|
|
|
|
Fəxri VALEHOĞLU-HACILAR
Tarix elmləri doktoru, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri
(Əvvəli ötən sayımızda)
Batumun türk idarəçiləri ilə yerli ağqvardiyaçılar əməkdaşlıq edirdilər. Onların arasında kadet Prislibtiyan Maslov da var idi. P.Maslov Batumun komendantı olan türk zabitinə bu sözlərlə müraciət edərək həbsə atılmış ağqvardiyaçı zabitlərin azadlığa buraxılmasını xahiş etmişdi: "Tərəfinizdən Batum - hüquqən sizə məxsus olan və 40 il əvvəl zorla əlinizdən alınan köhnə şəhəriniz tutularkən biz ruslar sizə heç bir müqavimət göstərmədik. Əgər şəhərin müdafiəçiləri arasında ruslar da var idisə, onlar mövqelərə gürcülər tərəfindən məcburən aparılmışdılar. Biz Batumu sizə Brest müqaviləsi əsasında verdik və o gündən sizinlə səmimi müttəfiq və dostuq. Biz sizin gəlişinizə qəlbimizə yaxın müttəfiqlər kimi sevinirik və siz tamamən boş yerə qəlbən sizə sadiq rus zabitlərini həbs edirsiniz" [("Borğba" qəz., 1919, № 30 (286)].
Gürcü tarixçisi D.Cumburidzenin fikrincə, P.Maslov türkləri rusların onlara qarşı xoş niyyətli, gürcülərin isə antitürk yönümlü olduğuna inandıra bilmişdi. Əvvəlki hakimiyyət təmsilçilərinin bir hissəsi, o cümlədən şəhər dumasının qlasnılarının (deputatlarının) bir çoxu məhz buna görə Acarıstanı tərk etmişdi. Əvəzində şəhər duması, başlıca olaraq, Rus Milli Şurasının üzvləri olan rus deputatlarla doldurulmuşdu.
Batumda Osmanlı hakimiyyətinə qarşı siyasi və silahlı mübarizə çağırışlarına görə İslam Gürcüstanı Xeyriyyə Cəmiyyətinin sədri Məmməd bəy Abaşidze (Sancaqbəyzadə) və onunla birlikdə bir neçə Gürcüstan meyilli acar hüquq-mühafizə orqanlarının nəzarəti altına alınaraq Trabzon həbsxanasına göndərilmiş, cəmiyyətin rəhbər heyətinin digər üzvləri Batumdan deportasiya edilmişdilər. Bu sonuncular Tiflisdə İslam Gürcüstanı Azadlıq Komitəsini (İslam Gürcüstanının Təxlisi Cəmiyyəti) təsis etmişdilər. Komitəyə Gürcüstan Demokratik Respublikasının (GDR) hökuməti tərəfindən 25 oktyabr 1918-ci il - 28 avqust 1919-cu il tarixləri arasında ümumilikdə 1 milyon 975 min manat yardım göstərilmişdi. Komitənin mətbu orqanı "Samuslimano Sakartvelo//İslam Gürcüstanı" qəzeti də GDR-in maliyyə dəstəyi ilə nəşr olunurdu. 11 yanvar 1919-cu ildən gürcü və türk (osmanlı) dillərində işıq üzü görən bu qəzet səhifələrində antiosmanlı yönümlü məqalələrə geniş yer ayırırdı.
8 may 1918-ci ildə Acarıstanda Osmanlı yönümlü "Sədayi-millət" təşkilatı fəaliyyətə başlamışdı. Təşkilatın Batum vilayətinin demək olar ki, bütün bölgələrində və iri yaşayış məntəqələrində filialları və şöbələri yaradılmışdı. Təşkilatın xətti ilə həftədə 3 dəfə eyniadlı "Sədayi-millət" qəzeti çap olunurdu.
4 iyun 1918-ci il Batum müqaviləsinə görə, Osmanlı-Gürcüstan sərhədi Çolox çayı, Abastuman və Azqurun cənubundan keçmiş və beləliklə, Əlviyeyi-səlasədən başqa Axısqa və Axalkələk qəzaları da (Azqur və Abastuman məntəqələri istisna olmaqla) rəsmən Osmanlı hakimiyyəti altına verilmişdi. Bundan sonra Batuma Osmanlı hərbi naziri Ənvər Paşa səfər etmişdi. Ənvər Paşanın böyük bayramla qarşılandığını vurğulayan Tiflis mətbuatı Azərbaycan və Şimali Qafqaz nümayəndələrinin Ənvər Paşanın şərəfinə Batum bələdiyyəsinin ictimai zalında təşkil olunan ziyafətdə iştirak etdiklərini və səhəri gün hərbi nazir tərəfindən qəbul olunduqlarını yazırdı ["Saxalxo sakme" qəzeti, 1918, 15 iyun, № 257].
Batum konfransından sonra Acarıstanın gələcək taleyi ilə bağlı referendumun - plebisitin təşkili üçün aşağıdakı tərkibdə komissiya yaradılmışdı: E.A.Poray-Koşits (sədr), Mahmud bəy Əfəndiyev, K.A.Krasnitski, M.Volfenzon, İoseb Nakaşidze, Süleyman bəy Sancaqbəyzadə (S.Abaşidze), İ.İ.Kalfoğlu, Qriqol Gigineişvili, Gübner və M.L.Bünyadoğlu. Sadalanan şəxslərdən yalnız M.Əfəndiyev milliyətcə türk idi. O, Osmanlılar tərəfindən Batumun baş karantin həkimi vəzifəsinə təyin edilmişdi.
Komissiyanın 11 iyul 1918-ci ildə keçirilmiş toplantısında plebisitin açıq və ya gizli səsvermə yolu ilə keçirilməsi məsələsi müzakirə olunur. Toplantıda mövzuya münasibət bildirən komissiyanın üzvləri sırasında Mahmud bəy Əfəndiyev də olur.
O, çıxışında deyir: "Batum heç bir istisna təşkil etmir ki, hər yerdə açıq səsvermə keçirildiyi halda, onun sakinlərinə gizli səsvermə hüququ verək. Komissiyanın, bəzilərinin düşündüyü kimi, elə də böyük hüququ yoxdur. Bu, yalnız qubernator (mütəsərrif) yanında mövcud olan məşvərət orqanıdır. Səsvermə prosesində hər şey daha sadədir və heç bir məcburiyyət yoxdur. Gizli səsvermənin keçirilməsi isə qubernatorun tələblərinə ziddir" ["Ertoba" qəzeti, 1918, 16 iyul, №154].
Əlviyeyi-səlasənin əksər yaşayış məntəqələrində 1918-ci ilin iyun ayında, Acarıstanda isə 14 iyulda keçirilmiş plebisitdə səs verənlərin böyük əksəriyyəti Osmanlı idarəçiliyində yaşamağa üstünlük vermişdilər. 15 avqust 1918-ci ildə Əlviyeyi-səlasənin Osmanlı dövlətinə ilhaqı ilə əlaqəli xətti-humayun (sultanın fərmanı) yayımlanmışdı.
30 oktyabr 1918-ci il tarixli Mudros barışığı nəticəsində Osmanlı yenidən Brest-Litovsk müqaviləsinə qədərki sərhədlərinə çəkilmək məcburiyyətində qalmış, onların yerini ingilislər tutmuşdu.
Osmanlının tərk etməli olduğu Cənub-Qərbi Qafqaz bölgələrində - Batum, Qars, Ərdahan və Axısqa (Axalsıx) vilayətlərində əhalinin böyük əksərini müsəlmanlar təşkil edirdi. Türk hakimiyyətinə son verilməsi ilə yarana biləcək hakimiyyət boşluğu və xaosun qarşısının alınması, eləcə də mövcud tarixi təcrübədən qaynaqlanaraq türk-müsəlman əhaliyə qarşı qətliam və etnik təmizləmələrin önlənilməsi məqsədilə həmin bölgələrdə müvəqqəti yerli xalq hökumətləri, milli şuralar qurulmuşdu. 17 yanvar 1919-cu ildə sözügedən xalq hökumətlərinin təmsilçilərinin qatıldığı Böyük Qars Konqresi çağırılmışdı. Qars, Ərdəhan, Batum, Naxçıvan, Axısqa və Axalkələk bölgələrindən 131 nümayəndənin iştirak etdiyi konqresdə Cənub-Qərbi Qafqaz müvəqqəti milli hökuməti qurulmuş, 25 mart 1919-cu ildə isə həmin bölgələri əhatə edən təqribən 40 min km2 ərazidə Cənub-Qərbi Qafqaz Respublikası elan olunmuşdu.
Tiflisdə gürcücə nəşr olunan "Saxalxo sakme" qəzeti 18 dekabr 1918-ci ildə işıq üzü görmüş buraxılışında yazırdı: "Axalsıx-Axalkələyə gürcü ordusu daxil olduqdan sonra oradan qaçmış 4 bəy özlərini Batumda Axalsıx və Axalkələk qəzalarının müvəqqəti komissarı elan edibdir. Onlar həmin qəzalarda məskunlaşmış millətlər adından ingilislərə memorandum (hansısa məsələyə baxışı əks etdirən diplomatik sənəd - F.V.-H.) təqdim etməyi planlaşdırırlar. Onlara yerli azərbaycanlı həkim Əfəndiyev başçılıq edir. Onlar Cənubi Qafqaz ştatının (dövlətinin - F.V.-H.) yaradılmasını xahiş edirlər, gələcəkdə bu ştatın hansı ölkəyə birləşəcəyi barədə memorandumun müəllifləri heç nə demirlər".
19 dekabrda Batum limanına tam sahiblənən ingilislər 5 gün sonra - 24 dekabrda şəhəri də işğal etmişdilər və bununla Batumda ingilis hakimiyyəti dövrü başlanmışdı. 25 dekabrda general-mayor Ceyms Kuk-Kollis Batumun hərbi qubernatoru təyin edilmişdi. 30 dekabrda C.Kuk-Kollis Batumda mülki idarəçiliyi türklərdən alaraq Batum Rus Milli Şurasının sədri P.Maslova vermiş, səhəri gün Osmanlı mülki qubernatoru Cəmil bəyin dəftərxanasından türk bayrağı endirilmişdi.
Batumda Azərbaycan diplomatik təmsilçiliyinin təsis olunması və Mahmud bəy Əfəndiyevin konsul vəzifəsinə təyinatı qərarı
1918-ci ilin noyabr ayında o zaman Osmanlı sərhədləri daxilində olan Batum şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin də diplomatik təmsilçiliyinin ? konsulluğunun təsis olunmasına qərar verilir. Bu zərurət Batumun yerləşdiyi Acarıstan bölgəsinin Cənubi Qafqaz regionu üçün strateji əhəmiyyətindən, Azərbaycanın Osmanlı və Qərb ölkələri ilə iqtisadi-ticarət əlaqələrini, əsasən, bu şəhərdəki liman vasitəsilə həyata keçirməsi reallığından qaynaqlanırdı.
Batumda Azərbaycan konsulluğunun açılması məsələsini 1918-ci ilin sentyabr ayında Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri Əlimərdan bəy Topçubaşov gündəmə gətirmiş, hətta müstəqbəl konsul vəzifəsinin müvəqqəti olaraq həmin dövrdə Batumun baş karantin həkimi olan azərbaycanlı ziyalı Mahmud bəy Əfəndiyevə həvalə edilməsini təklif etmişdi. Belə ki, Paris Sülh Konfransında iştirak üçün Tiflis və Batum üzərindən İstanbula yola düşən Ə.Topçubaşov 1918-ci ilin 15 sentyabrında Batumdan Cümhuriyyətin Baş naziri Fətəli xan Xoyskiyə yazırdı ki, İstanbula sənədləri aparıb-gətirmək üçün kuryerlərə ehtiyac olacaq, "hələlik isə təsadüfən imkan yaransa, bütün korrespondensiyanı burada - Batumda həkim Mahmud bəy Əfəndiyevin adına göndərə bilərsiniz (Vladikavkazskaya, ev 4). O, hazırda baş karantin həkimi vəzifəsindədir; yeri gəlmişkən, bizim qaçqınlar təşkilatının üzvü olub. 12 ildir burada yaşayır, hamının hörmətini qazanıb. İndi bizə Batumda konsul qismində səlahiyyətli nümayəndəmizin olması çox zəruridir. Artıq bizim iştirakımızı tələb edən, xüsusilə ticarət xarakterli işlər var. Müvəqqəti olaraq bu işləri həmin Əfəndiyevə həvalə etmək olardı və o, buna həvəslə razılaşar, faydalı olmağa çalışardı. Karantin həkimi vəzifəsində olması ona əngəl törətməyəcək. Hələlik uyğun olan odur, sonra başqasını taparıq".
Elə həmin məktubda Ə.Topçubaşov Fətəli xandan ona yeni məzmunlu mandat göndərilməsini xahiş edir və yazır ki, "mən burada olmasam kuryer həmin sənədi Mahmud bəy Əfəndiyevə versin, o, mənə İstanbula göndərər".
(Ardı var)