525.Az

Unudulmaz...


 

...ZƏRDÜŞT ŞƏFİNİN ONSUZ KEÇƏN İLK DOĞUM GÜNÜNƏ

Unudulmaz...<b style="color:red"></b>

Aylar öncə göylərə doğulan insanın bu gün - yerdə doğulduğu gündür. Yeri doldurulan və bir də əsla doldurulamayacaq insanlar var həyatımızda. Bəziləri bu dünyadan karvanını zamansız çəkib getdikdən sonra geriyə sığınacaq tək bir liman qalar… Xatirələr. Bəlkə də çox şey silinə bilər hafizəndən, amma kiçik bir anın yaddaşında buraxdığı iz heç zaman itməz. Günlər, aylar və illər keçər, heç dolmaz içindəki o boşluq...

- Nə yaman arıqlamısan, sən ayaq üstdə ölürsən lap!..
- Sən də yaman qəşəngləşmisən, ay Zərdüşt, adamın sənə lap aşiq olmağı gəlir.
- Deyirlər, ölümqabağı adam gözəlləşir. Yəqin ölüm gözəlliyidir.
- Yaxşı də, yenə ölməkdən danışırsan? Bilmək olmaz, bəlkə mən səndən əvvəl öldüm.
- Yox, məndən əvvəl ölənə söyüş qoymuşam...

Son dəfə “Neftçilər” metrosunun yaxınlığındakı parkda oturub etdiyimiz söhbətin son akkordlarını belə vurmuşduq. İkimiz də bilmədən, hiss etmədən "ölüm" sözü dilimizə qonaq olmuşdu. Həmin gün mən barmağımı kəsmişdim, amma barmağımda bıçağın açdığı yara Zərdüştün boyun nahiyəsindəki şırımdan dərin deyildi və mən ilk dəfə onun ağır xəstə olduğuna onda inandım (əslindəsə, çoxdan bilirdim belə bir xəstəliyinin olduğunu). Amma onun öləcəyi ağlımın ucundan belə keçmədi o an. Çox şən idi, hətta sağalacağına özünü də, məni də qətiyyətlə inandırırdı. “Həkimlər deyirlər, yaxşı olacaq. Pisindən deyil” - dedi, sonra da gülümsəyərək mənə hədiyyə etdiyi “Başqa adamlar” kitabına yazdığı “Yaşamaq unutmaqla başlayır” cümləsini pıçıldadı.
Qismətin “Meqapolis hüznləri” kitabını neçə vaxt idi istəyirdim ondan, hər dəfə yadından çıxırdı. Həmin gün kitabı gətirmişdi. "Amma qaytararsan, - dedi. -  İçində Qismətin imzası olmasaydı bağışlayardım, ancaq yadigardı mənə".

Öləcəyinə heç vaxt inanmadı o.

Ölümün nə səsi var, nə nəfəsi. Bir anlıq hadisədir. Bütün bir ömrün bir saniyədə yox olmasıdır. Ölüm səssiz və soyuqdur. Ağ bir kəfənlə sonsuzluğa səfərdir. Sevdiklərimizi bir an içində sonsuza qədər itirməkdir. Biz Zərdüştü bir an içində itirdik. onu bir daha nə görə, nə də səsini eşidə biləcəyik. O bir an içində çıxıb getdi, amma biz onu bir ömür ürəyimizdə yaşadacağıq. Təzə və isti. İlk günkü kimi. Ta ölənə qədər.

Saatın əqrəbləri 12.00 üzərində dayananda telefonumun yaddaş kitabçasını açdım və “Z” hərfini yazan kimi ilk çıxan ad Zərdüşt Şəfi oldu. Öldüyünü unutdum həmin an: belə istədim, unutmaq istədim və düyməni basdım. Baxmayaraq ki, 3 aydan artıqdır, dəqiq bilirəm: 070 370 99 89-u yığanda eşidəcəyim cavab yalnız "Bu nömrəyə zəng çatmır" olacaq. Çünki Zərdüşt indi 3 aydan çoxdur ki, bütün zənglər üçün əlçatmazdır. Elə Əcəl zəngi üçün də.

“Yaşamaq unutmaqla başlayır” - yazmışdı bir vaxt. Yaşayırıq. Amma unutmamışıq da. Onu - unudulmaz Zərdüşt Şəfini...

 





19.11.2012    çap et  çap et