|
|
|
|
Sabirabad rayon Mədəniyyət Mərkəzində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 1990-cı il 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
525.az xəbər verir ki, tədbirdə Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Sabirabad rayon Mədəniyyət Mərkəzinin və kənd mədəniyyət evlərinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə, Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Rəsm dərnəyi” üzvlərinin faciəni əks etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirin rəsmi hissəsi açıq elan olunduqdan sonra 20 Yanvar şəhidlərinin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Eldar Urufov 20 Yanvar faciəsinin tarixi, acı nəticələri həm də bu tarixin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanışı haqqında məlumat verib, Ümummilli lider Heydər Əliyevin öz xalqının səsinə hər kəsdən əvvəl səs verməsindən, bu faciənin geniş auditoriyaya çatdırılmasında göstərdiyi səylərdən söhbət açaraq faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.
Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ayşən Astanova bu faciəyə etiraz səsini birinci ucaldan Ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə dünyada hüquqi-siyasi qiymət verilməsinə nail olduğunu və hər il 20 Yanvar tarixinin Ümumxalq Hüzn günü kimi qeyd edildiyini diqqətə çatdırıb. Azadlıq uğrunda canlarından keçmiş vətən övladlarının o qanlı gündə müasir Azərbaycan tarixində qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını nəzərə çatdıraraq, qazanılmış müstəqilliyimizin əbədi və dönməz olduğunu vurğulayıb.
Daha sonra Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İnzibati-təşkilati iş sektorunun mütəxəssisi Mehralı Muradov Azərbaycan xalqının qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək onların əziz xatirəsinin daim dərin ehtiramla yad edildiyini bildirib.
Çıxış edənlər 20 Yanvar hadisələrinin həm ümumxalq faciəsi, həm də müstəqillik uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatı kimi Azərbaycan tarixinə həkk olunduğunu, Azərbaycan xalqının azadlıq uğrunda canlarını qurban edən şəhidlərin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutulduğunu vurğulayıblar.
Tədbirin bədii hissəsi Sabirabad rayon Mədəniyyət Mərkəzinin Adil İsgəndərov adına Xalq Teatrı üzvlərinin iştirakı ilə “Siz torpaq uğrunda ölənlərsiniz” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Qeyd edək ki, tədbirdə Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının hazırladığı 20 Yanvar faciəsi haqqında məlumatlar və faciənin dəhşətlərini əks etdirən fotolardan ibarət “Azadlığa gedən qanlı yol” adlı guşə nümayiş etdirilib.