Altay Hüseynlinin kitabı təqdim olunub


 

Yazıçılar Birliyində gənc yazar Altay Hüseynlinin kitabı təqdim olunub<b style="color:red"></b>

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) gənc yazar Altay Hüseynlinin «Slevin» kitabının təqdimatı keçirilib.

Tədbiri AYB-nin Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, şair Səlim Babullaoğlu açaraq, müəllifi təqdim edib:

«Altayın kitabının burada təqdim edilməsi faktı bir daha təsdiqləyir ki, Yazıçılar Birliyinin qapısı həmişə gənclərin üzünə açıq olub və indi də belədir. Altay Hüseynli Heydər Əliyev adına liseyin 10-cu sinfində təhsil alır. Bu romanı təxminən 2-3 il əvvəl qələmə alıb. Yəni artıq onun yazıçı bioqrafiyası formalaşmağa başlayıb.

Mən bu kitabı saatyarıma oxuyub bitirdim və düşünürəm ki, qısa müddətdə oxunması da mətnin müsbət cəhəti və müəllifin uğurudur. Burada mənə təkcə ədəbiyyatçı kimi yox, insan kimi də təsirli gələn bir məqam da bu oldu ki, kitabın bir neçə yerində köməksiz evsiz-eşiksiz, çarəsiz adamlara mərhəmət hissini əks etdirən parçalar var.

Deməli, müəllif bədii ədəbiyyatın əsas cəhətlərindən birinin mərhəmət, insaniyyət aşılamaq olduğunu çox gənc yaşındaykən dərk edib». S.Babullaoğlu təqdimat mərasimində tanınmış ədəbiyat adamlarının iştirakını və əsər haqqında söyləniləcək fikirləri gənc müəllifə mənəvi avans, yaradıclıq stimulu kimi dəyərləndirib.

AYB-nin katibi, yazıçı İlqar Fəhmi Altay Hüseynlinin «Slevin» romanında müəllifin maraqlı təxəyyül, süjet qurma cəhdləri nümayiş etdirdiyini vurğulayıb. Yazıçı gənc müəllifə gələcəkdə özü üçün hansı üslubda yazacağı ilə bağlı konsepsiya müəyyənləşdirməyi, sistemli mütaliə ilə məşğul olmağı tövsiyə edib.

Təqdimat mərasimində yazıçı Elçin Hüseynbəyli, «Azərbaycan» jurnalının baş redaktoru İntiqam Qasımzadə, «Ulduz» jurnalının baş redaktoru Qulu Ağsəs, «Dünya ədəbiyyatı» jurnalının baş redaktoru Seyfəddin Hüseynli, professor Çingiz Abdullayev, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, kulturoloq Aydın Xan, Ədəbi Əlaqələr Mərkəzinin əməkdaşı Aytən Heydərova da çıxış edərək, kitab barədə fikirlərini bölüşüb, müəllifə yeni uğurlar arzulayıblar.

Kitabı diqqətlə mütaliə etdiyini bildirən publisist Nəcibə Bağırova həm “Slevin”, həm də müəllif barədə təəssüratlarını dilə gətirib: “Reallıq budur ki, yazı adamlarının böyük əksəriyyəti ədəbiyyata sevgi şeirləriylə gəlir. Altay müraciət elədiyi bu ideya və forma ilə, demək olar ki, bütün yaşıdlarını üstələyir... Romanda, bilərəkdən başqasını qatilə çevirən, özü istəmədən qatil olan günahkarlar da var, hər şeydən xəbərsiz bu günahkarların qurbanına çevrilənlər də. Müəllifin həyat və insan haqqındakı bütün düşüncələri bir neçə cümlədə öz ifadəsini tapır: “Həyatda başınıza bir çox pis hadisələr gəlirsə, bunun səbəbini heç yerdə axtarmayın. Tapmazsınız. Tək səbəb insanlardır. Insanlar...”

Gənc müəllif öz oxucusuna bu həqiqəti anlatmaq istəyir. Bu həqiqətə kimin nə qədər yaxın, ya uzaq olması isə yenə də oxucunun üzərinə düşər. Bizim üzərimizə düşənsə gənc yazara uğurlar arzulmaqdı. İnanıram ki, Altay özünə olan bu inamıyla, sözə olan sevgisiylə, zamanı gəlincə, daha yaxşı yazılar yazar”. 

Sonda çıxış edən Altay Hüseynli tədbirin təşkilində zəhməti olanlara və iştirakçılara minnətdarlığını bildirib.

S.ABDULLAYEVA

 





19.11.2014    çap et  çap et