525.Az

“Whats App çıxaranın atasına rəhmət..."


 

“Whats App çıxaranın atasına rəhmət..."<b style="color:red"></b>

“Mədəni insanlar biri-birinə siz deyərək müraciət edir. Bunun tərəfdarıyam, amma müəllim sözündən xoşum gəlmir. Mənə Bəhram müəllim deyə müraciət etməyin”.

Bu fikirləri APA TV-nin efirində yayımlayan “Üç dama” verilişinin qonağı, rejissor, ssenarist və aktyor Bəhram Bağırzadə deyib.

Qonaq çalışdığı sahələrdən söz açıb: “Harada pul varsa, orada çalışıram. Çox şükür ki, Allah mənə intellektual inkişaf verib və mən öz beynimin məhsulu ilə qazanıram. Arzum var ki, qocalanda rayonların birində “Bəhramın qonağı” adlı kiçik bir kafe açım və orada çalışım. Amma indi hələ bunu reallaşdırmaq zamanı deyil. Çünki uşaqların təhsilini, tərbiyəsini və yaradıcılığımı atıb, ora gedə bilmərəm”.

Bəhram Bağırzadə arzularını dilə gətirib: “Allahdan hər zaman elə bir iş üçün dua etmişəm ki, həm həzz alım, həm də halal pulumu qazana bilim. İnsan xatirəsiz və arzusuz yaşaya bilməz. Adam xəyal və arzu etməyi unudanda yaşamır artıq. Gərək arzularla, məqsədlərlə yaşayasan. Mən inanıram ki, nə vaxtsa Allah bütün arzularıma çatdıracaq. Əgər onlar düzdürsə. Bu günə qədər nə arzulamışamsa, hər biri həyata keçib. Ancaq tək xatirələrə boylanıb, yaşamaq da düz deyil. Bu günlə yaşamalısan”.

Əfsanəvi “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun ən yadda qalan iştirakçılarından olan Bəhram Bağırzadə bu klubda əlindən gələn hər işi gördüyünü deyib: “Bu sahədə edə biləcəyim nə var idisə, həyata keçirdim. O, mənim üçün bir dönəm idi, yaşadım və vidalaşdım. İndiki bacarıqsız gənclərə baxanda, Anar Məmmədxanova rəhmət diləyirəm. O, elə bir komanda yaratmışdı ki, oranın hər bir üzvü öz işini mükəmməl bilirdi. Buna görə də biz qələbə qazandıq. Bizim komandaya maşın deyirdilər. Ermənistan da daxil olmaqla bütün komandalar bizdən qorxurdular. Çünki görürdülər ki, üstlərinə maşın gəlir. O maşın indi hissələrə bölünsə də, əlaqələrimiz kəsilməyib. Allah “Whats App” çıxardanın atasına rəhmət eləsin. Bizim orada “Parni iz Baku” (“Bakılı oğlanlar”) adlı qrupumuz var və dünyanın harasında olmağımıza baxmayaraq, bir-birimizlə əlaqə saxlayırıq. Orada hələ də KVN oynayırıq. Pis və yaxşı xəbərlərimizi də orada bölüşürük ”.

Bəhram Bağırzadə mərhum Anar Məmmədxanov haqqında fikirlərini bölüşüb: “O dünyasını dəyişəndə bizim 3-4 il idi ki, münasibətimiz yox idi. Danışırdıq, amma bir az məsafəli davranırdıq. Aramızda soyuqluq vardı. Ancaq Anar dünyasını dəyişəndə ən çox mən təsirləndim. Bizim münasibətlərimiz korlansa da, bütün məclislərdə və mediada hər zaman biri-birimizə hörmətlə yanaşırdıq. Bakılıların bir sözü var, biri-birimizi ayağa vermirdik. Mən onu çox istəyirdim və indi də istəyirəm. Balalarını da çox istəyirəm. Onlara tez-tez baş çəkirəm. Elə bir gün yoxdur ki, onlara zəng etməyim, sevinclərindən, kədərlərindən xəbərim olmasın”.

Qonaq bildirib ki, insanlara hörmətlə yanaşmaq xüsusiyyəti ona atasından keçib: “O, bütün etik qaydaları mənə öyrətmişdi. O, heç vaxt liftə qadınla birgə daxil olmazdı, hər zaman gözləyərdi. Onun bu xüsusiyyətləri mənə də keçib. Liftin qarşısında xanım olarsa və mən çox tələsirəmsə, o xanımdan həm üzür istəyirəm, həm də icazə alıram ki, olar mən sizinlə birgə qalxım. Hərdən mənə çox təəccüblə baxırlar. Amma bunlar mənim daxilimdən gəlir, mən obraz yaratmıram. Mən bu günədək heç kimə sən deyə müraciət etməmişəm, xüsusilə tanımadığım birinə. 1978-ci ildə olmuş hadisəni tez-tez dilə gətirirəm. Hələ uşaq idim, atamla yol gedirdim. Bir ağsaqqal çıxdı qarşımıza, atam ona əl verib, görüşdü. Mən də eynisini etdim, o kişi mənimlə də görüşdü. Uzaqlaşandan sonra bildim ki, bu, bizim dünya şöhrətli rəssam Mikayıl Abdullayev imiş.
O zaman atam məni başa saldı ki, özündən böyüyə əl uzatmazlar. Salam verərlər, amma gözləyərlər.

Qarşındakı insan əl uzatsa, sənin onunla görüşməyə ixtiyarın var. Bu yaxınlarda sanki başıma qaynar qazandan su tökdülər. 1978-ci ildəki hadisəni yaşadım. Oğlumla birgə dünya şöhrətli rəssam Sakit Məmmədovun emalatxanasına getmişdim. Mən əlimi uzadıb görüşdüm, oğlum Cavid də eynisini etdi. Səhnə o qədər tanış idi mənə. Və eyni qayda ilə oğlumu başa saldım. Növbəti dəfə o Sakit müəllimi görəndə, sadəcə salam verdi. Rəssam əl verdi və Cavid onun əlini tutdu. Bax onda sevindim. Genetika heç vaxt dəyişmir. Allah qoysa 30 ildən sonra oğlumdan da uşaqlarına bunu ötürəcək. Düzdür, mən atam kimi bütün bu xırdalıqları ötürə bilmirəm. Çünki atam kimi olmaq üçün mənə hələ yüz il də vaxt lazımdır. Bəlkə də mən heç vaxt onun kimi olmadım. Atam çox düzgün yaşayıb. Bu gün Allah ona vermədiklərini övladlarına verir və mən hər zaman ona rəhmət oxuyuram. İndi valideynlər övladlarına bu cür xırdalıqları izah etmirlər. Buna görə də itirə-itirə gedirik. Və problemlər yaranırsa, bunun səbəbini özümüzdə axtarmalıyıq”.

Bəhram Bağırzadə böyük iddialarla yaşayan adam olmadğını deyib: “Xırda, amma düzgün şeylər istəyirəm. Birinə alqış edəndə, yalnız deyirəm ki, Allah ürəyincə versin. Çünki Allah mənə ürəyimə görə verib. Mən 150 minlik avtomobil, 600 minlik təyyarə istəmirəm. Xırda-para şeylər diləyirəm, onu da Allah verir. Vacib deyil ki, sənin milyonların, qızılların olsun. Nə olursa ürəyincə olsun, yetər”.

Elədiyi hər bir işin peşəkarına çevrilməyi bacaran Bəhram çatışmayan cəhətindən də danışıb: “Aktyor, rejissor, ssenarist və rəssamlığı bacarıram. Mətbəxlə də aram pis deyil. Amma o zaman bir səhvimiz olub ki, xarici dili öyrənməmişəm. Bu gün mən ingilis, fransız dillərini bilsəydim, asanlıqla xarici filmlərə çəkilərdim. İndi dil öyrənmək üçün artıq çox gecdir. 20 yaşına qədər təhsil almalısan, 30 yaşadək evlənməlisən, 40 yaşına qədər isə pul qazanmalısan. Sonra da mümkündür, amma çox çətindir. İngilis dilini bilsəydim, indi Şekspiri orijinaldan oxuyardım. Yaxşı ki, heç olmasa rus dilini bilirəm. Rus ədəbiyyatını oxuyuram”.

Bəhram Bağırzadə karikaturaya olan marağından da söz açıb: “Karikaturanı bacardığım üçün çəkirəm.

Başqa rəsm növlərini bilsəydim, onları da yaradardım. Karikaturadan həm də zövq alıram. Mən hər zaman sevdiyim işləri eləmişəm. Əgər mənə desələr ki, bank sistemində işləyib, ayda 300 min manat maaş alacaqsan, mən razılaşmaram. Mən heç bir pul qarşısında sevmədiyim işlə məşğul olmaram. Hər gün rejimlə işləmək çətin gəlir mənə. Rəqəmlərdən baş açmaram. Hər dəqiqə pul köçürdərək işləsəm, ikinci gün infarkt olaram. Halbuki, 300 min çox yaxşı puldur. Bu o demək deyil ki, mən bank işinə pis baxıram. Yox, kim bacarırsa, lap yaxşı. Mən bacarmaram. Mən heç vaxt Dövlət Yol Polisi xidmətində çalışa bilmərəm.

Metropolitendə də işləyə bilmərəm. Bütün günü tuneldə qalmağı təsəvvür belə etmirəm. Amma orada çalışanlara hörmətim var. Çünki əziyyətli işdir. Mən milyonlar qazansam da bu işin öhdəsindən gələ bilmərəm”.

 





21.11.2014    çap et  çap et