|
|
|
|
Şakir Paşa ailəsinin həzin sonu
Bu günlərdə Üsküdarda qəhvə içərkən gözüm əsrarəngiz memarlığı olan bir məscidə sataşdı. Milli Saraylarda çalışan rəfiqəm tikilinin 1580-ci ildə Osmanlı dövlət adamlarından olan Şəmsi Əhməd Paşanın Memar Sinana inşa etdirdiyi "Şəmsi Paşa məscidi" olduğunu dedi. Sonra elə bir hekayədən bəhs elədi ki, tarix, memarlıq qaldı bir kənarda, rəfiqəmin ağzından çıxan hekayəni həyəcanla dinləməyə başladım. Doğrudur, məscidin dərin tarixi, qüsursuz memarlığı var, bu, görünən tərəfidir. Bir də sirr kimi küncə-bucağa ilişib qalan hekayələri var. Onlardan biri böyük yazar Cavad Şakir Kabaağaclının vaxtilə buraya sığınmağıdır. Bir yazıçı məscidə niyə sığınsın axı? Onu burada namaz qılmağa, ibadət etməyə sövq edən hansı çarəsizliyi imiş?
Yüksəliş və eniş
Kabaağaclızadələr dərin soykökü olan ailələrdən idi. Dövlət işlərində bir çox önəmli vəzifələrə təyin edilən ailənin ən parlaq dönəmi Əhməd Cavad Paşanın vəzir təyin edilməsi ilə başlayır. Cavad Paşanın özündən yaşca kiçik qardaşı Şakir Paşa da bir müddət onun yavəri olur. Daha sonra mühüm vəzifələrə gətirilir. Həmin önəmli vəzifələrindən biri də Afina səfiri olması idi. Təyinatının ilk vaxtlarında Paşanın oğlu dünyaya gəlir. Uşağa qardaşı Cavadın və öz adını qoyur. Atası ilə əmisinin adını daşıyan bu uşaq Türk ədəbiyyatına damğasını vuran Cavad Şakir Kabaağaclıdır. Digər adı ilə Halikarnas Balıqçısıdır. Şakir Paşa qardaşı Cavad Paşanın vəzifədən azad edildikdən sonra dövlət qurumlarındakı bütün vəzifələrindən istefa verərək Böyükadaya köçür və sakit bir həyat yaşamağa başlayır.
Ələ-ovuca sığmayan uşaq
Bu köçdən sonra oğlunu Robert kollecinə göndərir. Cavad nizam-intizamdan uzaq, amma istedadlı şagird imiş. Kollecdə Tevfik Fikrətlə tanış olur və bu ünsiyyət onu kitablara daha da yaxınlaşdırır. Ancaq çoxları üçün əlçatmaz olan Robert kolleci bütün üstünlüklərinə rəğmən, Cavad Şakir üçün həbsxanadan fərqlənmir. Ruhu daralır, heç yerə sığmır, divarlar üstünə gəlirdi. Sonralar etiraf da etmişdi, kollecin uşaqlıq illərinə kədərdən başqa heç nə qatmadığını. Atası ilə araları gərgin olan Cavadın həyatındakı ən önəmli hadisələrdən biri də Oksford Universitetində oxumaq üçün İngiltərəyə getməsi idi. Ancaq tələbəlik dönəmində nizam-intizam, qayda-qanuna uymaq məsələləri düzəlmək yerinə daha da betər olur. Ona görə də, üç ildən sonra Oksfordda təhsilini tamamlamamış ailəsinin yanına qayıdır.
Sonun başlanğıcı
Bu qayıdışla atası ilə münasibətləri xeyli pisləşir. Vəziyyət o həddə çatır ki, oğlan çarəni uzaqlaşmaqda, çıxıb getməkdə görür. Bu dəfə sevdiyi işi dərindən öyrənmək üçün Romaya üz tutur və İncəsənət Akademiyasında rəssamlıq üzrə təhsil alır. Həmin ərəfələrdə həyatını yerlə-yeksan edəcək qadınla tanış olur. Bu, italiyalı model Aqnesia Kafiera idi. Cavad ilə Aqnesiyanın eşqi ehtiraslı, çılğın və fırtınalı idi. Gah dalaşır, gah hər tərəfi qırıb-dağıdır, gah da heç nə olmamış kimi barışır və həyata qaldıqları yerdən davam edirdilər. Cavad 1912-ci ildə İstanbula - ata ocağına qayıdır, ancaq bu dəfə yanında həyat yoldaşı və bətnində körpəsi olur.
Şakir Paşanın isə həmin vaxtlar nə oğlunu görəcək gözü, nə də onun ailə qurmağına söz deyəcək vaxtı vardı. Çünki Paşa iflasın eşiyində idi. Salonikidə qurduğu işlər müharibəyə görə dayanmışdı, bu isə ailənin maddi olaraq batmağı demək idi.
Şakir paşa bu böhranlı vəziyyəti düzəltmək üçün ailəsi ilə birlikdə Afyondakı fermasına köçür və oradakı evdə yaşamağa başlayırlar. Fəqət, bundan sonra başı açılır və Cavadla aralarındakı davalar, mübahislər daha da şiddətlənir. Hər cür aşağılanma, təhqir olan ata-oğul münasibəti faciə ilə sonlanır. Gərgin günlərin birində Cavad əczaxanadan aldığı dərmanı ilə öncə evdəkiləri yuxuya verir. Ardınca Şakir Paşanın otağının qarşısına gəlir. Qapısında keşik çəkən iti öldürdükdən sonra içəriyə daxil olur və atasını bir mərmi ilə öldürür.
Qayınata ilə gəlinin eşq macərası
Əvvəlcə Cavadın bu cinayəti pul üçün törətdiyini deyirlər. Sonra qətlin əsl səbəbkarının Aqnesiya olduğu məlum olur. Sən demə, Şakir paşanın gəlini ilə eşq münasibəti varmış. Əslində verdiyi müsahibələrdə atası ilə olan gərginliyin uşaqlıq dönəmlərindən başladığına eyham vurur böyük yazar. Hətta bəzən davaların dözülməz həddə çatdığını deyir. Əslində atası sui-qəsddən qorxduğu üçün yanında bir neçə silah gəzdirirmiş. Həm zəngin, həm də siyasətçi olduğu üçün özünü buna məcbur hiss edirmiş. Həmin gecə aralarında münaqişə baş verdiyini deyən Cavad, öncə atasının silah çəkdiyini, sonra onun silahlarından birini götürüb Şakir Paşanı vurduğunu söyləyir. Açıqlamalarında atasından nifrət etdiyi, açıq-aydın görünür. Hətta həbsxanada ikən yuxuda uşaqlığını görəndə oyanıb yuxu olduğunu anlayanda sevindiyini deyir. Burdan isə məlum olur ki, yazıçının uşaqlığı ağır travma altında keçib. Doğrudur, bu cür açıqlamalar verir, ancaq atasını istəmədən öldürdüyünü və peşman olduğunu da söyləyir.
Cavadın atası ilə olan münasibətinə oğlu Sinan Kabaağac yanaşması da maraqlıdır: "Şakir paşa oğlunu Qərb kültürünə yönləndirir. Başqa torpağa əkdiyi toxum orada yetişib, qol-budaq olduqdan sonra onu Osmanlı adət-ənənəsinə uyğun yaşamağa məcbur edir və bunda kəskin davranışlar sərgiləyir. Burada belə bir sual yaranır, azad düşüncə tərzi ilə qidalanaraq inkişaf edən Qərbin bu "bitkisini", rəsmləri, qeydləri, kəlmələri, dəyərləri, ingilis ədəbiyyatını hansı Osmanlı dibçəyinə sığdıra bilərsən? Əgər cəhd edərsən, həmin "bitki" ya dibçəkdə solub gedər, ya da onu darmadağın edər deyir və bu açıqlaması ilə atasını suçlu olaraq görmədiyini isbat edir.
On beş illik cəza və Sultanın əfvi
Cavad Şakir, 15 il kürək cəzasına məhkum edilərək həbs olunur. Sonra Fərid Paşa ümumi əfv fərmanı imzalayır. Ancaq Cavadın həbsdən çıxmağı sual altında olur. İçəridə sağlamlığı ilə bağlı problemlər yaşayan Cavad, əfv edilməyi üçün Fərid Paşaya məktub yazır və onun mərhəmətinə sığındığını bildirir. Xeyli davam edən götür-qoydan sonra Sultan Vahdəddin Cavad Şakirin də əfv edilməyinə dair əmr verir. 1920-ci ildə azadlığa çıxır. Ailəsi və dostları ata qatili olan Cavaddan üz çevirdiyi üçün İstanbulda tək başına, maddi sıxıntılar içində, ortalıqda qalır. O da bu dönəm dərgaha sığınır və namaz qılaraq ruhunu arındırmağa çalışır, vaxtının çoxunu Üsküdarda Şəmsipaşa məscidində keçirir, orda yatır, orda durur.
Bir müddət belə davam edir. Özünə gəldikdən sonra Aqnesiyanı və qızını axtarmaq üçün Avropaya gedir. Burada ispan qadına aşiq olur. Bu münasibətdən bir oğlu dünyaya gəlir. Sonra İstanbula qayıdır. Bu dəfə dayısının qızı Həmidiyə xanımla ailə qurur. Bu evlilikdən sonra həyatını az da olsa sahmana salan Cavad müxtəlif qəzetlərdə hekayələr yazmağa başlayır. Bu dəfə həmin hekayələrdən birinə görə həbs edilərək Ankaraya aparılır. Edam cəzası ilə yarğılanan Cavadın bəxti yenə üzünə gülür və Bodruma sürgünə göndərilir. Bu, bir möcüzə olur. Çünki məhkəmənin hakimi qəddarlığı ilə tanınan Əli Çətinkaya idi. Cavadın belə bir adamın əlindən necə qurtulduğu müəmma olaraq qalır.
Cavad Şakir Kabaağaclı 1973-cü ildə vəfat edir. Həyatı boyu ata qatili damğasını üzərində daşıyır. Bəlkə də buna görə Halikarnas Balıqçısı ləqəbinin altına sığınır.
Yeri gəlmişkən, iki il əvvəl Cavad Şakir Kabaağaclının Bodrumda məzarını ziyarət etmiş, evini gəzmişdim. Bodrumun ən gözəl yerlərində onun izi var. Hətta Bodrumu Bodrum edən Halikarnas Balıqçısıdır desəm, daha doğru olar.
Yazıçının atasına məxsus Böyükadada yerləşən Şakir Paşa Yalısı isə təəssüf ki, iki gün əvvəl yanıb kül oldu. Ancaq heç bir od bu hekayəni kül edə bilməz. Çünki yaydan çıxan oxun geri qayıtma şansı yoxdur.